AMEA
İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) Dünya
Bankının İKT fənn kurikulumunun tətbiqi üzrə beynəlxalq
eksperti Sayyora Raxmankulova ilə görüş keçirildi.
Görüşdə dünya üzrə yeni təhsil standartları, təhsildə
informasiya-kommunikasiya texnologiyalarının (İKT)
tətbiqi, kurikulum proqramının məqsədi və perspektivləri
məsələləri müzakirə olundu. Həmçinin Azərbaycanda təhsil
müəssisələrinin İKT ilə təminatı və təhsilin
informasiyalaşdırılması siyasətinin reallaşdırılması
məqsədilə görülən işlər və həyata keçirilən layihələr
haqqında ətraflı məlumat verildi.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru,
AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev Avropa
təhsil məkanına inteqrasiya prosesinin
sürətləndirilməsi, inkişaf etmiş dövlətlərin bu sahədəki
təcrübəsinin mənimsənilməsi və ölkənin ümumtəhsil,
həmçinin ali təhsil müəssisələrində İKT-nin geniş
tətbiqi məqsədinə xidmət edən kompleks tədbirlərin
həyata keçirildiyini və bu prosesin ölkə Prezidenti
tərəfindən dəstəkləndiyini bildirdi. "Azərbaycan - 2020:
gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması
barədə Azərbaycan Respublikası Prezidentinin
sərəncamından irəli gələn vəzifələr və görüləcək
işlərdən danışdı.
Professor təhsildə İKT-nin tətbiqini müasir dövrdə bu
sahədə innovativ inkişafın əldə olunması baxımından
mühüm vasitə kimi dəyərləndirdi. "2008-2012-ci illərdə
Azərbaycan Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət Proqramı"
çərçivəsində görülən işlər, həyata keçirilən layihələr
və əməkdaşlıq əlaqələri haqqında məlumat verdi,
informatika müəllimləri üçün yeni İKT bilikləri,
proqramlaşdırma ilə bağlı tədrisin aparılması və
olimpiadaların təşkilinin əhəmiyyətini vurğuladı,
institutun Tədris-İnnovasiya Mərkəzində bu sahənin
inkişafı məqsədlərinə xidmət edən Olimpiya Mərkəzi və
"Gənc proqramçılar məktəbi" layihələri haqqında söhbət
açdı.
Görüşdə həmçinin İKT-nin biznes və idarəetmədə, səhiyyə,
ictimai və humanitar elmlərdə və s. sahələrdə tətbiqi,
yeni nailiyyətlərin əldə olunması, bu sahədə mövcud
problemlər və onların həlli məsələləri müzakirə olundu,
təklif və tövsiyələr bildirildi.
Sonra qonaq İTİ-nin Tədris-İnnovasiya, Multimedia və
Distant Tədris mərkəzləri, AzScienceNet monitorinq və
təhlükəsizlik xidməti, burada görülən işlər, həyata
keçirilən layihələr, o cümlədən müasir texnologiyalarla
təchiz olunmuş auditoriyalar və digər informasiya
texnologiyaları ilə yaxından tanış oldu, gələcək
əməkdaşlıq perspektivləri müzakirə olundu. |