Fevralın
16-da "Park inn" otelində Yeni Azərbaycan Partiyası
İdarə Heyətinin təşəbbüsü ilə "Azərbaycan - 2020:
Gələcəyə baxış" konsepsiyası çərçivəsində "Milli
təhsilimizin gələcəyi: əsas hədəflər və vəzifələr"
mövzusunda "dəyirmi masa" keçirildi. Tədbirdə YAP İdarə
Heyətinin və Siyasi Şurasının üzvləri, Təhsil
Nazirliyinin mərkəzi aparatının əməkdaşları, nazirliyin
struktur bölmələrinin rəhbərləri, Milli Məclisin
deputatları, ali məktəblərin rektorları, tanınmış
ziyalılar, qeyri-hökumət təşkilatlarının təmsilçiləri,
Təhsil Nazirliyinə birbaşa tabe olan ümumtəhsil
müəssisələrinin direktorları və KİV əməkdaşları iştirak
edirdilər.
"Dəyirmi masa"nı Yeni Azərbaycan Partiyası sədrinin
müavini, icra katibi Əli Əhmədov açaraq
iştirakçıları salamladı, təkliflərini qəbul edərək
Azərbaycan təhsilinin inkişaf perspektivləri ilə
əlaqədar keçirilən "dəyirmi masa"ya təşrif gətirdikləri
üçün onların hər birinə təşəkkürünü bildirdi. Giriş
sözündə Azərbaycanın sürətlə inkişaf etdiyini söyləyən
Əli Əhmədov ölkə həyatını əhatə edən islahatların,
yeniləşmə və modernləşmə proseslərinin bir tərəfdən bu
inkişafın fundamental əsası kimi qəbul olunduğunu, digər
tərəfdən isə Azərbaycanın gələcək inkişafının
əsaslarının formalaşdırılması kimi nəzərdən
keçirildiyini diqqətə çatdırdı. Qeyd etdi ki, ölkə
Prezidenti cənab İlham Əliyev Azərbaycanın 2020-ci ilə
istiqamətlənmiş inkişaf konsepsiyasının hazırlanması ilə
əlaqədar ötən il çox əhəmiyyətli bir sərəncam imzalamış
və həmin sərəncama əsasən növbəti illər ərzində
inkişafımızın əsas istiqamətlərinin və qarşıya qoyulan
hədəflərin konsepsiya şəklində müəyyənləşdirilməsi
nəzərdə tutulmuşdur.
Ölkəmizin 2020-ci ilə hədəflənmiş bu konsepsiyada
əhəmiyyətli yer tutmalı olan sahələrdən birinin təhsil
olduğunu vurğulayan icra katibi bildirdi ki, son illər
ərzində təhsil sahəsində böyük işlər görülmüş, təhsilin
inkişafı, təhsilə qayğı Azərbaycan dövlətinin
siyasətinin və hökumətin fəaliyyətinin prioritetinə
çevrilmişdir. Azərbaycanda təhsil infrastrukturunun
yeniləşdirilməsi, təhsillə bağlı bir çox dövlət
proqramlarının qəbul edilməsi və həyata keçirilməsi,
təhsilin modernləşdirilməsi istiqamətində atılan
addımlar bütövlükdə bu sahəyə göstərilən dövlət
qayğısından xəbər verir. Təhsil sahəsində görülən
işlərin, əldə olunan uğurların cəmiyyətin təhsillə bağlı
baxışlarının ciddi şəkildə dəyişdirdiyini, cəmiyyət
tərəfindən təhsilə olan tələbatın əhəmiyyətli dərəcədə
yüksəldiyini deyən Ə.Əhmədov təhsilimizin artıq öz
inkişafı ilə yeni bir mərhələyə keçməyə hazır olduğunu,
çox ciddi axtarışlar dövrü kimi xarakterizə olunan
hazırkı mərhələdə təhsilin gələcək hədəflərinin
müəyyənləşdirilməsi və aydın ifadə olunması, təhsil
dəyərlərinin, formalarının yeniləşdirilməsi,
müasirləşdirilməsi və modernləşdirilməsi, təhsilin
imicinin dəyişməsi ilə bağlı diskussiyaların
aparılmasına ehtiyac duyulduğunu söylədi və təhsilin
ayrı-ayrı sahələrində çalışan, onun inkişafında mühüm
xidmətləri olan insanların iştirakı ilə keçirilən "dəyirmi
masa"nın bu baxımdan faydalı olacağına, burada
aparılacaq diskussiya və müzakirələrdə dəyərli fikirlər
səsləndiriləcəyinə əmin olduğunu ifadə etdi və mövzu ilə
bağlı təqdimat etmək üçün sözü təhsil naziri Misir
Mərdanova verdi.
