Azərbaycan Respublikası Təhsil Nazirliyinin
03.12.2011-ci il tarixli kollegiya iclasında
2012-2013-cü tədris ilində respublikanın ümumi təhsil
müəssisələrinin V siniflərində işləyəcək müəllimlər üçün
fənn kurikulumlarının tətbiqi üzrə təlimlərin təşkili
ilə bağlı məsələ geniş müzakirə olunaraq qeyd edilmişdir
ki, ümumi təhsil sistemində həyata keçirilməkdə olan
məzmun islahatları, o cümlədən yeni fənn
kurikulumlarının, qiymətləndirmə sisteminin tətbiqi,
müasir təlim metodlarının təlim prosesində istifadəsi
pedaqoji kadrların ixtisasının artırılması zərurətini
yaratmışdır. Bununla əlaqədar respublikanın bütün
ümumtəhsil məktəblərinin ibtidai sinif müəllimləri
xüsusi proqram əsasında fənn kurikulumlarının tətbiqi
üzrə ixtisasartırma təhsilinə cəlb olunmuşdur. 2010-cu
ildən başlayaraq ixtisasartırma təhsili sahəsində yeni
modelin tətbiqi və modul-kredit sisteminə keçidlə
əlaqədar tədbirlər həyata keçirilməkdədir.
Belə ki, 2010-2011-ci dərs ilində I siniflərdə dərs
deyəcək ibtidai sinif müəllimləri üçün təlim kurslarının
təşkili məqsədilə Təhsil Sektorunun İnkişafı üzrə İkinci
Layihə (TSİİL) çərçivəsində respublikanın bütün rayon və
şəhərlərini əhatə etməklə 12 iqtisadi zona üzrə
təlimlərin həyata keçirilməsi nəzərdə tutulmuş və bu
məqsədlə keçirilmiş tenderin nəticələrinə əsasən 4
təşkilat: "Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi", "İnkişaf"
Elmi Mərkəzi, "Azad Müəllimlər Birliyi", "Şəxsiyyətin
inkişafı və yeni pedaqoji texnologiyalar üzrə İctimai
Birlik" təlim kurslarını keçirmək hüququ qazanmışdır.
2010-cu ilin iyun-sentyabr aylarında 112 təlim
mərkəzində yaradılmış 355 qrupda 109 təlimçi tərəfindən
7778 nəfər ibtidai sinif müəllimi 6 günlük (36 saat)
təlim kursundan keçmiş, əldə etdikləri bilik və
bacarıqların səviyyəsinə uyğun olaraq onlara
sertifikatlar verilmişdir.
6 günlük təlim kursunun müəllimlərə müvafiq bilik və
bacarıqların aşılanması üçün kifayət etmədiyi nəzərə
alınaraq, 60 saatlıq (10 günlük) tədris planı və proqram
hazırlanıb təsdiq edilmişdir. 2011-2012-ci dərs ilində
1-ci siniflərdə dərs deyəcək ibtidai sinif
müəllimlərinin fənn kurikulumlarının tətbiqi sahəsində
nəzəri və praktik hazırlığını təmin etmək üçün təlim
kurslarını təşkil edəcək təşkilatları müəyyənləşdirmək
məqsədilə 2011-ci ilin yanvar-may aylarında tender
keçirilmişdir. Tender komissiyasının qərarına əsasən
respublikanın bütün rayon və şəhərləri əhatə edilməklə 9
iqtisadi zona üzrə təlimləri keçirmək hüququnu Abşeron,
Aran, Dağlıq Şirvan və Yuxarı Qarabağ iqtisadi zonaları
üzrə "Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi", Bakı
şəhəri və Lənkəran iqtisadi zonaları üzrə "İnkişaf" Elmi
Mərkəzi, Gəncə-Qazax iqtisadi zonası üzrə "Azad
Müəllimlər Birliyi", Şəki-Zaqatala iqtisadi zonası üzrə
"Yaşlıların Təhsili Assosiasiyası" İctimai Birliyi,
Quba-Xaçmaz iqtisadi zonası üzrə "Təhsilin
humanistləşdirilməsi İctimai Birliyi" qazanmış və təlim
kurslarını təşkil etmişlər. 2011-ci ilin iyul-avqust
aylarında 79 təlim mərkəzində, 444 qrupda 10417 ibtidai
sinif müəllimi təlim kursundan keçmiş, kursu
müvəffəqiyyətlə bitirən 10391 nəfərə sertifikat
verilmişdir. Onlardan 5538 nəfəri I dərəcəli, 4853
nəfəri isə II dərəcəli sertifikat almışdır. Naxçıvan
Muxtar Respublikasında ibtidai sinif müəllimləri
üçün təlimlər Təhsil Problemləri İnstitutunun Kurikulum
Mərkəzi tərəfindən təşkil edilmiş, 358 ibtidai sinif
müəllimi müvafiq təlim kurslarından keçərək sertifikat
almışdır.
