| 
						
						
						 Azərbaycan 
						Prezidenti İlham Əliyev mərasimdə iştirak edib 
						
						Fevralın 21-də Bakıda xalq qəhrəmanı Koroğlunun 
						xatirəsinə ucaldılmış abidənin açılış mərasimi olmuşdur. 
						
						Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və 
						xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.
						 
						
						Azərbaycan Dövlət simfonik orkestri dahi bəstəkar Üzeyir 
						Hacıbəylinin "Koroğlu" operasının uvertürasını ifa etdi. 
						
						Dövlət başçısı abidənin üzərindəki örtüyü götürdü. 
						
						Azərbaycan Prezidenti abidənin önünə əklil qoydu. 
						
						Dövlət başçısı Azərbaycanın elm, təhsil və mədəniyyət 
						ictimaiyyətinin tanınmış nümayəndələri ilə görüşdü. 
						
						Prezident İlham ƏLİYEV mərasimdə çıxış edərək 
						dedi: 
						
						- Əziz dostlar! Bu gün şəhərimizin tarixində çox 
						əlamətdar və unudulmaz bir gündür. Bu gün Bakının 
						mərkəzində, şəhərimizin gözəl guşəsində biz böyük 
						şəxsiyyət, Azərbaycan xalqının qəhrəman oğlu Koroğlunun 
						abidəsinin açılışına toplaşmışıq. Bu gözəl hadisə 
						münasibətilə sizi və bütün Azərbaycan xalqını ürəkdən 
						təbrik edirəm.  
						
						Koroğlu bizim xalq qəhrəmanımızdır. Koroğlu 
						vətənpərvərlik, igidlik rəmzidir. Azərbaycan xalqının 
						qəlbində Koroğlu daim yaşamışdır. Bütün dövrlərdə 
						Koroğlunun xalq qarşısında etdiyi xidmətlər Azərbaycan 
						xalqının xatirəsində yaşamışdır və bu gün də yaşayır.
						 
						
						Koroğlu obrazı vətənpərvərlik, igidlik, mərdlik, şücaət 
						obrazıdır. Koroğlu Azərbaycan xalqına xas olan bütün 
						gözəl xüsusiyyətləri özündə əks etdirir. Vətənpərvərlik 
						kimi bu gün də çox vacib olan amil Koroğlu obrazında 
						bariz şəkildə özünü göstərir.  
						
						Müxtəlif dövrlərdə bizim böyük sənətkarlarımız "Koroğlu" 
						mövzusuna müraciət etmişlər. Dahi bəstəkarımız Üzeyir 
						Hacıbəylinin 1930-cu illərdə yazdığı "Koroğlu" operası 
						bu gün də yaşayır və əbədi yaşayacaqdır. Bütün təntənəli 
						mərasimlərdə "Koroğlu" operasının uvertürası səslənir. 
						Bu, bizim dövlət himnimizlə bərabər Azərbaycan xalqının 
						ayrılmaz böyük dəyəri kimi bu gün də yaşayır. 
						
						
						 
						
						Ölkəmizin müxtəlif şəhərlərində Koroğlu abidələri 
						ucaldılmışdır. Ancaq Bakıda Koroğlu abidəsi yox idi və 
						bu boşluğu biz indi aradan qaldırdıq. Mən 2009-cu ildə 
						Bakıda Koroğlu abidəsinin ucaldılması haqqında müvafiq 
						sərəncam imzalamışam. Bizim istedadlı heykəltəraşımız 
						Tokay Məmmədov gözəl və əzəmətli əsər yaratmışdır. 
						Koroğlu abidəsi üçün müvafiq yerin seçilməsi prosesi 
						başlanmışdı. Mən çox istəyirdim ki, şəhərimizin gözəl 
						yerində gözəl, əzəmətli abidə ucaldılsın və bu gün biz 
						bu tarixi hadisənin şahidiyik.  
						
						Ölkəmizin müxtəlif bölgələrində, bir daha demək 
						istəyirəm ki, Koroğlu abidəsi vardır. Artıq Bakıda da bu 
						abidə vardır. Artıq bu gündən etibarən bu parka da "Koroğlu 
						parkı" adı verilib. 
						
