Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

17 Fevral 2012 - №07

 

Beynəlxalq təhsil xəbərləri

 

Türkiyədə inqilabi təhsil layihəsi start götürüb

Türkiyədə FATIH (imkan və texnologiyaların genişləndirilməsi üzrə hərəkat) təhsil layihəsinin həyata keçirilməsinə başlanılıb.  Layihə ölkənin bütün məktəblərində  "ağıllı" sinif otaqları, interaktiv lövhələr və planşet kompüterlərdən istifadə etməklə   təhsil standartları və təhsilin keyfiyyətinin modernləşdirilməsini nəzərdə tutur. Layihə çərçivəsində ölkənin 17 vilayətində  52 məktəbin şagirdləri (17 milyon məktəbli) yeni tədris semestrinə onlara pulsuz verilmiş planşet kompüterlərlə başlayıblar. Təhsil Nazirliyi 52 məktəbin müəllim və şagirdlərini pulsuz planşetlə təmin edib.  Layihə üçün  İstanbul, Ankara, İzmir, Bingöl, Diyarbəkir, Ərzincan, Ərzurum, Kayseri, Mərsin, Rizə, Samsun və digər şəhərlər seçilib.

Genişmiqyaslı FATIH layihəsi dünya miqyasında eyni vaxtda bütün məktəblilərin iştirakı ilə   informasiya texnologiyalarının məktəb təhsil prosesinə inteqrasiyasının necə həyata keçirildiyini göstərən uğurlu nümunə ola bilər.   

Türkiyəli məktəblilər üçün planşet kompüterləri General Mobile və Samsung şirkətləri tərəfindən istehsal olunub. Yüksəkixtisaslı 100  mütəxəssisdən ibarət komanda müəllim və şagirdlərin layihə çərçivəsində üzləşəcəyi istənilən texniki problemin həlli ilə məşğul olacaq. Layihə çərçivəsində bütün dərs proqramı planşet kompüterlərə  yüklənib. Şagirdlər  kompüterin köməyi ilə İnternetə bağlana bilərlər.

Təhsil Nazirliyi tərəfindən işlənib hazırlanmış və Nəqliyyat və Kommunikasiya Nazirliyi tərəfindən dəstəklənən proqram bütün ölkə üzrə 40000 məktəbi və 570000 sinif otağını əhatə edir.


Almaniyalı tələbələr doğma dildə danışmağı unudur

Almaniyalı tələbələr doğma dildə ünsiyyət saxlamağı tərgidib. Tələbələr doğma dildə danışmağı yadırğayıblar; tədris kurslarının yarısı ingilis dilindədir. Alman professorların çoxu öz mühazirələrini ingilis dilində oxumağa üstünlük verir. Digər tərəfdən, ictimaiyyət ehtiyat edir ki, alman dili elm dili kimi öz əhəmiyyətini itirir. Lakin tələbələr ingilis dilinin əleyhinə deyillər. Bremen Universitetindən Oliver Barnstedt hesab edir ki, vahid elm dili müxtəlif ölkələrin alimləri arasında əməkdaşlıq və xarici elmi tədqiqat işləri ilə tanışlıq üçün geniş imkanlar yaradır.   Bremen Universiteti xarici tələbələri cəlb etmək vasitəsi kimi ingilis dilini seçib və hesab edir ki, alman ali məktəbləri təhsilin beynəlmiləlləşməsinə tərəfdardır. Lakin bir çoxları bu strategiyanı tənqid edir. Artıq bakalavriat və magistr kurslarının 70 faizi ingilis dilində tədrisə üstünlük verir. 


Amerikada xarici tələbələrə vətəndaşlıq verilə bilər

Amerikada təhsil alan xarici tələbələrə bu ölkənin vətəndaşlığı verilə bilər. ABŞ prezidenti Barak Obama ölkədə immiqrasiya islahatının həyata  keçirilməsini təklif edib. O, Amerika ali məktəblərinin xarici məzunlarına vətəndaşlıq almaq və bu ölkədə qalıb işləmələri üçün əlverişli  şəraitin yaradılmasına çağırıb. Prezidentə görə, bu, Amerika iqtisadiyyatının dirçəlməsinə kömək edəcək. Qeyd edək ki, hazırda ali təhsil diplomu alan xarici tələbələrin Amerikada qalmaq arzularını ölkənin immiqrasiya xidmət orqanları heç də dəstəkləmir. Baxmayaraq ki, xarici tələbələr  təhsillərini başa vurduqdan sonra  Optional Practical Training (OPT) proqramı üzrə  ABŞ-da birillik təcrübə keçmək hüququna malikdirlər. Prezidentin təşəbbüsünün reallığa çevrilməsi üçün təklif, ilk növbədə, Konqresdə dəstək qazanmalıdır.