Son 4 ildə ümumilikdə 35 mindən çox ibtidai sinif
müəllimi fənn kurikulumlarının tətbiqi üzrə təlim
kurslarından keçərək müvafiq bilik və bacarıqlara
yiyələnmiş, bununla da ibtidai siniflərdə işləyən
müəllimlərin fənn kurikulumlarının tətbiqi sahəsində
nəzəri və praktik hazırlığını təmin etmək məqsədilə
keçirilən təlimlər bir ixtisasartırma dövrü üçün başa
çatdırılmışdır.
12.07.2011-10.08.2011-ci il tarixlərində YUNİSEF-in
Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə Respublika
Milli Valideyn-Müəllim Assosiasiyası tərəfindən ibtidai
sinif müəllimləri üçün keçirilən təlim kurslarının
monitorinqi aparılmışdır. Monitorinq 18 regionda 24
təlim mərkəzini əhatə etmişdir. Monitorinq zamanı
təlimlərin təşkili vəziyyəti, davamiyyət, təlimlərin
proqrama uyğun keçirilməsi, İKT-dən istifadə,
təlimçilərin bacarıqları, təlim iştirakçılarının
fəallığı, əldə etdikləri bilik və bacarıqlar
qiymətləndirilmiş, müvafiq sorğular və təhlillər
aparılmışdır.
Monitorinqin nəticələrinə dair Təhsil Nazirliyinə təqdim
olunmuş hesabatdan aydın olmuşdur ki, təlimlər proqrama
uyğun aparılmış, təlimçilər peşəkarlıq və səriştəlilik
nümayiş etdirmiş, təlim iştirakçıları kurslarda fəal
iştirak etmişlər.
Monitorinq zamanı aşağıda qeyd olunan nöqsanlar da aşkar
edilmişdir:
1. "Yaşlıların Təhsili Assosiasiyası" İctimai Birliyi
tərəfindən keçirilən təlim kurslarında bəzi təlimçilərin
peşəkarlıq və səriştəlilik səviyyəsinin kifayət qədər
olmaması müşahidə edilmişdir.
2. "Müasir Təlim və Tədrisə Yardım Mərkəzi" və "Azad
Müəllimlər Birliyi" təşkilatlarının keçirdiyi təlim
kurslarında bəzi təlimçilər tərəfindən neqativ hallara
yol verilməsinə cəhd olmuş, lakin bu hallar monitorinq
zamanı aşkar olunaraq aradan qaldırılmışdır.
3. Təlimlərə cəlb olunmuş müəllimlərin siyahılarında
uyğunsuzluq müəyyən edilmişdir (Zaqatala RTŞ, Balakən
RTŞ).
4. "Azad Müəllimlər Birliyi" tərəfindən keçirilmiş
təlimlərdə tam iştirak etməyən müəllimlərə
sertifikatların verilməsi hallarına yol verilmişdir.
5. Təlimlərə cəlb olunan müəllimlərin siyahılarının
dəqiqləşdirilməsi, təlim mərkəzlərinin
müəyyənləşdirilməsi və onların zəruri texniki
avadanlıqlarla təchizi və s. məsələlərin həllində bir
sıra rayonların yerli təhsil orqanları tərəfindən
gecikmə və laqeydlik hallarına yol verilmişdir.
6. Bəzi təhsil şöbələri tərəfindən təyin edilən
əlaqələndiricilər öz funksiyalarını icra etmək əvəzinə,
təlimləri keçirən təşkilatların və təlimçilərin işinə
yersiz müdaxilələr etmiş, müəllimlərin təlim
kurslarından yayınması, siyahıda adı olmayanların kursa
cəlb edilməsi kimi neqativ hallara şərait yaratmışlar.
7. Bir sıra hallarda təlim kursunu keçirən təşkilatlar
və ayrı-ayrı təlimçilər yerli təhsili idarəetmə
orqanlarının əlaqələndiriciləri ilə razılaşma əsasında
təlim kurslarının müqavilə şərtlərinə zidd olan
hərəkətlərə yol vermişlər.
Monitorinqin nəticələri barədə məlumat əsasında 2 nəfər
təlimçi ("Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi",
"Azad Müəllimlər Birliyi") təlimlərdən
kənarlaşdırılmışdır. Eyni zamanda yuxarıda qeyd olunan
nöqsanlar barədə təlim keçirən təşkilatların və müvafiq
rayon təhsil şöbələrinin rəhbərlərinə həmin nöqsanların
qarşısının alınması və aradan qaldırılması barədə
xəbərdarlıq edilmişdir.
Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə
çərçivəsində 2012-2013-cü tədris ilində ümumtəhsil
müəssisələrinin V siniflərində dərs deyəcək müəllimlərin
fənn kurikulumlarının tətbiqi sahəsində nəzəri və
praktik hazırlığını təmin etmək məqsədilə müvafiq
hazırlıq işləri aparılır. Təlim kurslarının düzgün
planlaşdırılması və təşkili məqsədilə Təhsil
Nazirliyinin 31.10.2011-ci il tarixli, 46-25-93-24/16
nömrəli məktubu (müvafiq forma əlavə edilməklə) yerli
təhsil orqanlarına göndərilmişdir. Həmin məktubda
ümumtəhsil məktəblərinin rəhbərləri tərəfindən V
siniflərdə dərs deyəcək müəllimlərin optimal sayının
müəyyənləşdirilməsi üzrə bir sıra tələblər
müəyyənləşdirilmişdir. Təlimlərə cəlb ediləcək
müəllimlərin sayının həddən artıq çox olması riskini
azaltmaq məqsədilə 2012-2013-cü tədris ilində fənn
kurikulumlarının tətbiqi üzrə təlimlərdən keçəcək
müəllimlərin tərkibi müəyyənləşdirilərkən təlim dili
nəzərə alınmaqla, fənn müəllimlərinin aşağıdakı sayda
siyahıya daxil edilməsi məqsədəuyğun hesab edilmişdir:
Ana dili, riyaziyyat və xarici dil fənlərindən hər bir
məktəb üzrə ən çoxu 2 müəllim; Azərbaycan tarixi,
informatika, həyat bilgisi, texnologiya, təsviri
incəsənət, musiqi və fiziki tərbiyə fənlərinin hər
birindən hər bir məktəb üzrə 1 müəllim. Yeni fənn
kurikulumlarının tətbiqinə keçidin ciddi məsuliyyət
tələb edən proses olduğunu nəzərə alaraq, V siniflərdə
kifayət qədər səriştəli və yüksək peşəkarlıq səviyyəsinə
malik müəllimlərin dərs aparması, paralel siniflər
olduqda belə, imkan daxilində dərslərin həmin
müəllimlərə verilməsi tövsiyə olunmuşdur. Nəzərdə
tutulan müəllimlər təlim kursunu müvəffəqiyyətlə
bitirdikdən sonra ehtiyac yaranarsa, V siniflərdə uyğun
ixtisas üzrə işləyəcək digər müəllimlərə fənn
kurikulumunun tətbiqinə dair zəruri bilik və
bacarıqların çatdırılması məqsədilə dərs ilinin
əvvəlində, eləcə də ilboyu seminarlar, nümunəvi dərslər,
digər metodiki tədbirlər təşkil etməlidirlər. Təlim
kursları rayon və şəhərlərdə müəllimlərə yaxın olan
mərkəzlərdə (məktəblərdə) təşkil ediləcəkdir. Bilavasitə
Təhsil Nazirliyinin nəzdindəki ümumi təhsil
müəssisələrinin V siniflərində dərs deyəcək fənn
müəllimləri həmin müəssisələrin yerləşdikləri
ərazilərdə, məcburi köçkün məktəblərinin müəllimləri isə
məskunlaşdıqları şəhər və rayonlarda təşkil edilən təlim
kurslarına cəlb olunacaqlar.