						Gənc nəslin tərbiyə edilməsində "Koroğlu" dastanı çox 
						mühüm bir vasitədir. Çünki gənc nəslimiz vətənpərvərlik 
						ruhunda böyüməli, tərbiyə almalıdır. Müstəqil 
						Azərbaycanın vətəndaşları öz Vətənini, xalqını 
						sevməlidirlər. Koroğlu xalq içərisindən çıxmış, xalq 
						üçün yaşamış gözəl insan, böyük sərkərdə idi. Koroğlu, 
						eyni zamanda, istedadlı insan idi - həm şair, həm aşıq 
						idi. Bir daha demək istəyirəm ki, Azərbaycan xalqının ən 
						gözəl xüsusiyyətləri onda var idi və bizim gənclərimiz 
						keçmişimizdə olan müsbət obrazları da bilməlidirlər, 
						yaxından, dərindən tanımalıdırlar. Biz keçən il 
						müstəqilliyimizin 20 illiyini qeyd etmişik. Ancaq bizim 
						çox böyük, zəngin tariximiz, mədəniyyətimiz vardır. 
						Şifahi xalq yaradıcılığımız vardır. Gözəl əsərlərimiz, 
						dahi şəxsiyyətlərimiz vardır. Bizim vətəndaşlar, 
						xüsusilə gənclər o dahi şəxsiyyətləri tanımalıdırlar.
						 
						
						Koroğlu abidəsinin ucaldılması bir tərəfdən tarixi 
						ədaləti əks etdirir, digər tərəfdən Koroğlu abidəsi bir 
						daha Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu 
						əyani şəkildə göstərir.  
						
						Biz öz dahi şəxsiyyətlərimizin xatirəsinə böyük hörmətlə 
						yanaşırıq. Təkcə keçən il Bakıda görkəmli şəxsiyyətlərin 
						abidələri ucaldılmışdır. Keçən il Zivərbəy Əhmədbəyovun, 
						Fikrət Əmirovun abidəsi ucaldılmışdır. Bu gün biz 
						Koroğlunun abidəsinin açılışını qeyd edirik. Yaxın 
						gələcəkdə Bakıda, şəhərimizin gözəl yerlərində Babəkin, 
						Qara Qarayevin, Bülbülün abidələri ucaldılacaqdır. Artıq 
						müvafiq göstərişlər verilmişdir.  
						
						Sovet dövründə də ulu öndər Heydər Əliyevin təşəbbüsü 
						ilə xalqımızın görkəmli şəxsiyyətlərinin şərəfinə 
						abidələr ucaldılmışdır. Bu gün bu siyasət davam 
						etdirilir. Bu abidələr bir daha onu göstərir ki, 
						Azərbaycan xalqı nə qədər böyük, nə qədər istedadlı 
						xalqdır, bizim nə qədər böyük tarixi şəxsiyyətlərimiz 
						olmuşdur. Onların fəaliyyəti, həyatı, xalqa bağlılığı 
						bizim üçün də bir nümunədir, örnəkdir. Onlar bu yolu 
						bizə göstərdilər. Bu yol ədalət yoludur. 
						
						Koroğlu da haqq-ədalətin tərəfində idi. Koroğlu 
						kasıbların tərəfində idi. Koroğlu ədalətsizliyə dözməyən 
						və ədalətsizliyə qarşı vuruşan görkəmli şəxsiyyət, 
						sərkərdə, gözəl vətəndaş idi. Biz, bir daha demək 
						istəyirəm ki, gənc nəsli bu müsbət nümunələr əsasında 
						tərbiyə etməliyik. Mən çox şadam ki, Azərbaycan gəncləri 
						vətənpərvərdirlər, Vətənə bağlıdırlar, Vətəni sevirlər. 
						Bizim vətəndaşlar haqlı olaraq qürur hissi keçirirlər ki, 
						biz hamımız Azərbaycan vətəndaşıyıq. 
						
						İyirmi il ərzində ölkəmiz böyük və şərəfli yol keçmişdir, 
						bütün sahələrdə böyük uğurlara imza atmışdır. 
						Uğurlarımızın təməlində məhz milli mənəvi dəyərlər 
						dayanır. Güclü iqtisadiyyat yaratmaq olar, bölgədə güclü 
						mövqelərə malik olmaq olar, - halbuki bunun üçün də çox 
						çalışmaq lazımdır, - ancaq milli mənəvi dəyərlər olmadan 
						heç bir ölkə, heç bir xalq inkişaf edə bilməz. Bizim 
						üstünlüyümüz ondan ibarətdir ki, gənc və güclü 
						dövlətimiz möhkəm təməl üzərində qurulubdur. Çoxəsrlik 
						tarix, mədəniyyət üzərində qurulubdur. Milli mənəvi 
						dəyərlər bizim üçün ən vacib məsələdir. Biz təbii ki, 
						ümumbəşəri dəyərləri bölüşürük. Ancaq bizim üçün başlıca 
						dəyərlər öz milli Azərbaycan dəyərlərimizdir. 
						 