"Milli təhsilimizin gələcəyi: əsas hədəflər və vəzifələr"
mövzusunda təqdimatla çıxış edən təhsil naziri Misir
Mərdanov öncə müasir Azərbaycan dövlətinin qurucusu,
ümummilli lider Heydər Əliyevin, ölkə Prezidenti İlham
Əliyevin təhsilin əhəmiyyəti və cəmiyyət həyatında
aparıcı roluna dair fikirlərinin əks olunduğu slaydları
diqqətə çatdırdı.
Ölkəmizin 2003-cü ildən 2011-ci ilədək keçdiyi dinamik
inkişaf yolunda qazanılmış ən mühüm nailiyyətlərdən söz
açan Misir Mərdanov bu illər ərzində sosial-iqtisadi
inkişaf üzrə 60-dan çox Dövlət Proqramının qəbul
olunduğunu, yoxsulluğun səviyyəsinin 40 faizdən 7,6
faizə endiyini, 1 milyon yeni iş yerinin açıldığını,
nəticədə işsizliyin səviyyəsinin 5,4 faizə endiyini
bildirdi.
Sonra təhsil naziri Avropa-2020 strateji inkişaf
proqramının 5 əsas məqsədindən 3-nün təhsillə bağlı
olduğunu diqqətə çatdıraraq həmin proqramla əsasən
2020-ci ilədək ÜDM-dən tədqiqatlara və innovasiyalara
ayırmaların 3 faizə çatdırılmasının, ümumi təhsil
müddətini başa çatdırmadan məktəbi tərk etmə
göstəricisinin 10 faizdən çox olmamasının, məzunların
ali təhsilə cəlb olunma səviyyəsinin 40 faizə
çatdırılmasının hədəfə alındığını, birinci hədəf üzrə
ölkəmizin göstəricisinin hazırda 0,2% təşkil etdiyini,
ikinci hədəf üzrə göstəricinin 10%-dən aşağı olduğunu,
yəni bu hədəfin ölkəmiz üçün aktual olmadığını, ali
təhsilə cəlb olunmanın isə 30 faiz təşkil etdiyini
söylədi.
Nazir bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin
müvafiq sərəncamları ilə təsdiq edilmiş "Azərbaycanda
regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı
(2004-2008-ci illər)", "Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı", "2003-2005-ci illər üçün
Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və
iqtisadi inkişaf üzrə Dövlət Proqramı", "2008-2015-ci
illərdə Azərbaycan Respublikasında yoxsulluğun
azaldılması və davamlı inkişaf Dövlət Proqramı"
ölkəmizdə inkişafın əsas mənbələrini təşkil edir.
Məruzə-təqdimatında təhsilin cəmiyyətdə rolundan söz
açan nazir onun tərəqqinin hərəkətverici qüvvəsi
olduğunu, insan kapitalının və intellektual potensialın
formalaşdırılmasında, milli mənəvi dəyərlərin qorunub
saxlanmasında, şəxsin, vətəndaşın fərdi inkişafında,
yoxsulluğun aradan qaldırılması və rifah halının
yüksəlməsində, hüquqi cəmiyyətin qurulmasında mühüm rol
oynamaqla xalqın ümidli gələcəyinin təminatçısına
çevrildiyini söylədi.
Sonra təhsil naziri ölkəmizdə təhsil sahəsində aparılan
islahatların əsasını təşkil edən inkişafyönümlü
layihələr haqqında məlumat verərək 1999-2003-cü illəri
əhatə edən öyrədici innovasiya layihəsinin, 2003-2008-ci
illəri əhatə edən Təhsil Sektorunun İnkişaf Layihəsinin,
2009-2014-cü illəri əhatə edən və məqsədi ümumtəhsil
məktəblərində təlimin keyfiyyətinin yüksəldilməsi və
ümumi təhsilə ayrılmış xərclərin səmərəliliyinin
artırılması olan Təhsil Sektorunun İnkişafı Üzrə İkinci
Layihənin uğurla həyata keçirildiyini bildirdi.