Təhsil Nazirliyi tərəfindən müəyyən təhlillər aparılmış
və 2012-2013-cü illərdə V siniflərdə işləyəcək və
təlimlərə cəlb ediləcək fənn müəllimlərinin təxmini sayı
müəyyənləşdirilmişdir. 5 iqtisadi zona üzrə keçiriləcək
təlimlərə ilkin hesablamalara görə altmış minədək
müəllimin cəlb olunacağı proqnozlaşdırılmışdır.
Təlimlərin təşkili ilə əlaqədar yerli təhsil orqanları
da məsuliyyət daşıyırlar. İlk növbədə, V siniflərdə
işləyəcək müəllimlərin dəqiq sayının müəyyənləşdirilməsi
və onların siyahısının hazırlanaraq qeyd olunan tarixdə
nazirliyə təqdim edilməsi əsas vəzifələrdəndir.
Qeyd etmək lazımdır ki, 2008-ci ildə ibtidai sinif
müəllimləri üçün fənn kurikulumlarının tətbiqi üzrə
təlim kurslarını keçirmək üçün 50 nəfər təlimçi
olmuşdursa, 2011-ci ildə təlimçilərin sayı 200 nəfərə
çatdırılmışdır. 2012-ci ildə təlimlərdə iştirak edəcək
fənn müəllimlərinin sayının xeyli artması ilə əlaqədar
daha 500 nəfər təlimçinin hazırlanması üçün Təhsil
Nazirliyi YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinə
müraciət etmişdir və bu istiqamətdə müvafiq tədbirlər
artıq həyata keçirilməkdədir.
Kollegiya müəllimlərin ixtisasartırma təhsilinin müasir
tələblər səviyyəsində təşkili ilə bağlı qarşıda duran
aşağıdakı vəzifələri müəyyənləşdirmişdir:
1. İxtisasartırma üzrə yeni modelin tətbiqi ilə
əlaqədar dövlət sifarişi əsasında yeni maliyyələşmə
mexanizmi hazırlanmalı və təsdiqinə nail olunmalıdır.
2. Təhsil müəssisələrinin rəhbər və pedaqoji kadrlarının
ayrı-ayrı kateqoriyaları üçün ixtisasartırma təhsilinin
minimum həddini, ixtisasartırma modullarını və modullar
üzrə təlim proqramlarının siyahısını əhatə edən
Kurikulum Çərçivəsi təsdiq olunmalıdır.
3. Modul-kredit əsaslı ixtisasartırma təhsili
proqramlarının qiymətləndirilməsi və onların tətbiqinə
icazə verilməsini təmin etmək üçün nazirliyin müvafiq
struktur bölmələri ilə əlaqəli işləyən xüsusi komissiya
və ekspert qrupları yaradılmalıdır.
4. İxtisasartırma təhsili üzrə proqramların təqdim
edilməsi, qiymətləndirilməsi və tətbiqinə icazə
verilməsi mexanizmini əks etdirən Sənədin təsdiqinə nail
olunmalıdır.
5. 2012-2013-cü tədris ilində V siniflərdə fənn
kurikulumlarının tətbiqi üzrə təlimlərdən keçəcək
müəllimlərin siyahıları hazırlanmalıdır.
