Son vaxtlar respublika ictimaiyyəti arasında təhsillə
bağlı müxtəlif səviyyələrdə geniş müzakirə olunan
məsələlərdən biri ümumi orta və tam orta təhsil kursları
üzrə buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada
aparılması ilə bağlıdır. Bu cür müzakirələr, hər şeydən
əvvəl, təhsilin dövlət və cəmiyyət üçün sosial tələbə
çevrilməsindən xəbər verir.
Uzun illər pedaqoji sahədə çalışan bir təhsil işçisi
kimi, Valideyn - Müəllim Assosiasiyası üzvlərinin
əksəriyyətinin fikirlərini ifadə edərək və təhsilin
keyfiyyətindəki irəliləyişi əsas tutaraq, buraxılış
imtahanlarının bu qaydada aparılmasını müdafiə edir və
əks qütbdə duranların əsassız arqumentlərini, xüsusilə,
son illər təhsil sahəsində yüksəlişə kölgə salmaq
istəyənləri cavablandırmaq istəyirik. Təəssüf doğuran
hal budur ki, bəzən qərəzli, birtərəfli populist
çıxışlar insanlarda çaşqınlıq yaradır, onlarda yanlış
fikir formalaşdırır. Ölkə miqyasında xüsusi əhəmiyyət
kəsb edən, gələcəyə hədəflənmiş təhsil quruculuğunda
xırda qüsur və çatışmazlıqları şişirtmək əvəzinə,
ümummilli maraqlar üstün tutulmalıdır, Azərbaycanın
gələcək inkişaf modelini formalaşdıran başlıca amil
olaraq təhsilə baxış bucağı yaxşını görməyə yönəlməlidir.
Təhsilimizin durmadan artan keyfiyyət səviyyəsi ilə
bağlı yersiz qarayaxmaların formalaşdırılması
cəhdlərinin bir səbəbi də, heç şübhəsiz, Azərbaycan
təhsilində baş verən yeniliklərin və aparılan
islahatların nəticələrini biz müəllimlərin geniş
ictimaiyyətə lazımınca çatdıra bilməməyimizdir. Təhsil
Nazirliyinin xətti ilə, eləcə də təhsil sahəsinin
nümayəndələri tərəfindən "Azərbaycan müəllimi", "Təhsil
və zaman", "Təhsil problemləri" qəzetləri, "Kurikulum",
"Azərbaycan məktəbi", "Təhsil" jurnalları,
www.edu.gov.az və www.kurikulum.az portallarında,
həmçinin təhsil üzrə digər sahə qəzet və jurnallarında,
İctimai Televiziyanın "Açıq dərs" tok-şousunda və s.
yeni təhsil siyasətinə uyğun görülmüş işlər barədə geniş
ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi
istiqamətində əhəmiyyətli işlər görülsə də, görünür, bu,
hələ azdır.
Məsələnin qiymətləndirilməsinə gəldikdə isə etiraf
edilməli reallıq budur ki, uğurla aparılan islahat
proqramları nəticəsində Azərbaycan təhsili yeni inkişaf
mərhələsinə qədəm qoymuşdur. Təhsil sahəsində icra
edilən dövlət proqramları nəticəsində bütövlükdə təhsil
infrastrukturunun və təhsilin məzmununun
yeniləşdirilməsi istiqamətində mühüm nailiyyətlər əldə
edilmişdir. Dövlət siyasətinin əsas prinsiplərindən biri
kimi Azərbaycan təhsili milli mənəvi və ümumbəşəri
dəyərlərin prioritetliyi əsasında dünya təhsil sisteminə
daha geniş mənada inteqrasiya olunaraq inkişaf
etməkdədir.
