| 
						
						 Azərbaycan 
						Respublikasının Prezidenti İlham Əliyev martın 1-də 
						Bakının Nizami və Xətai rayonlarında körpələr evi və 
						uşaq bağçalarının əsaslı təmir və yenidənqurma 
						işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşdur. 
						
						Prezident İlham Əliyev əvvəlcə paytaxtın Nizami 
						rayonundakı 110 nömrəli körpələr evi və uşaq bağçasına 
						gəldi. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala 
						Abutalıbov binada əsaslı təmir və yenidənqurma zamanı 
						görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat 
						verdi. Bildirildi ki, bağçanın binası 1965-ci ildə inşa 
						olunub. Son dəfə 1976-cı ildə əsaslı təmir edilib. 
						Müəssisə 12 qrupdan ibarət 220 uşaq üçün nəzərdə tutulub. 
						Hazırda burada fəaliyyət göstərən 7 qrupda 150 uşaq 
						tərbiyə alır. Qalan 5 qrupun otaqlarında isə məcburi 
						köçkünlər məskunlaşıb. Diqqətə çatdırıldı ki, binanın 
						ümumi sahəsi 1700 kvadratmetrdir. İki mərtəbədən və 6 
						korpusdan ibarət körpələr evi və uşaq bağçasının binası 
						dövlət başçısının tapşırığı ilə qısa vaxt ərzində ən 
						müasir standartlara uyğun olaraq əsaslı təmir edilib. 
						Qazanxana yenidən qurulub, yeni istilik sistemi 
						yaradılıb, bina isti və soyuq su ilə tam təchiz edilib. 
						Körpələr evi və uşaq bağçasının yeməkxanası da ən müasir 
						tələblər səviyyəsindədir. 
						
						Bağçanın bir hektarlıq həyətyanı sahəsində də abadlıq və 
						quruculuq tədbirləri görülüb. Burada uşaqların əylənməsi 
						üçün xüsusi guşələr yaradılıb. Binanın və ərazinin 
						işıqlandırma sistemi tamamilə yenidən qurulub, işıq 
						dirəkləri yeniləri ilə əvəz edilib.  
						
						Dövlətimizin başçısı İlham Əliyev Xətai rayonundakı 251 
						nömrəli körpələr evi və uşaq bağçası binasının da 
						yenidənqurmadan sonrakı vəziyyəti ilə yaxından tanış 
						olmuşdur. Burada görülən işlərlə bağlı Prezidentə 
						məlumat verildi. Qeyd olundu ki, bu körpələr evi və uşaq 
						bağçasının binası 1984-cü ildə inşa olunub. 120 yerlik 
						bağçada 6 qrup fəaliyyət göstərir. İki mərtəbədən və 4 
						korpusdan ibarət binanın ümumi sahəsi 1100 
						kvadratmetrdir. Həyata keçirilən əsaslı təmir və 
						yenidənqurma işləri nəticəsində burada uşaqların təlim 
						və tərbiyəsi üçün ən müasir şərait yaradılıb. Körpələr 
						evi və uşaq bağçasında qazanxana tamamilə yenidən 
						qurulub, müasir istilik sistemi yaradılıb, daimi olaraq 
						isti və soyuq su ilə təchiz edilib. 
						
						Müəssisənin 3500 kvadratmetrlik həyətyanı sahəsində də 
						abadlaşdırma işləri aparılıb, uşaqların əylənməsi üçün 
						lazımi şərait yaradılıb. İşıqlandırma sistemi yeniləri 
						ilə əvəz edilib.  
						
						Körpələr evi və uşaq bağçalarının hər ikisində 
						təhlükəsizlik kameraları quraşdırılıb.  
						
						Görülən işlərlə yaxından tanış olan Prezident İlham 
						Əliyev müvafiq tapşırıqlarını verdi.  
						
						AzərTAc |