Ağsu Rayon Təhsil Şöbəsinin müdiri Tahir Xasi
qəzetimizin ötən saylarının birində dərc olunmuş "Ali
təhsil tariximizdən" mövzusunda yazıya görə
redaksiyamıza minnətdarlıq məktubu göndərib. Məktubda
deyilir:
Hörmətli Bayram Hüseynzadə!
Sevimli qəzetimizin - "Azərbaycan müəllimi"nin 3 fevral
2012-ci il tarixli 5-ci nömrəsində dərc edilmiş "Ali
təhsil tariximizdən" sərlövhəli yazını və yazıya əlavə
edilmiş Azərbaycanda 1920-ci ilədək ali təhsilli
mütəxəssislərin siyahısını böyük maraqla oxuduq. Bu
yazı təhsilimizin tarixinə - xüsusən də xalqımız üçün
həssas dövrlərdəki tarixinə maraqlı bir baxışdır.
Biz bu siyahıda o vətənpərvər insanlarla qiyabi də olsa
tanış olub fəxr edirik. 16 ali təhsilli müəllim
siyahısında Qacar soyadlı 4 qadın müəllimin (yeri
gəlmişkən onlardan 3-ü bir atanın - Ağa Ələkbərin
qızlarıdır) olması xalqımızın təhsilə, elmə olan
münasibətinin göstəricisidir. Bu faktlar bizi
istəyənləri və istəməyənləri də ciddi düşündürməlidir.
Biz özümüz də tariximizin bu şanlı, insana qürur verən
səhifələrini diqqətlə öyrənməli və öyrətməliyik.
Yazını dərc etdiyinizə görə Sizə, bu tarixi sənədləri
səbrlə araşdırıb üzə çıxardığına, təhsil tariximizə
qayğıkeşliklə və vicdanla yanaşdığına görə yazı müəllifi
- Bakı Avrasiya Universitetinin professoru Ədalət
Tahirzadəyə rayonumuzun təhsil işçiləri adından
minnətdarlığımızı bildiririk.
Ümid edirik ki, bu qəbildən olan yazılar davam edəcək və
biz onları toplayıb tədqiqat əsəri kimi yeri gəldikcə
işimizdə istifadə edəcəyik.
Hörmətlə:
Tahir XASİ,
Ağsu Rayon Təhsil Şöbəsinin müdiri |