Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

17 Fevral 2012 - №07

 

Arzuları bitib-tükənməyən insan

 

Məktəb rəhbəri  ən yaxşı təşkilatçı-pedaqoq, ən yaxşı müəllim, ən yaxşı tərbiyəçi olmalıdır. Bu keyfiyyətləri özündə birləşdirən məktəb rəhbəri  biliyi, savadı, bacarığı, işgüzarlığı,  təşəbbüskarlığı, bütün varlığı və   mənəviyyatı ilə hamıya nümunə olmaqla seçilməlidir. Belə ziyalılardan biri də tanınmış pedaqoq, səmimi  insan Vaqif Ağababa  oğlu Hüseynlidir.  O bu gün ömrünün kamillik zirvəsini yaşayır. Şərəfli peşəsi ilə fəxr edən, qəlbi pak, amalı işıqlı olan bu ziyalı 1942-ci il fevralın 9-da Bakı şəhərində doğulub. Orta məktəbi bitirdikdən sonra  APİ-nin (Azərbaycan Dövlət Pedaqoji Universiteti) fizika və ümumi texniki fənlər fakültəsinə daxil olub və 1966-cı ildə  həmin ali məktəbi bitirib. Əmək fəaliyyətinə müəllim kimi  Ceyranbatan fəhlə-gənclər məktəbində başlayıb.

25 il orta ixtisas məktəblərində işləyib. 14 il Bakı Yerli Sənaye Texnikumunda, 11 il Bakı Yeyinti Sənaye Texnikumunda əvvəlcə müəllim, şöbə müdiri, sonra isə direktor müavini vəzifələrində çalışıb.  1984-cü ildə  SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin "Orta ixtisas təhsili əlaçısı" döş nişanı ilə təltif olunub.  1995-ci ildə  pedaqoji sahədə  təcrübəsi nəzərə alınaraq  Bakıdakı  M.Müşfiq adına 18 nömrəli  tam orta məktəbə direktor təyin edilib.

Həmin il  məktəbdə nizam-intizamın səviyyəsi kəskin şəkildə  aşağı enmiş, dərsə davamiyyət yarıtmaz təşkil olunmuşdu. Sinif otaqları, dəhlizlər, idman zalı bərbad halda idi.  Çox çəkmədi ki, bu tənəzzül   Vaqif müəllimin gərgin əməyi  və zəhməti nəticəsində tərəqqi ilə əvəz olundu. Müəllimlər  arasında səmimi münasibət, mehribanlıq yarandı, məktəb bir-birinin  ardınca  uğurlara imza atdı. 1996-cı ildən  məktəbdə M. Müşfiq günləri keçirmək ənənəvi  hal aldı.  Təhsil ocağında "Şən və hazırcavablar" klubu,  bədii özfəaliyyət qrupları  və  11 fənn metodbirləşməsini  özündə birləşdirən Metodiki şura yaradıldı.

- Məktəbin salnaməsində  ayrı-ayrı illər  xüsusi əhəmiyyət kəsb edir,-deyən müsahibim Vaqif Hüseynli bu baxımdan 1997-ci ili xüsusilə unudulmaz və əlamətdar il kimi dəyərləndirdi. Qeyd etdi ki, məhz həmin il, sentyabrın 1-də  ulu öndər Heydər Əliyev yeni dərs ilinin başlanması münasibətilə məktəbə  gəlmişdi. Elmə, təhsilə, mədəniyyətə,  ölkəmizin gələcəyi olan  gənc nəslin  təlim-tərbiyəsinə  böyük qayğı və diqqət göstərən ümummilli  lider  müəllim, şagird  və valideynləri  "Bilik günü" münasibətilə ürəkdən təbrik etdi. Heydər Əliyev  öz çıxışında latın qrafikalı yeni əlifbaya keçməyi, gənclərimizi vətənpərvərlik ruhunda tərbiyə etməyi, Azərbaycanın dövlət rəmzlərini şagirdlərimizə dərindən öyrətməyi, bayrağımıza, Vətənimizə, xalqımıza   məhəbbət hissləri aşılamağı müəllimlərimizin qarşısında  ən mühüm vəzifə kimi qoydu.   Ulu öndər  "Bilik günü"nü hər bir ailəyə, insana aid olan gün kimi dəyərləndirdi, onun tövsiyələri  hər bir müəllimin fəaliyyət istiqamətləndiricisinə çevrildi.  Bu tarixi görüşdən ruhlanan musiqi müəllimi Ş.Həsənova  və riyaziyyat müəllimi  Ş.Mehrəliyeva məktəbin himnini yaratdılar. Bu himn şagirdlərin  vətənpərvər ruhda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb edir.  Artıq  tarixə çevrilmiş həmin gündən  15 il ötməsinə baxmayaraq  tədbirin  təəssüratı yaddaşlardan silinən deyil.

Kollektivə  stimul verən bu  gəlişdən sonra  şagirdlərin  Heydər Əliyev nümunəsində  tərbiyəsi  işləri gücləndirildi.  Hər bir sinif otağında  Heydər Əliyev guşəsi yaradıldı.  Foyedə  ulu öndərin məktəbə  gəlişini əks etdirən  stend  tərtib olundu.

