Bakının
Balaxanı qəsəbəsində yerləşən 69 nömrəli tam orta
məktəbdə "Yeni fənn kurikulumlarının tətbiqi, təhsilin
keyfiyyəti, ibtidai siniflərdə kurikulum sisteminin
həyata keçirilməsinin vəziyyəti" mövzusunda
elmi-praktik konfrans keçirildi. Konfransda məktəbin
müəllim, şagird kollektivi ilə yanaşı, Bakı Şəhəri üzrə
Təhsil İdarəsindən, Sabunçu Rayon İcra Hakimiyyətindən
nümayəndələr, məktəb direktorları, valideynlər və digər
qonaqlar iştirak edirdilər.
Əvvəlcə qonaqlar məktəbin foyesində açılmış şagirdlərin
əl işlərindən ibarət rəsm sərgisi ilə tanış oldular.
Konfransı giriş sözü ilə açan təhsil ocağının direktoru
Xalıqverdi Abbasov şagirdlərin istedadının inkişaf
etdirilməsi üçün məktəbdə hər cür şəraitin yaradıldığını
dedi. Direktor təhsil ocağında təlimin keyfiyyətini
yüksəltmək məqsədilə görülən işlər, yeni kurikulumların
tətbiqi vəziyyəti barədə məlumat verdi. Bildirdi ki,
müasir təlim metodlarından istifadə sahəsində
qazanılmış təcrübəni nümayiş etdirmək üçün tez-tez "açıq
dərs"lər keçirilir.
Konfrans çərçivəsində iştirakçılara ibtidai siniflərdə
təşkil olunan "açıq dərs"lər barədə məlumat verildi.
Qonaqlar həmin dərslərdə iştirak etməyə dəvət edildilər.
Məktəbin I, II, III siniflərində keçilən "açıq dərs"lər
dinlənildikdən sonra onların müzakirəsi aparıldı.
Müzakirələrdə çıxış edənlər dinlədikləri dərslərin
kurikulumun tələblərinə uyğun keçdiyini, müasir təlim
metodlarından, resurslardan geniş istifadə olunduğunu
bildirdilər. Təhsil ocağında bu sahədə görülən işlər
yüksək qiymətləndirilərək müəllimlərə bəzi təklif və
tövsiyələr verildi.
Rəşad ZİYADOV |