6. Təlimlərlə əlaqədar təşkilati işlər yüksək səviyyədə
həyata keçirilməli, o cümlədən təlimləri həyata
keçirəcək təşkilatların potensial imkanları, onlarla
müqavilə bağlayan təlimçilərin bacarıqlarının obyektiv
qiymətləndirilməsi aparılmalıdır.
7. Məktəb direktorları üçün "Yeni fənn kurikulumlarının
tətbiqinin idarə olunması" mövzusunda 5 günlük (30
saatlıq) təlim kurslarının keçirilməsi ilə əlaqədar
təşkilati işlər yerinə yetirilməlidir.
Qeyd olunanları nəzərə alaraq
ƏMR EDİRƏM:
1. 2012-2013-cü tədris ilində respublikanın ümumi təhsil
müəssisələrinin V siniflərində işləyəcək müəllimlər üçün
fənn kurikulumlarının tətbiqi üzrə təlimlərin təşkili
barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin
03.12.2011-ci il tarixli kollegiya qərarı rəhbərlik və
icra üçün qəbul edilsin.
2. Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil
İdarəsi, rayon (şəhər) təhsil şöbələri, Təhsil
Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil
müəssisələri:
2.1. 2012-2013-cü tədris ilində V siniflərdə dərs
deyəcək fənn müəllimlərinin siyahısını
dəqiqləşdirsinlər, həmin siniflərdə səriştəli və müasir
tələblər baxımından yüksək peşəkarlıq səviyyəsinə malik
müəllimlərin işləməsini təmin etsinlər.
2.2. Təlim kurslarına cəlb edilən müəllimlərin
siyahısını müvafiq forma üzrə tərtib etsinlər və
nazirliyə təqdim etsinlər.
2.3. Təlim kurslarını həyata keçirəcək təşkilatla
birlikdə 2012-ci ilin iyun-avqust aylarında kursların
səmərəli keçirilməsi üçün müvafiq təlim mərkəzlərində
lazımi şəraitin yaradılması, hər bir təlim otağının
zəruri texniki vasitələrlə (kompüter, noutbuk,
proyektor) təchizatı ilə bağlı müvafiq tədbirlər planı
hazırlayıb həyata keçirilməsini təmin etsinlər.
3. Təhsil Nazirliyinin nəzdindəki ümumi təhsil
müəssisələrinin və məcburi köçkün rayonlarının təhsil
şöbələrinin rəhbərləri 2012-2013-cü tədris ilində V
siniflərdə işləyəcək fənn müəllimlərinin məktəblərin
yerləşdiyi ərazi üzrə təşkil ediləcək mərkəzlərdə təlim
kurslarına cəlb edilmələrini təmin etsinlər.
4. Strateji təhlil, planlaşdırma və kadrların idarə
olunması şöbəsi (F.Qədirov):
4.1. 2012-2013-cü tədris ilində respublikanın ümumtəhsil
məktəblərinin V siniflərində işləyəcək fənn müəllimləri
üçün fənn kurikulumlarının tətbiqi üzrə 60 saatlıq (10
günlük) təlim kurslarının təşkili ilə əlaqədar işləri
davam etdirsin.
4.2. 2012-2013-cü tədris ilində V siniflərdə fənn
kurikulumlarının tətbiqi üzrə təlimlərdən keçəcək
müəllimlərin siyahılarının hazırlanması və təlim
kurslarının keçirilməsi ilə əlaqədar müvafiq tədbirlər
planının hazırlanmasını və həyata keçirilməsini təmin
etsin.
4.3. Təlim kurslarını keçirəcək təşkilatlara və onların
təlimçilərinə əməli köməklik göstərilməsini, kursların
keçirilməsinə nəzarət üçün əməkdaşların və monitorinq
qruplarının rayon və şəhərlərə ezam olunmasını nəzərdə
tutsun.
4.4. Təhsil müəssisələrinin rəhbər və pedaqoji
kadrlarının ayrı-ayrı kateqoriyaları üçün ixtisasartırma
təhsilinin minimum həddini, ixtisasartırma modullarını
və modullar üzrə təlim proqramlarının siyahısını əhatə
edən Kurikulum Çərçivəsinin işlənib hazırlanmasını və
təsdiqə verilməsini təmin etsin.