Ölkəmizdə təhsilə böyük dövlət qayğısı olduğunu deyən
nazir bu qayğının ən bariz ifadəsi kimi dövlət
büdcəsinin tərkibində təhsilə ayrılan ümumi xərclərin və
investisiya xərclərinin ilbəil artdığını bildirib. İllər
üzrə artım dinamikasını əks etdirən diaqramı "dəyirmi
masa" iştirakçılarının diqqətinə çatdırdı. Qeyd etdi ki,
əgər 2004-cü ildə dövlət büdcəsindən təhsilə ayrılan
ümumi xərclər 308,3 milyon manat idisə, bu rəqəm 2011-ci
ildə 1582,9 milyon manat olmuşdur. İnvestisiya xərcləri
isə 2004-cü ildəki 5,8 milyon manatdan 2011-ci ildə
273,2 milyon manata yüksəlmişdir.
Sonra təhsil naziri Misir Mərdanov ölkəmizdə inkişafın
yeni modeli olan proqramlarla idarəetmə nəticəsində
təhsilin ayrı-ayrı pillələrində görülmüş işlər, əldə
olunmuş nəticələr və qarşıda duran vəzifələr haqqında
məlumat verdi.
Öncə təhsilin ilkin pilləsi olan məktəbəqədər təhsildən
bəhs edən nazir bildirdi ki, Azərbaycan Respublikası
Prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan
Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi
Proqramı (2007-2010-cu illər)"nın həyata keçirilməsi
nəticəsində son 4 ildə ölkə üzrə 37 yeni uşaq bağçası
inşa olunmuş, 54 müəssisə əsaslı təmir edilmiş, 2
müəssisədə bərpa-gücləndirmə işləri aparılmış, 184-ü isə
müasir avadanlıqlarla təchiz olunmuşdur. Nəticədə
məktəbəqədər təhsilə cəlb olunan uşaqların sayı 103
mindən 113 minə yüksəlmişdir. Beynəlxalq təcrübəyə uyğun
olaraq məktəbəqədər təhsilin yeni proqramı (kurikulumu),
ilk dəfə olaraq uşaq bağçaları üçün müasir tələblər
səviyyəsində 190 adda təlim vəsaitləri hazırlanmışdır.
Məktəbəqədər təhsil üzrə qarşıda duran əsas hədəflərə də
diqqəti yönəldən nazir, ölkəmizdə hazırda 16,7% təşkil
edən məktəbəqədər təhsilə cəlb olunma səviyyəsinin
inkişaf etmiş ölkələrin səviyyəsinə (80-90%)
çatdırılmasının, 5 yaşlıların icbari məktəbə
hazırlığının təmin edilməsinin, məktəbəqədər təhsil
sahəsində yeni təhsil proqramının (kurikulumun) tətbiq
edilməsinin, ölkədə erkən yaş dövrü üzrə təhsil
müəssisələrinin (bələdiyyə, icma, özəl, ailə bağçaları)
yaradılmasının, erkən yaş dövründə inkişafetdirici təlim
üzrə metodik vəsaitlərin, didaktik material və təlim
vasitələrinin hazırlanması və istifadəsinin təmin
edilməsinin bu pillə sahəsində əsas hədəflər olduğunu
söylədi.
Sonra nazir ümumi təhsil sahəsində görülmüş işlərdən və
nəticələrdən danışaraq məktəblərin maddi-texniki
bazasının gücləndirilməsi məqsədi ilə son illər
imzalanmış Prezident sərəncamlarını, məktəblərin
tikintisi, əsaslı təmiri və avadanlıqlarla təmini üzrə
qəbul olunmuş proqramları diqqətə çatdırdı. Qeyd etdi ki,
dövlət proqramları, eləcə də Heydər Əliyev Fondu və
digər mənbələr hesabına son illərdə 550 min şagird
yerlik 2200 yeni məktəb binası tikilmiş və əsaslı təmir
olunmuş, 708 məktəb müasir avadanlıqlarla, 400 məktəb
tədris laboratoriyaları ilə təchiz edilmiş, 700 məktəbin
istilik sistemi yenidən qurulmuşdur. İkinövbəli
məktəblər 73 faizdən 44 faizə, ikinci növbədə təhsil
alan şagirdlər 34,5 faizdən 21 faizə enmiş və bununla da
1 milyondan artıq şagirdin təlim şəraiti
yaxşılaşdırılmışdır.
