ABŞ Dövlət Departamentinin təşkil etdiyi "Ali təhsil və
gələcək karyera planlaması" proqramı başa çatmışdır.
Azərbaycanın ABŞ-dakı səfirliyindən AzərTAc-a
bildirmişlər ki, proqram yanvarın 28-dən fevralın 18-dək
Vaşinqton, Portland, Los-Anceles, Hantsvil, Nyu-York və
digər şəhərlərin aparıcı ali təhsil müəssisələrində
həyata keçirilmişdir.
"Ali təhsil və gələcək karyera planlaması" proqramında
ölkəmizi Qafqaz Universiteti karyera planlama mərkəzinin
müdiri İsa Qasımov, Azərbaycan Dövlət İqtisad
Universitetinin nümayəndəsi Fuad Əliyev, Xəzər
Universitetinin nümayəndəsi İsgəndər Ağayev və Odlar
Yurdu Universitetinin nümayəndəsi Səbinə Əliyeva təmsil
etmişlər.
Proqramın məqsədi ABŞ-ın ali təhsil sistemi haqda
hərtərəfli anlayış yaratmaq və bu ölkənin kollec və
universitet strukturlarının inzibati, təhsillə bağlı,
təcrübəli məsləhətçilərlə görüşlər, akademik təhsil,
karyera, maliyyə yardımı, doktorantura, xaricdə təhsillə
və başqa məsələlərlə bağlı təcrübələr əldə etmək idi.
Proqram əsasında ABŞ-ın ali təhsil sistemi və
universitet-sənaye əlaqələri, eləcə də təhsilin
inkişafında ictimaiyyətin rolu və karyera planlama
fəaliyyətləri ilə bağlı 30-dan çox seminar-görüş
keçirilmişdir.
Proqram çərçivəsində Azərbaycan nümayəndə heyəti
ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanovla görüşmüşdür.
Görüşdə ABŞ - Azərbaycan əlaqələrinin inkişafı, iki ölkə
arasındakı siyasi, iqtisadi və mədəni sahələrdəki
əməkdaşlıq yüksək qiymətləndirilmişdir.
Vaşinqtonda Türk Amerikan Alyansının prezidenti Dr.Faruk
Taban və onun rəhbərlik etdiyi kollektivlə görüş də
təşkil edilmişdir. Həmçinin nümayəndə heyəti Los-Anceles
Birləşmiş Məktəb Dairəsi - Banning (Phineas Banning High
School) orta məktəbinin 12-ci sinfində "Beynəlxalq
biznes təcrübəsi firması" mövzusunda keçirilən dərsi
müşahidə etmişlər. Proqram iştirakçıları şagirdlərə
ölkəmiz haqqında ətraflı məlumat vermiş, Azərbaycanın
bayrağı və digər hədiyyələri təqdim etmişlər.
Azərbaycan nümayəndə heyəti Alabama ştatının aparıcı ali
təhsil müəssisələrindən olan Oakvood Universitetinin,
Alabama Universitetinin Hantsvil filialının, Calhoun
Kollecinin, eləcə də "Jacobs Engineering" və "Science
and Technology Services" şirkətlərinin və Alabama
Kollecləri Məsləhətvermə Assosiasiyasının laboratoriya
və texnopark imkanları ilə tanış olmuş, bu müəssisələrdə
sənaye ilə əlaqələrin təşkili üzrə müşahidələr
aparmışlar.
Müşahidələr əsasən, tədrisin praktikaya uyğun təşkil
olunmasında sənayenin prinsipləri üzrə qurulmuş
texnoparkların fəaliyyəti aspektində baş tutmuşdur. |