Fevralın
21-də Təhsil Nazirliyində "Ən yaxşı müəllim" müsabiqəsi
iştirakçılarının dərslərini dinləyib qiymətləndirəcək
ekspert komissiyalarının üzvləri ilə görüş keçirilib.
Təhsil naziri Misir Mərdanov tədbir iştirakçılarını
salamlayaraq bildirib ki, ölkə Prezidenti cənab İlham
Əliyevin sərəncamına əsasən, artıq beşinci ildir ki, "Ən
yaxşı müəllim" müsabiqəsi keçirilir. Müsabiqənin uğurla
nəticələnməsində ekspertlərdən ibarət fənn
komissiyalarının səmərəli fəaliyyətinin əhəmiyyətinə
toxunan nazir bu il "Ən yaxşı müəllim" müsabiqəsinə 456
nəfərin sənəd verdiyini, onlardan 229 müəllimin II
mərhələdə iştirak etmək hüququ qazandığını nəzərə
çatdırıb.
Müsabiqə iştirakçıları olan müəllimlərin fənlərə görə
təsnifatından bəhs edən təhsil naziri bu il
iştirakçıların sayı çox olan fənlər üzrə də yalnız bir
ekspert komissiyasının təşkil olunduğunu söyləyib. Misir
Mərdanov Təhsil Nazirliyi nümayəndəsinin hər bir ekspert
komissiyasında müşahidəçi qismində iştirak edəcəyini və
təşkilati məsələlərin onlar tərəfindən həll olunacağını
bildirib.
Nazir sınaq dərslərinin qiymətləndirilməsi üçün müəyyən
olunmuş 12 meyar üzrə ekspertlərin verəcəkləri balların
yazılı şəkildə əsaslandırılmasının vacibliyini diqqətə
çatdırıb. Təhsil naziri deyib ki, bütün sınaq
dərslərinin videoçəkilişi aparılacaq və ekspert
komissiyası dərsin təhlilindən sonra iştirakçıları eyni
yanaşma və kollegial müzakirənin nəticələrinə əsasən
qiymətləndirəcək. Qiymətləndirmənin nəticəsindən narazı
qalan müəllimlərə 3 gün müddətində nazirliyə ərizə ilə
müraciət etmək imkanının verildiyini vurğulayan Misir
Mərdanov bildirib ki, sınaq dərsinin müzakirəsi yalnız
müəllimin iştirakı ilə aparılacaq.
İştirakçı müəllimlərin dərslərinin dinlənilməsi
qrafikinin artıq hazır olduğunu nəzərə çatdıran nazir
qeyd edib ki, sınaq dərsləri Bakı şəhərindəki 21 ümumi
təhsil müəssisəsində təşkil olunacaqdır. Təhsil naziri
həmin məktəblərin rəhbərlərinə müvafiq təşkilati işlərin
görülməsi üçün zəruri tapşırıqların verildiyini
vurğulayıb.
Misir Mərdanov istedadlı müəllimlərin və qabaqcıl
pedaqoji təcrübənin üzə çıxarılması kimi nəcib
məqsədlərə xidmət edən bu müsabiqənin təşkilində iştirak
edən hər kəs tərəfindən obyektivlik və ədalət
prinsiplərinin başlıca amil kimi qəbul olunmasının
zəruriliyini nəzərə çatdırıb. Sonda "Ən yaxşı müəllim"
müsabiqəsi iştirakçılarının dərslərini dinləyib
qiymətləndirəcək ekspertlərə uğurlar arzulayan nazir,
həmçinin onlara bir sıra müvafiq tövsiyələrini də verib. |