						
						Bu gün ölkəmizdə hər bir sahədə olduğu kimi, milli 
						mənəvi sahədə də dirçəliş, inkişaf vardır. Biz güclü, 
						müasir dövlət qururuq. Ancaq ənənələrimizə, tariximizə, 
						keçmişimizə çox bağlıyıq. Dünyada qloballaşma prosesləri 
						gedir, istər-istəməz bizə də təsir edir. Yəni bu, heç 
						bir ölkədən yan keçə bilməz. Xüsusilə, bu dövrdə milli 
						dəyərlərə diqqət daha da böyük olmalıdır. İnsanlar milli 
						ruhda tərbiyə olunmalıdırlar. Öz Vətəninə, öz keçmişinə, 
						tarixinə, dahi şəxsiyyətlərinə hörmətlə yanaşmalıdırlar. 
						Mən çox şadam ki, bugünkü Azərbaycan reallıqlarını bu 
						amillər müəyyən edir. Bizi bəzi başqa ölkələrdən 
						fərqləndirən məhz odur ki, Azərbaycan dövləti güclü 
						milli təməl üzərində qurulubdur. Eyni zamanda, 
						Azərbaycanda yaşayan bütün millətlərin, bütün dinlərin 
						nümayəndələri ölkəmizin dəyərli vətəndaşlarıdırlar və 
						Azərbaycanın təcrübəsi bu baxımdan diqqətəlayiqdir və 
						böyük maraq doğurur.  
						
						Bu gün bu abidənin açılışı, eyni zamanda, bu gözəl 
						parkın abadlaşmasına da şərait yaratdı. Abidənin 
						yaradılması ilə bərabər, Bakı Şəhər İcra Hakimiyyətinə 
						göstəriş vermişdik ki, bu park da abadlaşsın, 
						gözəlləşsin. Bakıda böyük quruculuq işləri aparılır. 
						Bütün parklar, bağlar yenidən qurulur, abadlaşır. 
						İnsanlar üçün gözəl istirahət yerləri yaradılır. Bakı 
						doğrudan da indi dünyanın ən gözəl şəhərlərindən biridir. 
						Bakının tarixi gözəlliyi vardır. Tarixi, qədim binalar 
						şəhərimizə gözəllik verir. Eyni zamanda, Bakının müasir 
						meqapolisə çevrilməsi prosesi də uğurla gedir. Bu iki 
						istiqamət arasında heç bir ziddiyyət olmamalıdır və 
						yoxdur. Həm müasir binalar, həm qədim Bakı bir-birini 
						tamamlamalıdır və tamamlayır. Şəhərimizin gözəlləşməsi 
						hər bir Bakı sakini, hər bir Azərbaycan vətəndaşı üçün 
						çox vacib olan məsələdir. Bakıya gələn hər bir qonaq 
						şəhərin gözəlliyinə heyran olur. Bakı da bizim böyük, 
						milli sərvətimizdir.  
						
						Mən bu gün bir daha qeyd etmək istəyirəm ki, Koroğlu 
						abidəsinin ucaldılması böyük məna daşıyır. Bu, həm 
						tarixi şəxsiyyətə hörmətimizin əlamətidir, həm 
						keçmişimizə olan münasibətdir, həm də Koroğlunun etdiyi 
						fədakarlığa görə Azərbaycan xalqının qiymətidir. Bu 
						gözəl əsər, əminəm ki, bütün Azərbaycan xalqını 
						sevindirəcəkdir. Koroğlu abidəsi məhz belə olmalı idi. 
						Gözəl, möhtəşəm, qürurlu və əzəmətli. 
						
						Bir daha əsərin müəllifinə, görkəmli heykəltəraş Tokay 
						Məmmədova minnətdarlığımı bildirmək istəyirəm. Əsərin 
						yaradılmasında iştirak etmiş bütün insanlara 
						minnətdarlığımı bildirmək istəyirəm. Bakı sakinlərini və 
						bütün Azərbaycan xalqını bu gözəl hadisə münasibətilə 
						bir daha təbrik edirəm. Sağ olun! 
						