Ümumiyyətlə, təhsil ocağımızda  ümummilli liderin nəzəri irsi  mühüm mənbə  və vasitə kimi diqqətlə öyrənilir. 1997-ci ildən etibarən siyasi tarix kabineti  fəaliyyət göstərir. Burada keçirilən tədbirlərdə  Heydər Əliyev dühasının qüdrəti, əzmkar əməyi, ardıcıl və mübariz mövqeyi haqqında söhbətlər şagirdlərin siyasi mədəniyyətini formalaşdırır, tarixi biliklərini dərinləşdirir. Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin şagirdlərimizə öyrədilməsi 2 istiqamətdə - dövlət proqramları ilə əlaqədar  mövzuların tədrisi zamanı və sinifdənxaric  tədbirlərdə  həyata keçirilir. Bu proses ibtidai siniflərdən başlayaraq  bütün təhsil mərhələlərini əhatə edir.  

Direktorla söhbət zamanı öyrəndik ki, məktəbdə tərbiyə işi 3 konsepsiya əsasında həyata keçirilir: məktəbdə ənənəvi olan Müşfiq günlərinin keçirilməsi; "Şəhidlər xalqın sönməyən çıraqlarıdır" mövzusunda tədbirlərin keçirilməsi; "Xəbərlər sorağında" adlı görüşün keçirilməsi.

Məktəbdə mütəmadi  olaraq  "dəyirmi masa"lar, "açıq dərs"lər, görüşlər, ədəbi-bədii gecələr təşkil edilir. Hər il fevral ayının 21-də  beynəlxalq  "Ana dili" günü münasibətilə "Ana dili şirindir" mövzusunda ədəbi-bədii  gecə keçirilir. 1999-cu ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin keçirdiyi  "İlin ən yaxşı təlim-tərbiyə  müəssisəsi" müsabiqəsində  məktəb II yerə, 2003-cü ildə  isə I yerə layiq görülüb. Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev cənablarının  müvafiq sərəncamı ilə  2007-ci ildə  əməkdar müəllim adına layiq görülən  Vaqif Hüseynli bizimlə söhbətində rəhbərlik etdiyi  təhsil müəssisəsində  sonrakı illərdə qazanılan uğurlar  barədə də ətraflı məlumat verdi. Bildirdi ki,  2008-2009-cu tədris ilində məktəb  ölkə Prezidentinin  müvafiq  sərəncamına  əsasən keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olub. Beş müəllim  ən yaxşı müəllim adına layiq  görülüb. Tədris prosesində İKT-nin geniş tətbiqinə nail olunub.  Bu nailiyyət, şübhəsiz, pedaqoji kollektivin  gərgin əməyinin bəhrəsidir.  Müasir dövr yüksək ixtisaslı, elmi-nəzəri  və metodiki cəhətdən yetkin, səriştəli müəllim kadrlarının formalaşmasını tələb edir. Belə kadrlar olmasa, məktəbin fəaliyyətini pedaqoji  cəhətdən  məqsədəuyğun  şəkildə təşkil etmək, təlim-tərbiyənin keyfiyyətini  günün tələbləri səviyyəsinə qaldırmaq  mümkün deyil. Yeni  dərs ilinin ilk günlərində  məktəbdə  "Müasir kurikulumlar və yeni təlim strategiyaları" mövzusunda  treninq keçirilib. Maraqlı keçən treninqdə müəllimləri  düşündürən bir çox məsələlər müzakirə olunub.

...Onun müəllim ömrünü  dağ çayına bənzətmək olar. Elə bir dağ çayına ki, bu çay öz başlanğıcını durna gözlü büllur bulaqlardan almaqla  dağ aşırımlarından keçərək neçə-neçə bulaqlara qoşulub, gücünü, qüdrətini artırıb, təbiətə, insanlara saflıq gətirir. Vaqif müəllim çox mədəni, xoşrəftar, həssas bir insandır, nümunəvi ailə başçısıdır. İşinin məsuliyyətini  dərindən dərk edir, kollektivi sevir, şagirdlərlə ustalıqla dil tapır, ipə-sapa yatmayanları asanlıqla yola tez gətirir.

Belə bir deyim  var: "O yerdə ki, rəhbər öz yerindədir, orada qayda-qanun da olacaq, böyüyə-kiçiyə hörmət də". Vaqif müəllim də belə xoşbəxt taleli  insanlardandır. Ona - 70 yaşlı kamil bir insana, ülvi  hisslərlə ömür sürən  gözəl pedaqoqa  milli təhsilimizin inkişafı naminə  fəaliyyətində uğurlar, daha böyük nailiyyətlər arzulayırıq. Mənalı ömrünü gənc nəslin təlim-tərbiyəsinə  həsr edən bacarıqlı müəllimin, gözəl insanın, sədaqətli dostun  ömür yolu pedaqoji ictimaiyyətə  və insanlığa bir nümunədir. Xalq şairi  Bəxtiyar Vahabzadənin şam haqqında yazdığı  şeirdən bir parçanı xatırlatmaqla  Vaqif müəllim haqqında söhbətə nöqtə qoyuram: 

Yaşamaq yanmaqdır, yanasan gərək,

Həyatın mənası yalnız ondadır.

Şam əgər yanmırsa, yaşamır demək

Onun da həyatı yanmağındadır.

 

Sifai SƏFƏROVA

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov