Fevralın
14-də Təhsil Nazirliyində "Ən yaxşı ümumtəhsil məktəbi"
və "Ən yaxşı müəllim" müsabiqələrinin Təşkilat
Komitəsinin iclası keçirilib.
İclas iştirakçılarını salamlayan təhsil naziri, "Ən
yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim"
müsabiqələrinin Təşkilat Komitəsinin sədri Misir
Mərdanov təhsil işçiləri arasında sağlam rəqabətə,
yaradıcı təşəbbüskarlığın artırılmasına yol açan
müsabiqələrin əhəmiyyətindən söhbət açıb və Təşkilat
Komitəsinin işinə uğurlar arzulayıb. Nazir bildirib ki,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı
müəllim mükafatlarının təsis edilməsi haqqında" 2007-ci
il 4 sentyabr tarixli sərəncamına əsasən, artıq 5 ildir
ki, ölkəmizdə müvafiq müsabiqələr keçirilir. Misir
Mərdanov müsabiqələrin Təşkilat Komitəsinin tərkibində
müəyyən dəyişikliklər edildiyini nəzərə çatdırıb.
Təhsil naziri "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinə
2011-ci ildə 145, 2012-ci ildə isə 151 məktəbin sənəd
təqdim etdiyini nəzərə çatdırıb. Müsabiqədə iştirak
etmək istəyən ümumtəhsil müəssisələrindən müvafiq bal
toplamış 111 məktəbin II mərhələyə buraxıldığını
bildirən Misir Mərdanov onların ayrı-ayrı rayon və
şəhərlər üzrə bölgüsünə diqqət çəkib.
Nazir "Ən yaxşı müəllim" müsabiqəsinə 2011-ci ildə 425,
bu il isə 464 nəfərin sənəd təqdim etdiyi, onlardan 456-nın
sənədinin ekspertizadan keçdiyi barədə məlumat verib.
Misir Mərdanov bildirib ki, iştirakçıların sayına görə
ibtidai sinif (67 nəfər), Azərbaycan dili və ədəbiyyat
(35 nəfər) müəllimləri üstünlük təşkil edir.
Ekspertizanın nəticələrinə görə sənədləri qəbul olunmuş
456 müəllimdən 229 nəfərin II mərhələyə buraxıldığını
söyləyən təhsil naziri onların rayon və şəhərlər, eləcə
də fənlər üzrə bölgüsünü nəzərə çatdırıb. "Ən yaxşı
müəllim" müsabiqəsi iştirakçılarının nümunə dərslərinin
təşkil olunacağı məktəblərin adlarını sadalayan nazir II
mərhələyə fevralın 20-də başlanılmasının nəzərdə
tutulduğunu qeyd edib.
Sonra "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim"
müsabiqələrinin keçirilməsi ilə bağlı bir sıra digər
məsələlər ətrafında fikir mübadiləsi aparılıb. |