						
						*** 
						
						Abidənin müəllifi, Azərbaycanın xalq rəssamı, SSRİ 
						Rəssamlıq Akademiyasının müxbir üzvü, SSRİ və Azərbaycan 
						Respublikası Dövlət mükafatları laureatı, professor 
						Tokay MƏMMƏDOV çıxış edərək dedi: 
						
						- Hörmətli xanımlar və cənablar! 
						
						Bu gün mənim üçün çox əlamətdar bir gündür. 
						
						"Koroğlu" otuz il işlədiyim bir mövzudur, mənim üçün 
						əziz bir obrazdır, xalqımızın qəhrəmanlıq rəmzidir. Mən 
						dəqiq bilirdim ki, Azərbaycanın paytaxtı üçün bu heykəl 
						lazım olacaqdır. 
						
						Nəhayət, iki il əvvəl möhtərəm cənab Prezident Bakıda 
						Koroğlunun abidəsinin ucaldılması haqqında sərəncam 
						imzaladı və bu işə təkan verildi. Heykəlin qurulmasında 
						çox adamların zəhməti oldu. Bu gün onun açılış 
						mərasimində mən müəllif kimi hamıya təşəkkürümü 
						bildirmək istəyirəm. Ən böyük minnətdarlığım Sizədir, 
						hörmətli Prezident! 
						
						Bakının gündən-günə gözəlləşməsini hamımız görürük və 
						sevinirik. İnanıram ki, Koroğlunun heykəli şəhərimizə 
						yaraşıq verəcək, Sizin böyük işlərinizə bir əlavə 
						olacaqdır. 
						
						Çox sağ olun. 
						
						
						*** 
						
						Sonra Azərbaycan Milli Elmlər Akademiyasının müxbir 
						üzvü, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, 
						professor Nizami CƏFƏROV dedi: 
						
						- Möhtərəm cənab Prezident!  
						
						Hörmətli mərasim iştirakçıları!  
						
						Bu gün biz həqiqətən tarixi anların şahidiyik. Möhtərəm 
						Prezidentimiz söylədi, Koroğlu bizim xalqın milli 
						qəhrəmanıdır. Bu gün çoxlu mübahisələr gedir. Koroğlu 
						doğrudan tarixi şəxsiyyətdirmi, ya deyilmi? Bu 
						mübahisələri davam etdirmək də olar, amma əsas məsələ 
						odur ki, Koroğlu bu xalqın ruhunun məhsuludur, bizim 
						milli mövcudluğumuzun bir dəyəridir. Yəni o, tarixi 
						şəxsiyyət ola da, olmaya da bilər. Amma təbiidir ki, 
						onun obrazı istənilən tarixi şəxsiyyətin obrazından daha 
						güclüdür.  
						
						Koroğlu sadəcə qəhrəman, fiziki güc sahibi deyil, ruh 
						adamıdır, aşıqdır, şairdir. Koroğlu sadəcə qəhrəman 
						deyildir, həm də dövlət, cəmiyyət qurucusudur. Koroğlu 
						Çənlibelin müəllifidir. Eyni zamanda, Koroğlu 
						mütəfəkkirdir. Koroğlu filosofdur. Koroğlunun sözü 
						vardır, deyir ki: 
						
						"Uca-uca dağlar başı  
						
						Çənli də olur, çənsiz də olur.  
						
						Çalış ki, bir işə yara,  
						
						Sənli də olur, sənsiz də olur". 
						
						Yəni sən bir iş görsən də, görməsən də iş görüləcəkdir, 
						iş gedəcəkdir. Amma təki, sən bir iş görəsən, iş 
						görənlərin içərisində olasan. Bu mahiyyət, bu məntiq, 
						əlbəttə, çox maraqlıdır.  
						
						Bu abidənin açılışı böyük bir hadisədir. Mən də, 
						əlbəttə, həm müəllifi, həm xalqımızı təbrik edirəm.
						 
						
						Bir məsələni də xüsusi olaraq demək istəyirəm ki, bu cür 
						abidələrin yaranması, görülən bu cür işlər həmişə cənab 
						Prezidentin son zamanlar çox deyilən bir kəlamını yadıma 
						salır ki, "Bizim siyasətimiz bizim işimizdir". Yəni iş 
						vardır. Bir vaxtlar çoxlu söz danışırdıq, amma indi iş 
						görürük. Bu çox mühüm bir məsələdir və Azərbaycanda 
						görülən bu böyük, əzəmətli işlər, əlbəttə, ən müxtəlif 
						sahələri, o cümlədən də bizim mədəniyyətimizi, 
						mənəviyyatımızı əhatə edir. Vətənimiz üçün, xalqımız 
						üçün xeyirli olsun. 
						
						
						*** 
						
						Daha sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq 
						yazıçısı ANAR çıxış edərək bildirdi: 
						
						- Hörmətli cənab Prezident! 
						
						Hörmətli xanımlar və cənablar! 
						
						Bakımızın minillik tarixində şəhərimizdə ilk dəfə atlı 
						heykəl ucaldılıb. Bu, xalqımızın əfsanəvi qəhrəmanı 
						Koroğlunun heykəlidir. Burada artıq deyildi, Koroğlu həm 
						qəhrəman, həm də sənətkar, aşıq, şair idi. Bir əlində 
						Misri qılınc idi, bir əlində saz. Koroğlu dastanın həm 
						iştirakçısı, həm yaradıcısı idi. 
						
						Koroğlu obrazı əsrlər boyu xalqımızın yaddaşında, 
						qəlbində yaşayıb, bizim böyük sənətkarları 
						ilhamlandırıb. Ölməz Üzeyir bəy "Koroğlu" operasını 
						yaradıb. Tahir Salahov rəssamlıqda "Koroğlu" obrazını 
						yaradıb. "Koroğlu" filmi vardır. Bu gün bizim başqa bir 
						görkəmli sənətkarımız Tokay Məmmədov Koroğlunu 
						heykəltəraşlıqda təcəssüm etdirib.  
						
						Koroğlu Azərbaycan xalqının ruhunu, igidliyini, 
						qəhrəmanlığını ifadə edən bir şəxsiyyətdir. Bakıda onun 
						heykəlinin ucalması vətənpərvərlik ruhunun daha da 
						inkişafına yardım edəcəkdir. Əfsanəvi Qıratın belində 
						Koroğlunun Misri qılıncı qaldırması bizi torpaqlarımızı 
						azad etməyə çağırır, bizi qəhrəmanlığa, Koroğlu ruhunu 
						yaşatmağa çağırır.  
						
						Mən bir daha, cənab Prezident, Sizi təbrik edirəm, 
						heykəlin müəllifi Tokay Məmmədovu təbrik edirəm və bütün 
						bakılıları, bütün azərbaycanlıları təbrik edirəm. Sağ 
						olun! 
						
						
						*** 
						
						Sonra Prezident İlham Əliyevə və xanımı Mehriban 
						Əliyevaya abidə və onun yerləşdiyi Koroğlu parkı 
						haqqında ətraflı məlumat verildi. 
						
						Bildirildi ki, geniş abadlıq və yaşıllaşdırma işləri 
						aparılmışdır. Ümumi sahəsi 1,3 hektar olan parkın 4620 
						kvadratmetrlik ərazisinə qranit plitələr döşənmişdir. 
						Burada əhalinin istirahəti üçün nümunəvi şərait 
						yaradılmışdır. 
						
						Məlum olduğu kimi, 2009-cu il dekabrın 3-də Azərbaycan 
						Prezidenti İlham Əliyev xalq qəhrəmanı Koroğluya Bakı 
						şəhərində abidə ucaldılması ilə bağlı sərəncam 
						imzalamışdır. Tezliklə Bakı Şəhər İcra Hakimiyyəti 
						paytaxtın Azadlıq və Vaqif prospektlərinin kəsişməsində 
						yerləşən parkda abidənin ucaldılması ilə bağlı hazırlıq 
						işlərinə başlamışdır. Görülən işlərin miqyasını və 
						əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyev 2010-cu 
						il dekabrın 24-də xalq qəhrəmanı Koroğlunun abidəsinin 
						ucaldılması ilə əlaqədar bəzi tədbirlər haqqında daha 
						bir sərəncam imzalamışdır. 
						
						Diqqətə çatdırıldı ki, abidənin yerdən hündürlüyü 23 
						metrdir. Qəhrəman Koroğlunun Qıratın belində əzəmətli 
						abidəsi Ukraynada bürüncdən tökülmüşdür.  
						
						Prezident İlham Əliyev Koroğlu parkında görülmüş 
						işlərdən razılığını bildirdi. 
						
						
						*** 
						
						Sonda xatirə şəkli çəkdirildi.  
						
						
						AzərTAc |