| 
						
						Əziz həmvətənlər! 
						
						XX əsrin ən dəhşətli və qanlı faciələrindən hesab edilən 
						Xocalı soyqırımının 20 ili tamam olur. 1992-ci il 
						fevralın 25-dən 26-na keçən gecə erməni hərbi 
						birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində 
						yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə aylarla 
						mühasirədə saxlanılan Xocalıya hücum edərək, bir gecənin 
						içində şəhəri yerlə yeksan etmişdir. Bu qanlı aksiya 
						zamanı dinc əhaliyə amansızlıqla divan tutulmuş, 613 
						nəfər qətlə yetirilmiş, meyitlər təhqir olunmuş, 1275 
						nəfər girov götürülmüşdür. Onlardan 150 nəfərin taleyi 
						hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 
						106 nəfəri qadın, 70 nəfəri ahıl və qoca idi. Hərbi 
						təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilmişdir.
						 
						
						Son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan 
						torpaqları hesabına mifik "Böyük Ermənistan" ideyasını 
						gerçəkləşdirmək məqsədilə dəfələrlə xalqımıza qarşı 
						terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə 
						kimi bəşəri cinayətlər törətmişlər. XX əsrin sonunda 
						dünyanın gözü qarşısında baş verən, qəddarlığı və 
						amansızlığı ilə fərqlənən Xocalı soyqırımı isə bu 
						təcavüzkar siyasətin ən qanlı səhifəsi idi. Bu ağır 
						cinayətə görə siyasi-hüquqi məsuliyyət birbaşa 
						Ermənistanın o zamankı və indiki rəhbərliyinin, Dağlıq 
						Qarabağdakı separatçı rejimin üzərinə düşür. 
						
						Azərbaycan dövləti erməni faşistlərinin törətdiyi Xocalı 
						faciəsi haqqındakı həqiqətlərin dünya ictimaiyyətinə 
						çatdırılması və beynəlxalq aləmdə soyqırımı kimi 
						tanıdılması istiqamətində iyirmi ilə yaxındır ki, 
						məqsədyönlü və sistemli iş aparır. Son illərdə "Xocalıya 
						ədalət" beynəlxalq kampaniyası çərçivəsində 
						soydaşlarımızı təmsil edən çoxsaylı vətəndaş cəmiyyəti 
						institutları, gənclər təşkilatları və diaspor qurumları 
						bu sahədə hakimiyyət strukturları ilə birgə səmərəli 
						fəaliyyət göstərirlər. Artıq yalan və saxtakarlıq 
						üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü ifşa 
						olunur və dünya ictimai fikri Xocalı həqiqətlərini qəbul 
						etməyə başlayır. İslam Əməkdaşlıq Təşkilatı Parlament 
						İttifaqı bu faktı "insanlığa qarşı törədilmiş kütləvi 
						cinayət" hadisəsi kimi tanımış və üzv dövlətləri həmin 
						faciəyə müvafiq siyasi-hüquqi qiymət verməyə 
						çağırmışdır. Pakistan və Meksikanın parlamentlərində bu 
						qətliamın soyqırımı aktı kimi tanınması barədə qətnamə 
						qəbul edilmişdir.  
						
						Azərbaycan Respublikası hazırda dünya təhlükəsizlik 
						sistemində və beynəlxalq terrorizmə qarşı mübarizədə 
						mühüm rol oynayır. Harada baş verməsindən asılı 
						olmayaraq, biz hər cür irqi ayrı-seçkiliyi, etnik və 
						dini zəmində düşmənçiliyi bütövlükdə bəşər cəmiyyətinə 
						qarşı cinayət hesab edirik. Dövlətimiz bundan sonra da 
						Xocalı soyqırımına, Azərbaycan torpaqlarının Ermənistan 
						tərəfindən işğalına obyektiv qiymət verilməsi və 
						tarixi-hüquqi ədalətin bərpası üçün öz fəaliyyətini 
						davam etdirəcək, bütün siyasi və hüquqi vasitələrlə belə 
						hallara qarşı barışmaz mübarizə aparacaqdır. 
						
						Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi 
						Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi 
						bütövlüyü uğrunda mübarizədən çəkindirmək və 
						torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə 
						xalqımızı daha da mətinləşdirmiş, qəhrəman oğul və 
						qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz 
						naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər 
						etmişdir. 
						
						Bu ümummilli hüzn günündə bir daha Xocalı faciəsinin 
						günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad 
						edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. 
						Sizi əmin etmək istəyirəm ki, Xocalı soyqırımını həyata 
						keçirənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab 
						verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı 
						yerdə qalmayacaqdır.  
						
						
						İlham ƏLİYEV,Azərbaycan Respublikasının Prezidenti
 Bakı şəhəri, 23 fevral 2012-ci il
 |