Bakı
Dövlət Universitetində Rusiya Dövlət Kitabxanasının
Virtual Oxu Zalı açılıb. MDB-yə üzv dövlətlərin
Humanitar Əməkdaşlıq üzrə Beynəlxalq Fondunun dəstəyi
ilə "MDB dövlətlərinin aparıcı ali təhsil məktəblərinin
kitabxanalarında və milli kitabxanalarda Rusiya dövlət
kitabxanasının dissertasiyaların Elektron
kitabxanalarının Virtual Oxu Zalları" layihəsi
çərçivəsində açılan Virtual Oxu Zalı BDU-ya Rusiya
Dövlət Kitabxanasının dissertasiyalarının Elektron
kitabxanasından bir təqvim ili müddətində istifadə etmək
imkanı verəcək.
Virtual Oxu Zalının açılışında iştirak etmək məqsədilə
Rusiya Dövlət Kitabxanasının baş direktoru Aleksandr
Vislovun başçılıq etdiyi nümayəndə heyəti BDU-da olub.
Nümayəndə heyətini qəbul edən BDU-nun rektoru, akademik
Abel Məhərrəmov Elektron kitabxanaların yaradılmasının
çox vacib məsələ olduğunu qeyd edərək BDU-nun
kitabxanaçılıq və informasiya fakültəsində tətbiq olunan
yeniliklərdən söhbət açıb.
Rusiya Dövlət Kitabxanasının baş direktoru A.Vislov, öz
növbəsində, Rusiyada da bu problemin çox aktual olduğunu
diqqətə çatdırıb və problemin həlli ilə əlaqədar öz
təcrübələrini bölüşüb.
Qeyd edək ki, Virtual Oxu Zalı Rusiya Dövlət
Kitabxanasının ölkəmizdə açdığı ikinci zaldır.
BDU-nun Mətbuat və informasiya şöbəsi |