Heç kim təkzib edə bilməz ki, qısa zaman kəsiyində
təhsil müəssisələrinin maddi-texniki və tədris bazası
nəzərəçarpacaq dərəcədə möhkəmləndirilmiş,
məktəblərimizin informasiya-kommunikasiya
texnologiyaları ilə təminatının əhatə dairəsi
genişləndirilmişdir. Azərbaycan məktəbinin
laboratoriyaları dünya standartları səviyyəsində müasir
avadanlıqlarla, tədris-əyani vəsaitlərlə, audio-vizual
materiallarla zənginləşdirilmişdir. Pedaqoji kadr
təminatı üzrə inkişaf proqramına uyğun olaraq, müəllim
kadrlarının seçimi istiqamətində məqsədyönlü tədbirlər
həyata keçirilməkdədir.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş
islahat proqramlarını Prezident İlham Əliyev uğurla
davam etdirir. Təhsilimizə, təhsil işçilərinə göstərdiyi
diqqət və qayğını təsdiqləmək üçün istənilən sayda misal
çəkmək mümkündür. Ölkədə fəaliyyət göstərən 4500-dən çox
ümumtəhsil məktəbi şəbəkəsinin az qala yarısı təzələnmiş
- 2161 yeni məktəb binası tikilib istifadəyə verilmişdir.
Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün
sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş
iclasındakı yekun nitqində Prezident İlham Əliyev
söyləmişdir: "Mən hesab edirəm ki, Azərbaycanda pis
vəziyyətdə məktəb olmamalıdır. Bunu ya qəzalı
adlandırmaq, yaxud da ki, pis vəziyyətdə olan məktəb
kimi qələmə vermək olar. Ancaq bütün məktəblər yaxşı
vəziyyətdə olmalıdır. Harada ki yenidən qurulmalıdır onu
edəcəyik, harada ki təmirə ehtiyac var, əlbəttə ki,
onlar təmir olunacaqdır". Həmin çıxışdan sonra
2011-2012-ci tədris ili ərəfəsində respublika üzrə 130
məktəb yenidən qurulmuş, lazımi avadanlıqlarla təchiz
edilmişdir.
2006-cı ildə Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş
"Ümumi təhsilin konsepsiyası (Milli Kurikulum)"
sahəsində davamlı islahat proqramı növbəti dərs ilindən
yeni mərhələyə qədəm qoyacaqdır. Belə ki, Milli
Kurikulum əsasında təhsil almış IV sinif şagirdləri
2012-2013-cü tədris ilindən ümumi orta təhsil pilləsində
oxuyacaqlar. Bu, özlüyündə V-IX sinif şagirdləri üçün on
milyonlarla nüsxədən ibarət yeni nəsil dərslik
komplektləri, müəllimlər üçün vəsaitlər, kurikulum
tələblərinin tətbiq ediləcəyi siniflərdə müəllimlərin
xüsusi təlimlərdən keçməsi deməkdir.
Prezident İlham Əliyevin 16 aprel 2007-ci il tarixli
2090 saylı sərəncamı ilə təsdiq etdiyi "2007-2015-ci
illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı" çərçivəsində 5000 gəncin dünyanın
nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi
nəzərdə tutulmuşdur. İndiyə kimi 1204 nəfər ölkəmizin
ehtiyac duyduğu sahələr üzrə müxtəlif təhsil
səviyyələrində təhsil almaq üçün dünyanın qabaqcıl
universitetlərinə göndərilmişdir. Hazırda dünyanın 23
ölkəsinin 200-dək nüfuzlu ali məktəbində 853 nəfər
soydaşımız təhsil alır.
Təhsil tariximizdə ilk dəfə olaraq 20-yə yaxın
inkişafyönümlü dövlət proqramı təsdiq olunmuş və uğurla
həyata keçirilməkdədir. Məhz bu reallıqların nəticəsidir
ki, təhsil sahəsində aparılan islahatları yüksək
qiymətləndirən ölkə başçısı İlham Əliyev demişdir:
"Təhsil Nazirliyində düşünülmüş proqram, konsepsiya
vardır".
Göründüyü kimi, qarşıda informasiya cəmiyyətində yaşayıb
fəaliyyət göstərməyi bacaran, rəqabət qabiliyyətli,
müasir tələblərə və şəraitə uyğun, yeni təfəkkürlü,
yüksək intellektual səviyyəli, mütərəqqi texnologiyalara
yiyələnmiş vətəndaş və şəxsiyyət yetişdirmək üçün ölkədə
real zəmin yaradılmışdır. Başqa sözlə, milli təhsil
sisteminin formalaşdırılması yolunda atılan addımlar,
yaradılan şərait onu deməyə əsas verir ki, ölkənin
artmaqda olan iqtisadi potensialının intellekt
potensialına çevrilməsi günün reallığıdır.
