Bu gün Azərbaycanın ucqar rayon və kəndlərində də müasir
standartlara cavab verən təhsil ocaqları fəaliyyət
göstərir. Belə məktəblərdən biri də rəhbərlik etdiyim
Qusar rayonunun Cibir kənd tam orta məktəbidir. Cari
dərs ilində məktəbdə 183 şagird təhsil alır. Onların
təlim-tərbiyəsi ilə 27 nəfər müəllim məşğuldur.
Kollektivimiz müasir məktəbin qarşısında duran,
cəmiyyətimiz üçün sağlam düşüncəli, yüksək biliyə,
möhkəm əqidəyə malik gənc nəsil yetişdirmək vəzifəsini
şərəflə həyata keçirir. Məktəb fəaliyyətinin əsas
göstəricilərindən biri məzunların ali məktəblərə
qəbuludur. Son illər məktəbimizin bu sahədə
göstəriciləri yüksələn xətlə gedir. Belə ki, əgər
2010-cu ildə məzunlarımızdan 3 nəfər respublikamızın, 2
nəfəri isə Rusiyanın ali məktəblərinə qəbul olunmuşdusa,
2011-ci ildə 11 məzundan 6 nəfəri ali məktəblərə, 1
nəfər isə kollecə qəbul olunub. Əgər Cibir kəndinin
kiçik bir yaşayış məskəni olaraq ucqar bir ərazidə
yerləşməsinə nəzər salsaq, bu uğurların təqdirəlayiq və
inkişafa hesablanmış islahatların nəticəsi olduğunu
başa düşmək olar. Belə müvəffəqiyyətlərin əldə
olunmasının səbəbi məktəbdaxili nəzarətin düzgün
qurulması, məktəbdə dərs prosesinin səmərəli təşkili,
müəllimlərin dərsə hazırlıqlı gəlməsi və şagirdlərlə
aparılan məqsədyönlü təlim-tərbiyə işinin
nəticəsidir.
Məktəbdə şagirdlərə vətənpərvərlik hissinin aşılanması
sahəsində müntəzəm işlər aparılır. İbtidai siniflərdən
başlayaraq şagirdlərə dövlətimiz, dövlət rəmzlərimiz,
milli qəhrəmanlarımız, tarixi abidələrimiz, təbii
sərvətlərimiz, ordumuz, xalqımızın qatı və məkrli
düşməni olan ermənilərin ölkəmizdə törətdikləri faciə və
vəhşiliklər barədə geniş məlumatlar verilir.
Qeyd edək ki, məktəbdə öz ixtisasını yaxşı bilən,
təhsilin səviyyəsinin yüksəlməsi qayğısına qalan
müəllimlər çoxdur. Məktəbin bütün müəllimləri İKT üzrə
təlim kurslarından keçməklə sertifikatlar almışlar.
Məktəbdə valideynlərlə sıx əlaqə yaranıb. Hər bir
müəllim başa düşür ki, o, şagirdlərlə yanaşı, həm də
valideynlərin qarşısında cavabdehdir. Bu isə
müəllimlərin məsuliyyətini artırır, onları öz üzərində
daha yaxşı işləməyə sövq edir. Məktəbdə fəaliyyət
göstərən informatika kabinetində şagirdlər nəzəri və
praktiki biliklərə yiyələnirlər. Kabinetdəki 6 kompüter
və bir ədəd noutbuk müəllim və şagirdlərin
ixtiyarındadır.
Dair MƏCİDOV,
Qusar rayon Cibir kənd
tam orta məktəbinin direktoru |