4.5. Modul-kredit əsaslı ixtisasartırma təhsili
proqramlarının qiymətləndirilməsi və onların tətbiqinə
icazə verilməsini təmin etmək üçün nazirliyin müvafiq
struktur bölmələri ilə əlaqəli işləyən xüsusi
komissiyanın və ekspert qruplarının yaradılmasına dair
təkliflər hazırlayıb təqdim etsin.
4.6. Təhsil müəssisələrinin rəhbər və pedaqoji
kadrlarının ayrı-ayrı kateqoriyaları üçün ixtisasartırma
təhsili üzrə proqramların təqdim edilməsi,
qiymətləndirilməsi və tətbiqinə icazə verilməsi
mexanizmini əks etdirən sənədin işlənib hazırlanmasını
və təsdiqə verilməsini təmin etsin.
5. TSİİL üzrə əlaqələndirici qrupun direktoru
(E.Rüstəmov):
5.1. Respublikanın ümumi təhsil müəssisələrinin V
siniflərində işləyəcək müəllimlər üçün fənn
kurikulumlarının tətbiqi üzrə təlim kurslarının təşkili
ilə əlaqədar məsləhətçi təşkilatların seçilməsi üzrə
tenderlərin keçirilməsini təmin etsin.
5.2. Məktəb direktorları üçün "Yeni fənn
kurikulumlarının tətbiqinin idarə olunması" mövzusunda 5
günlük (30 saatlıq) təlim kurslarının keçirilməsi ilə
əlaqədar təşkilati işləri yerinə yetirsin.
5.3. Təlimlərlə əlaqədar təşkilati işlərin yüksək
səviyyədə həyata keçirilməsi, o cümlədən təlimləri
həyata keçirəcək təşkilatların potensial imkanlarının,
onlarla müqavilə bağlayan təlimçilərin bacarıqlarının
obyektiv qiymətləndirilməsi üçün bütün zəruri tədbirləri
görsün.
6. İqtisadiyyat şöbəsi (Ş.Əliyev), Təhsil Sektorunun
İnkişafı üzrə İkinci Layihənin Əlaqələndirmə Qrupu
(E.Rüstəmov) layihə çərçivəsində 2012-ci ildə ayrılacaq
vəsait hesabına 2012-2013-cü tədris ilində respublikanın
ümumi təhsil müəssisələrinin V siniflərində dərs
aparacaq müəllimlər üçün fənn kurikulumlarının tətbiqi
üzrə təlim kurslarının keçirilməsi ilə bağlı müvafiq
xərclər smetasının hazırlanmasını və təsdiq üçün
rəhbərliyə təqdim olunmasını təmin etsinlər.
7. İqtisadiyyat şöbəsi (Ş.Əliyev), Strateji təhlil,
planlaşdırma və kadrların idarə olunması şöbəsi
(F.Qədirov), Təhsil Sektorunun İnkişafı üzrə İkinci
Layihənin Əlaqələndirmə Qrupu (E.Rüstəmov)
ixtisasartırma üzrə yeni modelin tətbiqi ilə əlaqədar
dövlət sifarişi əsasında maliyyələşmə mexanizminin
hazırlanıb təsdiq edilməsi üçün Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə təqdim olunmasını
təmin etsinlər.
8. Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzi
(Ə.Abbasov) Naxçıvan MR-in ümumtəhsil məktəblərində
2012-2013-cü tədris ilində V sinifdə işləyəcək fənn
müəllimləri üçün yeni fənn kurikulumlarının tətbiqi,
təlim kurslarının təşkili, keçirilməsində yerli təhsil
şöbələrinə və təlimçilərə əməli köməklik göstərmək üçün
Mərkəzin əməkdaşlarının 2012-ci ilin iyul-avqust
aylarında Naxçıvan MR-ə ezam olunmasını nəzərdə tutsun.
9. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin
"Azərbaycan müəllimi" qəzetində və "Təhsil xəbərləri"
məcmuəsində dərc olunmasını təmin etsin.
10. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
24 fevral 2012-ci il |