Milli təhsil sisteminin yeni inkişaf dövrünün bir
reallığı da təhsil sahəsində dövlət siyasətinin
prinsipləri əsasında dönmədən yeni məqsəd və vəzifələrin
müəyyənləşdirilməsidir. Pedaqoji ictimaiyyət bu mənada
əmindir ki, Prezident İlham Əliyevin sərəncamı ilə
hazırlanmaqda olan "2011-2021-ci illərdə Azərbaycan
təhsilinin inkişafı üzrə Milli Strategiya" təhsil
sahəsində yeni siyasəti reallaşdıracaq, cəmiyyətin bütün
təbəqələrini əhatə edəcək səviyyədə inkişafa imkan
yaradacaq, gələcək uğurlara yol açacaqdır.
Azərbaycanda vətəndaş cəmiyyətinin yaradılması yolunda
atılan bu kimi addımlar, eyni zamanda Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2009-cu il
tarixli, 9 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının ümumtəhsil sistemində Qiymətləndirmə
Konsepsiyası" ümumtəhsil məktəbləri şagirdlərinin bilik,
bacarıq və vərdişlərinin səviyyəsini müəyyənləşdirmək
məqsədilə yeni qiymətləndirmə sisteminin tətbiqini
zəruri etmişdir. Nəticədə, 2008-2009-cu tədris ilindən
ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış
imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılmasına
başlanmışdır.
Sual olunur: buraxılış imtahanlarının mərkəzləşdirilmiş
qaydada aparılmasına lüzum varmı? Biz qəti şəkildə
deyirik: var! Bu qənaətə gəlməyimizin səbəblərini üç
ilin təcrübəsi əsasında aşağıdakı kimi qruplaşdırmaq
istərdik:
Ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış
imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılması,
bütövlükdə, təhsil sistemimizin inkişafına xidmət edir,
təlim keyfiyyətinə müsbət mənada mühüm təsir göstərir.
Təhsil Nazirliyinin son 3 dərs ilində tam orta təhsil
səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri ilə
bağlı apardığı müqayisəli təhlilə diqqət yetirək. Aydın
olur ki, 0-20 və 20-40 faiz nəticə göstərən rayonların
sayı ilbəil azalmış, əksinə, 60-80 və 80-100 faiz nəticə
göstərənlərin sayı artmışdır.
2004, 2010 və 2011-ci illər üzrə əlaçı məzunların tələbə
qəbulundakı nəticələrinin müqayisəli təhlili də maraq
doğurur. 2004-cü ildə, yəni buraxılış imtahanlarının
mərkəzləşdirilmiş qaydada deyil, məktəblər tərəfindən
aparıldığı vaxtlar əlaçı məzunların 10,6 faizi 0-100 bal
toplayırdısa, 2010-cu ildə bu rəqəm 0,6 faizə, 2011-ci
ildə isə 0,5 faizə enmişdir. 2004-cü ildə əlaçı
məzunların 19,5 faizi 500-700 arası bal toplayırdısa,
2010 və 2011-ci illərdə bu rəqəmlər müvafiq olaraq 63,6
və 73,4 faizə qədər yüksəlmişdir.
Sirr deyil ki, şagirdlər əvvəllər yalnız ali məktəbə
qəbul zamanı seçdikləri qrup üzrə nəzərdə tutulan
fənləri oxuyur, digər fənlərə ögey münasibət
bəsləyirdilər. Bu da "Təhsil haqqında" Azərbaycan
Respublikasının Qanununda təsbit olunmuş təhsilin əsas
məqsədinin və təhsil sahəsində dövlət standartlarının
həyata keçirilməsinə əngəllər törədirdi.
