"Təhsil
haqqında" Azərbaycan Respublikasının Qanununda ümumi
təhsilin müddəti 11 il müəyyənləşdirilmişdir: ibtidai
təhsil (I-IV siniflər), ümumi orta təhsil (V-IX
siniflər), tam orta (X-XI siniflər). 9 illik ümumi orta
təhsil icbaridir. Tam orta təhsil səviyyəsində təhsilin
təmayüllər üzrə təşkili nəzərdə tutulmuşdur.
Beynəlxalq təcrübəyə nəzərə salsaq, inkişaf etmiş əksər
dövlətlərdə (ABŞ, İngiltərə, Almaniya, Yaponiya,
Finlandiya, Hollandiya, İsveç və s.) ümumi təhsilin
müddəti 12 il və daha artıqdır. Hazırda dünyada çox az
ölkə var ki, bunlarda həmin müddət 10 (11) il təşkil
edir.
12 illik ümumi təhsilin prioritet qəbul olunduğu bir
vaxtda dinamik iqtisadi inkişaf tempinə malik
Azərbaycanda bu modelin tətbiqi zəruri ehtiyac kimi
meydana çıxır. Ölkəmizdə aparılan təhsil islahatlarının
uğurlu nəticələrindən biri kimi mütərəqqi dünya
təcrübəsi əsasında yeni dövlət təhsil standartlarının
qəbul edilməsi, ümumi təhsilin məzmununun şəxsiyyətin
formalaşdırılmasına, şagirdlərdə təfəkkürün, məntiqi
düşüncənin, tədqiqatçılığın, ünsiyyət mədəniyyətinin və
digər zəruri həyati bacarıqların inkişafına yönəldilməsi
və bununla da pedaqoji kadrlara, şagirdlərin hazırlıq
səviyyəsinə verilən tələblərin xeyli yüksəlməsi, təlim
texnologiyalarının mahiyyət etibarı ilə yeniləşməsi,
təhsildə inteqrativlik meyillərinin güclənməsi hazırkı
dövrdə 12 illik təhsilə keçidi şərtləndirən başlıca
arqumentlərdən hesab edilir. Təbii ki, yeni vəzifələri
yalnız yeni meyarlarla həyata keçirmək mümkündür.
12 illik ümumi təhsilə keçidi hazırkı müddətin mexaniki
sürətdə 1 il artırılması kimi başa düşmək düzgün
deyildir. Bu, çox mürəkkəb, ciddi hazırlıq və gərgin
əmək tələb edən prosesdir. İlk növbədə, təhsil
rəhbərləri, pedaqoji kollektivlər və valideynlər
psixoloji cəhətdən həmin prosesə hazır olmalıdırlar, bu
məqsədlə geniş maarifləndirmə işləri görülməlidir. Eyni
zamanda ümumtəhsil məktəblərinin tədris planları, təhsil
proqramları (kurikulumları), dərsliklər yenidən
işlənməli, müvafiq normativ-hüquqi sənədlərdə
dəyişikliklər edilməlidir.
12 (13) illik ümumi təhsilin tətbiq olunduğu ölkələrdə
təhsil səviyyələri üzrə müddət müxtəlif cür
modelləşdirilir. Bəziləri ibtidai, digərləri isə, bizim
terminologiya ilə desək, ümumi orta təhsilin müddətinə
önəm verirlər.
Uzun müddətdir ki, Azərbaycanın 11 illik ümumi
təhsilində 4+5+2 modeli tətbiq edilir. "Təhsil haqqında"
Qanuna görə, 9 illik ümumi orta təhsil icbari elan
olunduğundan 12 illik təhsilə keçid zamanı məhz ümumi
orta təhsil səviyyəsinin müddətinin 1 il artırılaraq 10
il müəyyən edilməsi və beləliklə də 12 illik ümumi
təhsilin 4+6+2 şəklində modelləşdirilməsi daha
məqsədəuyğundur. Bu, gələcəkdə yalnız icbari ümumi orta
təhsil almaqla kifayətlənən şagirdlərin fənlər üzrə
bilik və bacarıqlara yiyələnməsinin səmərəliliyini
xeyli artıra bilər.
12 illik ümumi təhsilə keçid ideyası ictimaiyyətə məlum
olduqdan sonra yəqin ki, hamını bu sual daha çox
maraqlandırır: yeni təhsil modelinin üstünlükləri nədən
ibarətdir? Bunları, əsasən, aşağıdakı kimi qruplaşdırmaq
olar:
*
Tədris proqramları nisbətən yüngülləşəcək, şagirdlərin
fənlər üzrə həftəlik təlim yükü azalacaqdır.
*
Təhsil proqramlarının yüngülləşməsi ilə tədris
prosesində psixoloji gərginlik minimuma enəcək və bu
amil şagirdlərin sağlamlığına, təhsilin keyfiyyətinə
müsbət təsir göstərəcəkdir.
*
Proqram materiallarının, əsasən, sinifdə mənimsədilməsi,
ev tapşırıqlarının həcminin nisbətən azalması,
şagirdlərin inkişafetdirici tədbirlərə cəlbi üçün
imkanlar genişlənəcəkdir.
*
Əlavə dərs saatları yaranacaq və bu, müəllimlərin maddi
vəziyyətinin yaxşılaşması ilə nəticələnəcəkdir.
*
11-12-ci sinifləri əhatə edəcək tam orta təhsil
səviyyəsində təhsil şagirdlərin meyil və marağı əsasında
müxtəlif təmayüllər üzrə xüsusi tədris planları və
təhsil proqramları (kurikulumları) tətbiq edilməklə
təşkil olunacaqdır ki, bu da ali məktəblərə hazırlıq
üçün hərtərəfli şərait yaradacaq və repetitorluğun
qarşısını xeyli alacaqdır.
Aydın ƏHMƏDOV,
Təhsil Nazirliyinin şöbə müdiri |