Dövlət proqramları çərçivəsində Təhsil Nazirliyinin
fəaliyyətinə də toxunan nazir bildirdi ki, 2004-2011-ci
illərdə Təhsil Nazirliyinə tikinti və təmir işləri üçün
543,7 milyon manat vəsait ayrılmışdır. Həmin vəsait
hesabına 122 min şagird yerlik 353 məktəb, 1270 yerlik
11 uşaq bağçası, 1 peşə-tədris mərkəzi binaları, 184
məktəb üçün 49880 yerlik əlavə korpuslar inşa edilmiş,
176 məktəbdə, 50 uşaq bağçasında, 9 texniki peşə
məktəbində əsaslı təmir işləri aparılmışdır.
Məruzə-təqdimatında təhsil naziri eyni zamanda ümumi
təhsil sahəsində hədəflərdən də söz açaraq bildirdi ki,
məktəb tikintisi və əsaslı təmiri sahəsində proqramların
davam etdirilməsi vasitəsilə bütün ümumtəhsil
məktəblərinin beşgünlük iş həftəsi və birnövbəli iş
rejiminə keçməsinin təmin olunması, ümumi təhsil
müəssisələrinin şəbəkəsinin təkmilləşdirilməsi
istiqamətində rasionallaşdırma proqramının hazırlanıb
həyata keçirilməsi, təhsil müəssisələrinin fiziki
infrastrukturuna dair norma, standart və qaydaların
hazırlanması, təhsilin inkişafına və keyfiyyətinə
təminat verən regional universal mərkəzlərin, ümumi
təhsil müəssisələrində inklüziv təhsilin tətbiqi üzrə
zəruri şəraitin, istedadlı uşaqlar üçün inkişafetdirici
xüsusi fərdi proqramların yaradılması bu hədəflər
sırasındadır.
Təhsildə aparılan məzmun islahatlarından danışan nazir
bildirdi ki, beynəlxalq aləmdə təhsil sahəsində sınaqdan
çıxmış mütərəqqi təcrübələr, innovativ ideyalar,
təhsilin məqsəd və vəzifələrinə yeni baxış və yanaşmalar
Azərbaycan təhsilinə gətirilmiş, islahatların
reallaşdırılması üçün etibarlı zəmin yaradılmışdır. Bu
gün məzmun islahatlarının, ümumi təhsilin yeni modelinin
əsasını "hafizə", "yaddaş" məktəbindən "təfəkkür", "düşüncə"
məktəbinə keçid təşkil edir. Ümumtəhsil məktəblərinin
I-XI sinifləri üçün yeni təhsil proqramları (kurikulumları)
hazırlanıb təsdiq edilmişdir. 2008-2009-cu dərs ilindən
respublikanın bütün ümumtəhsil məktəblərində I
siniflərdə yeni fənn proqramlarının (kurikulumların)
tətbiqinə başlanmış, yeni fənn proqramları (kurikulumlar)
ilə tədrisə başlayan 40 minədək ibtidai sinif müəllimi
öyrədici təlim kurslarından keçirilmişdir.
Qeyd olunan illər ərzində dərslik siyasətinin də uğurla
aparıldığını vurğulayan nazir bu sahədə görülmüş işlər
və nəticələrlə də "dəyirmi masa" iştirakçılarını tanış
etdi. Nazir dedi ki, yeni fənn proqramları
(kurikulumları) əsasında tender üsulu ilə müasir dərslik
komplektləri (dərslik, müəllim üçün metodik vəsait,
şagird üçün iş dəftəri) hazırlanmağa başlanmış və proses
indi də davam etməkdədir. Ümumi təhsil sistemində
istifadə edilən 400 adda dərsliyin məzmunu
yeniləşdirilmiş, son illərdə 50 milyon nüsxədən çox
dərslik çap olunmuş və şagirdlərə pulsuz verilmişdir.
500 ümumtəhsil məktəb kitabxanasının 1098 adda 549 min
nüsxə təlim və oxu materialları ilə təchiz edilməsinə
başlanmışdır. Məktəb kitabxanaları 18 adda uşaq
ensiklopediyaları, ölkə Prezidentinin "Dünya
ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin
Azərbaycan dilində nəşr edilməsi haqqında" 24 avqust
2007-ci il tarixli Sərəncamına əsasən çap olunmuş bədii
əsərlərlə təmin edilmişdir. Heydər Əliyev Fondu
tərəfindən ümumtəhsil məktəbləri 140 adda 1,4 milyon
nüsxə tədris-əyani vəsaitlə təmin olunmuşdur. Ümumtəhsil
məktəblərinə 19 adda 351 min nüsxə xəritə verilmişdir.
Məruzə-təqdimatında şagird nailiyyətlərinin
qiymətləndirilməsi sahəsində görülmüş işlər və əldə
olunmuş nəticələr üzərində də dayanan nazir açıqladı ki,
Azərbaycan hökuməti tərəfindən 2009-cu ildə "Azərbaycan
Respublikasında ümumi təhsil sistemində qiymətləndirmə
Konsepsiyası" təsdiq edilmiş, burada yeni qiymətləndirmə
mexanizmlərinin hüquqi və təşkilati əsasları öz əksini
tapmışdır.
Həmin konsepsiyaya və dünya təcrübəsinə uyğun olaraq,
ölkənin ümumi təhsil müəssisələrində məktəbdaxili
(diaqnostik, formativ, summativ), milli və beynəlxalq
qiymətləndirməni əhatə edən yeni qiymətləndirmə
sisteminə keçilmişdir. 2005-2006-cı dərs ilindən
etibarən buraxılış imtahanlarının mərkəzləşdirilmiş
qaydada keçirilməsinə başlanmış və bu, hazırda ölkə
miqyasında tətbiq olunur.
Məqsədi istedadlı uşaq və gənclərlə iş sahəsində
səmərəli fəaliyyət sisteminin yaradılması olan "Xüsusi
istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq
potensialının inkişafı üzrə Dövlət Proqramı
(2006-2010-cu illər)"nın icrası istiqamətində görülmüş
işlərdən söz açan təhsil naziri istedadlı uşaq və
gəncləri əhatə edən məlumat bankının yaradıldığını,
lisey və gimnaziyaların şəbəkəsinin genişləndirildiyini,
maddi-texniki, tədris bazasının möhkəmləndirildiyini,
tədris-metodik təminatlarının xeyli yaxşılaşdırıldığını
bildirdi. Qeyd etdi ki, istedadlı şagirdləri vaxtında
aşkar etmək üçün bölgələrdə və Bakı şəhərində seçim
tədbirləri təşkil olunmuş, təlimdə xüsusi nailiyyətlər
qazanmış məzunların təltif edilməsi üçün qızıl və gümüş
medallar təsis edilmişdir.
Diqqətə çatdırıldı ki, 1998-2011-ci illərdə Azərbaycan
məktəbliləri dünya fənn olimpiadalarında və beynəlxalq
səviyyəli digər bilik yarışlarında 18 qızıl, 38 gümüş,
71 bürünc medala layiq görülmüşdür. Ümumtəhsil
məktəblərinin məktəbdənkənar müəssisələrə cəlb olunmuş
şagirdləri respublika və beynəlxalq yarışlarda
ümumilikdə 1886 medal, o cümlədən Avropa, dünya
birinciliyi və çempionatlarında 178 medal qazanmışlar.
Təhsil sistemində həyata keçirilən Dövlət Proqramından
birinin də "Dövlət uşaq müəssisələrindən uşaqların
ailələrə verilməsi (de-institutlaşdırma) və alternativ
qayğı Dövlət Proqramı (2006-2015-ci illər)" olduğunu
söyləyən nazir həmin proqramın həyata keçirilməsi ilə
bağlı görülmüş işləri də diqqətə çatdıraraq bildirdi ki,
proqramın icrası müddətində 149 nəfər uşaq bioloji
ailələrinin və yaxın qohumlarının himayəsinə
qaytarılmış, son iki il ərzində 10-16 yaş arası 24 nəfər
uşaq övladlığa verilmişdir. 10 internat tipli müəssisə
ümumtəhsil məktəblərinə, lisey və gimnaziyalara, ilk
peşə-ixtisas təhsili müəssisələrinə çevrilmiş, 3 dövlət
uşaq müəssisəsinin nəzdində alternativ qayğı mərkəzi
yaradılmışdır. Hazırda həmin mərkəzlərin xidmətlərindən
298 uşaq istifadə edir.
Son illərdə görülmüş işlər nəticəsində dövlət uşaq
müəssisələrində təlim-tərbiyə alan uşaqların sayı ilbəil
azalmış, 2008-ci ildəki 14389 nəfərdən 2011-ci ildə 9776
nəfərə, gecələyən uşaqların sayı isə 4055 nəfərdən 3750
nəfərə enmişdir.
Ümumi təhsil sahəsində hədəfləri diqqətə çatdıran nazir
12 illik ümumi təhsil sisteminə keçidin təmin
edilməsinin, bununla əlaqədar mövcud təhsil
proqramlarının (kurikulumların) yeniləşdirilməsinin, tam
orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə
təşkilinin təkmil mexanizmlərin yaradılmasının, yeni
kurikulumlara müvafiq dərslik komplektlərinin
hazırlanmasının və s. bu hədəflərə aid olduğunu söylədi.
Təhsil naziri "dəyirmi masa" iştirakçılarına Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin müvafiq
sərəncamları ilə təsdiq olunmuş "Azərbaycan
Respublikasında ümumtəhsil məktəblərinin İKT ilə
təminatı Proqramı (2005-2007-ci illər)" və "Azərbaycan
Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması Proqramı (2008-2013-cü
illər)"nın reallaşdırılması yönündə görülmüş işlər və
qarşıda duran hədəflər barədə də məlumat verdi. Qeyd
olundu ki, proqramların icrasından ötən müddətdə
ümumtəhsil məktəblərinə 33708 ədəd kompüter, 2809 ədəd
proyektor və noutbuk dəsti, 4000 şagirdə netbuklar
verilmişdir. Nəticədə şagird-kompüter nisbəti 2004-cü
ildəki 1:1063 nisbətindən 2011-ci ildə 1:20 nisbətinə
çatmışdır. Təhsil müəssisələrinin 75 min nəfər pedaqoji,
texniki və inzibati işçisi İKT üzrə öyrədici təlim
kurslarından keçirilmişdir. Fənlər üzrə elektron tədris
resursları hazırlanmış və istifadə olunmaqdadır.
"Elektron məktəb" layihəsinin reallaşdırılmasına
başlanmış, İnternetə qoşulan məktəblərin sayı 1200-ə
(26%) çatdırılmışdır.
Bütün təhsil müəssisələrinin müasir tələblərə cavab
verən İKT avadanlıqları ilə müntəzəm olaraq təmin
edilməsi və bu əsasda təhsilin informasiya təminatının
reallaşdırılması, hər bir müəllimin İKT bacarıqlarına
yiyələnməsi üçün çevik sistemin yaradılması və onun
resurs bazasının formalaşdırılması, bütün təhsil
pillələri üzrə Təhsilin İdarəolunmasının Məlumat
Sistemləri (TİMS) əsasında hesabatvermə, təhlil və
proqnozlaşdırma sisteminin yaradılması və müntəzəm
yeniləşməsinin təmin edilməsi, təhsil müəssisələrində
məlumat bazalarının, məzun-koordinasiya-informasiya
sistemlərinin yaradılması, onların mütəmadi
yeniləşdirilməsi və idarəetmə prosesində istifadəsinin
təmin edilməsi, təhsilin idarə edilməsi sahəsində
elektron xidmətlərin geniş tətbiqinə nail olunması bu
sahədə əsas hədəflər hesab olunur.
Təqdimatda "2005-2009-cu illər üçün Azərbaycan
Respublikasının ümumtəhsil məktəbləri şəbəkəsində
pedaqoji kadr təminatı üzrə İnkişaf Proqramı" və
"Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas
təhsili müəssisələrini bitirmiş və ümumi təhsil
müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün
əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən
edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 14 aprel 2010-cu il tarixli qərarının icrası
istiqamətində görülmüş işlər "dəyirmi masa"
iştirakçılarının diqqətinə çatdırıldı. Qeyd olundu ki,
Proqram çərçivəsində ümumilikdə 6179 müəllim
stimullaşdırıcı tədbirlər tətbiq edilməklə respublikanın
ucqar kənd məktəblərinə göndərilmiş, bu sahədə ehtiyac
minimuma endirilmişdir.
Son 2 tədris ilində 1600 nəfər gənc mütəxəssis
stimullaşdırıcı tədbirlər tətbiq edilməklə ucqar kənd
məktəblərinə göndərilmişdir.
Ölkə üzrə pedaqoji kadrların seçilib yerləşdirilməsində
obyektivliyi, şəffaflığı və keyfiyyəti təmin etmək
məqsədilə 2008-ci ildən etibarən müəllimlərin işə qəbulu
beynəlxalq təcrübə nəzərə alınmaqla müsabiqə yolu ilə
mərkəzləşdirilmiş qaydada İKT tətbiq edilməklə həyata
keçirilməyə başlanmışdır.
2011-2012-ci dərs ilində bu mexanizm daha da
təkmilləşdirilmiş, elektron ərizə, elektron imtahan,
elektron yerləşdirmə tətbiq edilməklə prosesə təsir və
müdaxilələr tam aradan qaldırılmışdır.
Pedaqoji kadr təminatı sahəsində hədəflərdən söz açan
nazir ucqar kənd məktəblərinin pedaqoji kadrlarla
təminatı üçün nəzərdə tutulmuş maddi stimullaşdırma
tədbirlərinin gücləndirilməsinin və digər tədbirlərin
nəzərdə tutulduğunu söylədi.
Nazir daha sonra Azərbaycanda texniki peşə təhsilinin
yenidən qurulması və beynəlxalq standartlara
uyğunlaşdırılması məqsədi ilə həyata keçirilmiş işləri
qeyd edib, müəyyən peşələr üzrə müasir tələblərə cavab
verən təhsil proqramlarının (kurikulumların)
hazırlandığını, peşə-ixtisas təsnifatının
yeniləşdirildiyini, təhsil tarixində ilk dəfə olaraq
ayrı-ayrı peşələr üzrə 38 adda milli dərsliyin tərtib
edildiyini, 32 adda tədris-əyani vəsaitin hazırlanaraq
istifadəyə verildiyini, dünya təcrübəsində sınaqdan
çıxmış innovasiyaların ölkənin peşə təhsilində tətbiqinə
başlandığını və hazırda beynəlxalq təşkilatlarla birgə
10-a yaxın layihəni həyata keçirilməkdə olduğunu, son
illər 2 yeni peşə-tədris mərkəzi və 1 peşə liseyinin
istifadəyə verildiyini söylədi və ilk peşə-ixtisas
təhsili sahəsində hədəfləri diqqətə çatdırdı.
Məruzə-təqdimatda bildirildi ki, "2010-2013-cü illərdə
Azərbaycan Respublikasının orta ixtisas təhsili
sistemində islahatlar üzrə Tədbirlər Proqramı"nın həyata
keçirilməsi istiqamətində də mühüm işlər görülmüşdür.
Təhsil naziri təqdimatında son illər ali təhsil
sahəsində görülmüş işlərdən, xüsusən də "2009-2013-cü
illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində
islahatlar üzrə Dövlət Proqramı"nın yerinə yetirilməsi
istiqamətində atılmış addımlara da geniş toxundu.
Bildirdi ki, ali təhsilin normativ-hüquqi bazası
yeniləşdirilmiş, bakalavriat və magistratura səviyyələri
üzrə beynəlxalq tələblərə cavab verən ixtisas
təsnifatları hazırlanmışdır. Hazırda bütün ali
məktəblərdə tədris Avropa Kredit Transfer Sisteminin
tələbləri əsasında təşkil olunur. Yaponiya hökumətinin
qrantı hesabına ali təhsildə keyfiyyətin təmin olunması,
idarəetmənin təkmilləşdirilməsi üzrə hazırlanan Dünya
Bankı ilə birgə layihə çərçivəsində metodoloji təkliflər
paketi müəyyənləşdirlmişdir. Müəssisələrin şəbəkəsi
genişləndirilmiş, maddi-texniki, tədris bazası əsaslı
şəkildə yenidən qurulmuş, müasir maliyyələşmə mexanizmi
tətbiq edilmişdir. Bu mexanizmin tətbiqi nəticəsində
əldə olunan müsbət nəticələr diqqətə çatdırıldı.
Nazir qeyd etdi ki, universitetlərdə yeni idarəetmə
strukturları (Kurikulum və qiymətləndirmə, Virtual
universitet və tədris, Elektron tədris və qiymətləndirmə,
Qeydiyyat və qiymətləndirmə, Karyera mərkəzləri və s.),
keyfiyyəti təmin edən akkreditasiya mexanizmi yaradılmış,
özünüidarəetmə orqanlarının (Qəyyumlar və himayəçilər
şurası və s.) təşkilinə başlanmış, müəssisələrin
beynəlxalq əlaqələri və beynəlxalq proqramlarda iştirakı
təmin edilmişdir. Ali məktəblərdə İKT-nin tətbiqi
genişləndirilmiş, semestr və buraxılış imtahanlarının
İKT-dən istifadə etməklə keçirilməsi ictimaiyyət
tərəfindən rəğbətlə qarşılanmışdır. Bildirildi ki, ali
təhsil sahəsində də qarşıda mühüm hədəflər durur. Bunlar
ali təhsil müəssisələri üçün universitet şəhərcikləri (kampuslar)
və texnoparkların yaradılması, ali təhsil
müəssisələrinin təhsil - tədqiqat - innovasiya
mərkəzlərinə çevrilməsinə dəstək verən və
rəqabətqabiliyyətli mütəxəssis hazırlığını təmin edən
standartların yaradılması, qabaqcıl beynəlxalq təcrübə
əsasında pedaqoji, mühəndis-pedaqoji və elmi-pedaqoji
kadr hazırlığı üzrə müasir təhsil proqramlarının (kurikulumların)
hazırlanmasının təmin edilməsi və sairdir.
Təqdimatda "2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"ndan da
söz açıldı və bildirildi ki, proqram çərçivəsində
indiyədək 1204 nəfər xaricdə təhsil almağa
göndərilmişdir. Onlardan 853 nəfər hazırda 23 ölkənin
200-dək ali məktəbində təhsil alır. 322 nəfər təhsilini
başa çatdırmışdır. Ümumilikdə isə Proqram, digər
mənbələr və şəxsi təşəbbüslər hesabına hazırda 10700
nəfər azərbaycanlı gənc dünyanın aparıcı
universitetlərində oxuyur, Azərbaycanın ali
məktəblərində isə 7 min nəfərdən çox əcnəbi tələbə
təhsil alır.
Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ
qazananların sayını, onların və cari tədris ilində bu
hüququ qazananların təhsil aldığı ölkələr üzrə statistik
məlumatı əks etdirən slaydlar "dəyirmi masa"
iştirakçılarına təqdim olundu. Bildirildi ki, 2015-ci
ilədək xarici ölkələrin aparıcı universitetlərində
təhsil alan tələbələrin sayının 5 min nəfərə
çatdırılması, xaricdə təhsil alaraq məzun olmuş
mütəxəssislərin potensialından ölkənin sosial-iqtisadi
inkişafında səmərəli istifadənin təmin edilməsi xaricdə
təhsil sahəsində qarşıda duran əsas hədəflərdəndir.
Təqdimatda əlavə təhsil sahəsində görülmüş işlər və
hədəflər, 2009-2013-cü illəri əhatə edən Dünya Bankı ilə
dövlət investisiyaları üzrə kadr potensialının
gücləndirilməsi layihəsi haqqında da məlumat verildi.
Təhsil naziri Misir Mərdanov ali məktəb elminin mövcud
vəziyyətini, ali təhsil müəssisələrinin elmi
potensialını əks etdirən statistik məlumatları diqqətə
çatdırıb, elm bölməsi və təhsil sahəsində tədqiqatlara
ayrılmış vəsaitin 2007-2011-ci illər üzrə statistikasını
əks etdirən diaqramları nümayiş etdirdi.
Ali məktəb elmi sahəsində hədəflərdən söz açan təhsil
naziri bildirdi ki, ali təhsil müəssisələri nəzdindəki
elmi-tədqiqat institutlarının və mərkəzlərin inkişaf
etdirilməsi, texnoparkların yaradılması, elmi-tədqiqat
institutları və Respublika elmi-pedaqoji kitabxanası
üçün müasir standartlara cavab verən binaların tikilməsi
və onların müvafiq avadanlıqla təchiz edilməsi, ali
təhsil sisteminin kadr potensialının və elmi-pedaqoji
kadr hazırlığının Avropa standartlarına uyğun
formalaşdırılması, gənc kadrların elmə cəlb edilməsi
məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi bu
hədəflər sırasındadır.
Təqdimat başa çatdıqdan sonra mövzu ətrafında
müzakirələr oldu. Müzakirələrdə çıxış edən Bakı Dövlət
Universitetinin rektoru, akademik Abel Məhərrəmov,
AMEA-nın müxbir üzvü Asəf Hacıyev, Azərbaycan Dövlət
Pedaqoji Universitetinin rektoru, AMEA-nın müxbir üzvü,
professor Yusif Məmmədov, Azərbaycan Memarlıq və İnşaat
Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova,
AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov, Bakıdakı
akademik Zərifə Əliyeva adına tam orta məktəbin
direktoru Məhəbbət Vəliyeva, Milli Məclis sədrinin
müavini Bahar Muradova təhsil nazirinin təqdimatını
yüksək qiymətləndirib müzakirə olunan məsələ barədə öz
fikirlərini bildirdilər, təkliflər irəli sürdülər.
Yusif ƏLİYEV |