Mərkəzləşdirilmiş imtahanlar şagirdlərin əsas təlim
fənlərinə münasibətini dəyişmiş, məsuliyyətini
artırmışdır. Eyni zamanda, müəllim və valideynlərin sıx
əməkdaşlığına, faydalı ünsiyyət mühitinin yaradılmasına,
X-XI siniflərdə davamiyyətin yaxşılaşmasına, cəmiyyəti
narahat edən neqativ halların aradan qaldırılmasına
səbəb olmuşdur. Yeni qayda təlim prosesinin
təkmilləşdirilməsinə diqqəti artırmış, həmçinin
cəmiyyətdə müəllimin statusunun və nüfuzunun
yüksəldilməsinə təkan verən amilə çevrilmişdir. Bütün
məktəblərdən 100 faiz mənimsəmə tələb etmək,
oxudu-oxumadı hamıya attestat vermək kimi keçmiş
SSRİ-dən qalma stereotiplərə son qoyulmuşdur. İndi həm
şagirdlərə, həm də valideynlərə aydındır ki, tam orta
təhsil haqqında attestat almaq üçün yeganə meyar
bilikdir. Bütün bu deyilənlərlə yanaşı,
mərkəzləşdirilmiş buraxılış imtahanları cəmiyyətdə
sosial ədalət prinsipinin bərqərar olmasına, əhalinin
savadlılıq səviyyəsinin yüksəldilməsinə, şagirdlərin
özünürealizə imkanlarını təmin etməyə yönəlir, ölkəmizdə
vətəndaş cəmiyyətinin qurulmasında məktəbin rolunu
artırır, yüksək bilikli kadrların hazırlığına zəmin
yaradır və s.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul
imtahanlarında məzunların 2010 və 2011-ci illərdə mümkün
olan maksimum 700 bal toplaması, istedadlı gənclərimizin
beynəlxalq bilik yarışlarında və dünya fənn
olimpiadalarında 10 qızıl, 27 gümüş və 53 bürünc olmaqla
90 medal qazanması şagird nailiyyətlərinin
qiymətləndirilməsi sahəsində həyata keçirilən
tədbirlərlə bağlıdır. Birinci hal ali məktəblərə
hazırlıq səviyyəsinin yüksəlməsindən xəbər verirsə,
ikinci hal "Xüsusi istedada malik olan uşaqların (gənclərin)
yaradıcılıq potensialının inkişafı üzrə Dövlət
Proqramı"nın icrası üzrə məqsədyönlü işin nəticəsidir.
Əlbəttə, mərkəzləşdirilmiş buraxılış imtahanlarının
üstünlükləri danılmazdır. Buraxılış imtahanlarının
mərkəzləşdirilmiş qaydada aparılması artıq özünü nəinki
doğrultmuş, zərurətə çevrilmişdir. Digər tərəfdən, bu
mütərəqqi addımın dünyada Azərbaycan vətəndaşlarının
savadlılıq indeksi üzrə göstəricilərinin
formalaşdırılması yolunda Prezident İlham Əliyevin
həyata keçirməkdə olduğu strateji kursa uyğundur.
Dövlətimizin başçısı ölkənin tərəqqisində təhsilin rolu
ilə bağlı demişdir: "İndiki zamanda yaxşı təhsil almaq
çox önəmlidir. Bu o deməkdir ki, gələcəkdə uşaqlar,
gənclər həyatda özlərinə layiq yer tutacaqlar. İnkişaf
etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, o
ölkələr inkişaf edir ki, orada təhsil yüksək
səviyyədədir, yeni texnologiyalar tətbiq olunur.
Ümumiyyətlə, dünyada gedən tərəqqinin əsas əlaməti və
səbəbi bilikdir, savaddır. Ona görə də Azərbaycanda yeni
gənc nəslin yetişdirilməsi və tərbiyə olunmasında
təhsilin, məktəbin çox böyük əhəmiyyəti var".
Beləliklə, təhsil sistemində qarşıya qoyulan məqsədlərə
çatmaq üçün mövcud reallıqlar və onların nəticələri
deməyə əsas verir ki, yaxın gələcəkdə Azərbaycanın
təhsili dünyada məhz bu meyarlarla ölçülən daha yeni
uğurlara imza atacaqdır.
Mayıl İSMAYILOV,
Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar
Elmlər Təmayüllü
Liseyin direktoru, filologiya üzrə fəlsəfə doktoru,
əməkdar müəllim |