Sizə
ömrünü müqəddəs müəllimlik peşəsinə bağlayan bir insan
haqqında söhbət açmaq istəyirəm. Həyatının 35 ildən
artıq bir dövrünü şagirdlərin təlim-tərbiyəsinə, onlara
tarix fənnini elmi əsaslarla öyrədilməsinə həsr edib. Bu
gün təhsil sistemində islahatlar aparıldığı bir dövrdə
çalışdığı Lənkəran Şəhər Təhsil Şöbəsində üzərinə düşən
vəzifələrin öhdəsindən bacarıqla gəlir. O, ömrünün
müdrik çağını yaşayaraq, vurğunu olduğu şərəfli işini
inamla davam etdirir. Bu gözəl insan, gözəl müəllim,
əvəzolunmaz dost və nəhayət, tələbə yoldaşım Qəhrəman
Hüseynovdur.
Onunla Azərbaycan Pedaqoji İnstitutunun (indiki
Azərbaycan Dövlət Pedaqoji Universiteti) tarix
fakültəsində oxuyub, xoş xatirələrlə dolu tələbəlik
illərinin sevincini, kədərini bir yerdə yaşamışıq. Ali
təhsilimizi başa çatdırandan sonra hər birimiz ayrı-ayrı
rayonlara təyinat aldıq. Qəhrəmanın təyinatını isə
doğulub boya-başa çatdığı Lənkərana verdilər. O, qısa
müddət ərzində ona bəslənilən etimadı doğrultdı.
Qayğıkeş müəllim kimi sevildi, ucaldı, hamının hörmətini
qazandı. Elə bunun nəticəsidir ki, həyatda çox şey
dəyişsə də Qəhrəman müəllimə bəslənən şagird məhəbbəti,
sevgisi bu gün də qalmaqdadır.
Q.Hüseynov 1952-ci ildə Lənkəran şəhərində ziyalı
ailəsində dünyaya göz açıb. O, 1978-ci ildə V.İ.Lenin
adına APİ-nin tarix fakültəsini bitirəndən sonra
təyinatla 113 nömrəli KOTPM-də pedaqoji fəaliyyətə
başlayıb. Sonra Lənkəran şəhər 5 nömrəli orta məktəbdə
müəllim, direktor müavini, Lənkəran şəhər 10 nömrəli
orta məktəbdə təlim -tərbiyə işləri üzrə direktor
müavini işləyib. Bir müddət başqa sahələrdə çalışdıqdan
sonra 1997-ci ilin oktyabrından yenidən pedaqoji sahəyə
qayıdıb. 1999-cu ilin sentyabrından Lənkəran şəhər
xarici dillər təmayüllü gimnaziyada tərbiyəçi-müəllim
işləyib. Həmin ilin oktyabrından isə Lənkəran ŞTŞ
metodkabinetinin müdiridir. Qəhrəman müəllim həmçinin "Sinif
rəhbərinin gündəliyi", "Dərs dinləmə kitabı" metodik
vəsaitlərin hazırlanmasında böyük əmək sərf edib. "Fransada
təhsil, islahat keçirən təhsil sistemi üçün mülahizə və
təkliflər", "Demokratiya üçün təhsil", "Məktəbdə
demokratiyanın tədrisi" və s. seminarların fəal
iştirakçısı kimi sertifikatlara layiq görülüb.
Eyni zamanda Qəhrəman müəllimin metodkabinet müdiri kimi
gördüyü işlər də diqqət mərkəzindədir. Onun rəhbərliyi
ilə il ərzində pedaqoji kadrların ixtisasının
artırılması və yenidənhazırlanması təşkil olunmuş, aylıq
və qısamüddətli ixtisasartırma kurslarına 160 nəfər cəlb
olunmuşdur. Bununla yanaşı, FHN-nin Mülki Müdafiə
kurslarına rəhbər işçilərin göndərilməsi təşkil edilib.
Azərbaycan Müəllimlər İnstitutunda "Öyrədənlərin
öyrədəni" təlim kursuna və "Təhsil menecerləri" kursuna
da qabaqcıl müəllimlərin göndərilməsi təmin edilib.
Bu il IV siniflərdə fənn kurikulumları ilə dərs deyəcək
ibtidai sinif müəllimlərinin 10 günlük seminarları
keçirilib. Növbəti ilə V sinifdə dərs deyəcək müəllimlər
dəqiqləşdirilərək onlar üçün seminarlar nəzərdə tutulub.
Mütəmadi olaraq seminarlar, "dəyirmi masa"lar təşkil
olunub, şöbədə kurikulum məsləhət saatlarının
keçirilməsi üçün qrafik tutulub.
Məktəblərin 20-yə yaxın müəlliminin qabaqcıl iş
təcrübəsi öyrənilib metodiki şurada müzakirə edilib.
İstedadlı şagirdlərin aşkara çıxarılmasında mühüm vasitə
olan olimpiada, müxtəlif müsabiqə və yarışların
keçirilməsinə də böyük əhəmiyyət verilib. Bildiyiniz
kimi, Təhsil Nazirliyi Sumqayıt ŞTŞ-ın qabaqcıl
təcrübəsinin respublikada yayılmasını qərara almışdı.
Bununla əlaqədar olaraq Lənkəran ŞTŞ metodkabineti
Sumqayıtın qabaqcıl təcrübəsindən, oradan tədris işləri
üzrə direktor müavini, uşaq birliyinin, psixoloqun və
məktəb kitabxanasının nümunəvi iş planlarından istifadə
edərək, yerli şəraitə müvafiq tərtib edib məktəblərin
istifadəsinə çatdırıb.
Təhsil nazirinin "Dayaq məntəqələrinin yaradılması
barədə" olan müvafiq əmrinə uyğun olaraq metodkabinet
rayon üzrə dayaq məntəqələri kimi nəzərdə tutulan
məktəblərin adlarını müəyyənləşdirib. 2011-ci ildə Dayaq
məntəqələrinin şurası yaradılıb. "Öyrədənləri-öyrədən"
təhsil prosesinə cəlb edilmiş müəllimlər yerlərə
qayıtdıqdan sonra aldıqları bilikləri öz həmkarlarına
öyrətmək sahəsində iş aparılır. Onların metodistlərlə
işgüzar görüşləri, "dəyirmi masa"ların, diskussiyaların
keçirilməsi təşkil edilir və s.
Göründüyü kimi, Qəhrəman müəllim öz işinə, peşəsinə
böyük məsuliyyətlə yanaşır. Sevib seçdiyi bu peşəsi ilə
də həmişə fəxr edir. Axı müəllim böyük gələcəyimizi
tərbiyə edir. Ölkə üçün layiqli vətəndaş formalaşdırır.
Qəhrəman müəllim həm də qayğıkeş ailə başçısıdır. Həyat
yoldaşı Südabə xanım Azərbaycan müəllimləri qurultayının
nümayəndəsi olub, "İlin ən yaxşı müəllimi" adına layiq
görülüb. Qızı Nigar, oğlanları Fərid və Əsəd ali
təhsilli mütəxəssislərdir. Bu il onun Şövkət adlı oğul
nəvəsi də dünyaya gəlib.
Bir müəllim ömrünün müdrik çağını yaşayan Qəhrəman
Hüseynovun 60 yaşı tamam olur. Təbii ki, biz tələbə
dostumuzun sevincinə qoşulur, ona uzun ömür, ailə
səadəti və səmərəli pedaqoji fəaliyyətində uğurlar
arzulayırıq.
Aslan İBRAHİMOV,
Lənkəran şəhər 8 nömrəli tam orta məktəbin direktoru |