Avropanın ən təhsilli ölkələri 

Avropada daha çox ali təhsilli insanlar Litva, Çexiya və Slovakiyadadır. Avropa ölkələrində  təhsil səviyyəsini öyrənən Universitetlər və Kolleclər Birliyi qeyd edir ki, britaniyalılar cədvəldə  19-cu yerdədir. Britaniyalıların yalnız 76,1 faizi A standartı üzrə təhsilə malikdir. Litvada isə bu rəqəm 92 faiz təşkil edir. 33 ölkənin yer aldığı reytinq  cədvəlində yaşı  24-dən 64-ə qədər olan əhali arasında orta təhsildən yuxarı səviyyəni Litva əhalisi göstərib. Çexiyada təhsilli insanlar 91,1 faiz,  Slovakiyada 91 faiz, Estoniyada 82 faizdir. Almaniya, Avstriya, Lüksemburq ikinci beşlikdə yer alıblar.  Reytinq cədvəli Böyük Britaniyada bu sahədə vəziyyətin acınacaqlı olduğunu göstərir. Ölkənin təhsil mütəxəssisləri qeyd edirlər ki,  britaniyalılar Avropada yüksək təhsil haqları və universitetlərdəki yerlərin azaldılması səbəbindən digər ölkələrdən geridə qalır. "Daily Mail" qəzetinin yazdığına görə, Böyük Britaniyanın bir çox rayonlarında təhsil səviyyəsi XIX əsr səviyyəsindədir.


İspaniyada oxumadan da diplom almaq olar

İspaniyada öz işinin peşəkarı olan insanlar da diplom ala bilər.

Hökumətin bəyəndiyi yeni qanun layihəsinə əsasən, müəyyən müddət ərzində hər hansı bir sahədə çalışan insan ali təhsil haqqında diplom əldə edə bilər. Qanun layihəsində qeyd olunur ki, ali təhsili olmayan təcrübəli işçilər xüsusi imtahan verə bilərlər. Bundan sonra onların bilik və vərdişləri rəsmi olaraq tanına bilər. Qanun layihəsində bildirilir ki, peşəkar bilikləri təkcə bir neçə il ərzində universitetlərə getmədən də qazanmaq olar.  Müəyyən peşəyə yiyələnmək üçün uzunmüddətli təhsilin tələb olunduğu zaman artıq arxada qalıb, artıq bunu istənilən yaş dövründə etmək olar.    


Ən yaxşı MBA proqramı

Britaniyada nəşr olunan "Financial Times" qəzeti dünyada ən yaxşı MBA proqramlarının beynəlxalq reytinqini (Global MBA Rankings 2012) tərtib edib.   Bu il reytinq cədvəlinə Stenford Universitetinin biznes-məktəbi başçılıq edir. Ötən il bu  məktəb dünyanın ən yaxşı biznes məktəblərinin üçlüyünə belə daxil ola bilməyib. Reytinqi tərtib edənlər ali məktəblər tərəfindən verilmiş məlumatlar və məzunların sorğularının nəticələrinə əsaslanırlar. Əməkhaqları,  MBA proqramını bitirdikdən sonra gəlirlərin artımı, ali məktəbdə aparılan elmi tədqiqatlar, müəllimlərin sayı və doktor dərəcəsi almış məzunların sayı kimi kriteriyalar nəzərə alınır.   "Financial Times"in versiyasına görə dünyanın ən yaxşı MBA proqramlı biznes-məktəblərin reytinq cədvəli belədir:

 1. Stenford Biznes Məktəbi (ABŞ). 2. Harvard Biznes Məktəbi (ABŞ).3. Pensilvaniya Universitetinin Biznes Məktəbi (ABŞ). 4. London Biznes Məktəbi (Böyük Britaniya). 5.Kolumbiya  Biznes  Məktəbi.      6. INSEAD (Fransa, Sinqapur). 7. Massaçusets Texnologiya İnstitutu (ABŞ). 8. IE Biznes Məktəbi (İspaniya). 9. Iese Biznes Məktəbi (İspaniya).10. Honq Konq Biznes Məktəbi (Çin). 

Xarici mətbuat materialları əsasında hazırladı:
Oruc MUSTAFAYEV 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov