Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə (telefon:
146; elektron poçt ünvanı: qaynar-xett@edu.gov.az)
2012-ci ilin yanvarında 1441 müraciət daxil olub.
Müraciətlərin 1300-ü telefonla, 141-i elektron poçt
vasitəsilə qəbul edilib. Bütün müraciətlər dinlənilib,
qeydə alınıb, araşdırılıb və cavablandırılıb.
Müraciətlərin böyük bir qismi sorğu və məlumat
xarakterlidir. Sorğular ümumtəhsil məktəblərinin IX və
XI siniflərində sınaq imtahanları, müəllimlərin işə
qəbulu, xüsusi qayğıya ehtiyacı olan uşaqların
təhsilinin təşkili, xaricdə təhsil, təhsil sənədlərinin
tanınması, xaricdə təhsil alan tələbələrin ölkəmizin
təhsil müəssisələrinə köçürülməsi, təhsil
müəssisələrində adambaşına maliyyələşmə mexanizminin
tətbiqi, özəl ali təhsil müəssisələrində tələbələrin
biliyinin kredit sistemi üzrə qiymətləndirilməsi, ali və
orta ixtisas təhsili müəssisələrində sessiya
imtahanlarının təşkili formaları, dövlət vəsaiti
hesabına təhsil alan tələbələrin təqaüdlə təmin olunması
qaydaları, məktəbli geyimi, pedaqoji işçilərin dərs yükü
ilə təminatı, müəllimlərin əməkhaqqının hesablanması,
təhsil sənədlərinin verilməsi və digər məsələlərlə bağlı
olub.
Şikayət xarakterli müraciətlərin ümumi sayı 71 olub.
Həmin müraciətlər ümumi təhsil, texniki peşə, orta
ixtisas və ali təhsil müəssisələrindəki problemlərlə
əlaqədardır.
Ümumi təhsil və məktəbəqədər təhsil müəssisələri ilə
bağlı 39 şikayət daxil olub. Belə ki, ötən ay "Qaynar
xətt" xidmətinə Bakı (14), Gəncə (3), Sumqayıt (1) və
Şirvan (1) şəhərlərindən, Abşeron, Ağdam, Cəlilabad,
Ağcabədi, Şəki rayonlarından 2, Göygöl, Şəmkir,
Yardımlı, Lənkəran, Samux, Şamaxı, İmişli, Tovuz,
Biləsuvar, Bərdə rayonlarının hər birindən 1 şikayət
daxil olub. Həmin şikayətlərin əksəriyyətində tədris
müəssisələrinin istilik sistemlərindəki problemlər,
məktəblərdə texniki avadanlıqlar üçün pul yığılması və
digər bu kimi məsələlər öz əksini tapıb.
Təhsil Nazirliyinin "Ali və orta ixtisas təhsili
müəssisələrində 2011-2012-ci tədris ilinin qış imtahan
sessiyasının təşkili və keçirilməsi haqqında" əmrinin
icrası ilə bağlı "Qaynar xətt" xidmətinə daxil olan
müraciətlərin operativ şəkildə araşdırılması təmin
olunub. Həmin müraciətlərin araşdırılması ali və orta
ixtisas təhsili müəssisələrində tələbələrin biliyinin
qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin
etməyə, yarana biləcək neqativ halları aradan qaldırmağa
və digər müvafiq tədbirlərin həyata keçirilməsinə kömək
edib.
2011-2012-ci dərs ilinin qış imtahan sessiyası dövründə
"Qaynar xətt" xidmətinə ali və orta ixtisas təhsili
müəssisələrindən daxil olan 200-dən artıq müraciətin
çoxu sorğu xarakterlidir. Şikayət və nöqsanlardan bəhs
edilən 32 müraciətdən 22-si dövlət, 4-ü özəl ali, 6-sı
orta ixtisas təhsili müəssisələri ilə əlaqədardır.
Ali təhsil müəssisələrindən daxil olan müraciətlər
semestr imtahanlarının yazılı və test üsulu ilə
keçirilməsi, imtahanlarda Boloniya sisteminin tətbiqi,
pedaqoji və istehsalat təcrübəsinin təşkili,
magistratura təhsili, tələbələrin imtahanlara
buraxılması, təhsil haqqının ödənilməsi, özəl ali təhsil
müəssisələrində tələbələrə təqaüdlərin verilməsi
qaydaları və digər mövzuları əhatə edib. Bakı Dövlət
Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti,
Azərbaycan Texnologiya İnstitutu, Azərbaycan Müəllimlər
İnstitutu, Azərbaycan Dövlət Aqrar Universiteti,
Sumqayıt Dövlət Universiteti və digər ali təhsil
müəssisələrindən daxil olan müraciətlərdə tələbələr daha
çox aldıqları qiymətlərdən narazılıqlarını bildirib,
qiymətlərinin apelyasiya qaydasında yüksəldilməsinə
köməklik göstərilməsini xahiş ediblər. Bununla əlaqədar
Təhsil Nazirliyinin əməkdaşları qeyri-hökumət
təşkilatlarının nümayəndələri ilə birgə müraciət daxil
olmuş ali təhsil müəssisələrində müvafiq araşdırmalar
aparıb və həmin tələbələrin biliyinin imtahanda
göstərdikləri nəticələrə əsasən obyektiv
qiymətləndirilməsi təmin olunub.
Özəl ali təhsil müəssisələri ilə əlaqədar müraciətlər
Təfəkkür və Bakı Asiya universitetləri ilə bağlı olub.
Həmin müraciətlərdə qaldırılan məsələlər adı qeyd edilən
təhsil müəssisələrində şikayətçi şəxslərin iştirakı ilə
araşdırılıb.
Orta ixtisas təhsili müəssisələri ilə bağlı Azərbaycan
Maliyyə-İqtisad, Bakı Dövlət Sosial-İqtisad, Bakı
Texniki, Ağcabədi Pedaqoji və 2 nömrəli Bakı Baza Tibb
kolleclərindən müraciətlər daxil olub. Həmin
müraciətlərdə imtahanlarda verilmiş qiymətlərdən
narazılıq və digər məsələlər əks olunub. Müvafiq qaydada
araşdırmalar aparıldıqdan sonra bu barədə müraciət
müəlliflərinə məlumat verilib.
Müraciətlər üzrə aparılmış araşdırmalarla bağlı müvafiq
tədbirlərin həyata keçirilməsi üçün bütün struktur
bölmələrə məlumatlar verilib, gələcəkdə belə nöqsanların
qarşısının alınması tövsiyə olunub.
Yanvar ayında "Qaynar xətt" xidmətinə daxil olan
müraciətlər və onların araşdırılması barədə məlumat və
şərhlər AzTV-nin "Xəbərlər" proqramı (11.01.2012-ci il),
Azərbaycan Dövlət radiosu (09.02.2012-ci il), "Azadlıq"
radiosu (03.02.2012-ci il), "Kaspi", "Üç nöqtə",
"Mərkəz" qəzetləri və digər KİV-lərlə ictimaiyyətin
diqqətinə çatdırılıb. |