Qarabağ Fondu ABŞ-da Virciniya ştatının Longfellow orta
məktəbinin 150-dək tələbə, valideyn və müəllimləri üçün
Mədəniyyət Bayramı təşkil etmişdir.
Fonddan AzərTAc-a bildirmişlər ki, tədbirin
iştirakçıları Azərbaycan mədəniyyəti ilə tanış olmaq
imkanı əldə etmişlər.
Longfellow məktəbində təşkil olunmuş Mədəniyyət Bayramı
zamanı Qarabağ Fondunun məktəbin "Valideyn və müəllim"
birliyi üçün təşkil etdiyi "Ailəni məktəbə cəlb et
həftəsi" layihəsinin və Azərbaycan mədəniyyətinin
təqdimatı tədbir iştirakçılarının böyük marağına səbəb
olmuşdur.
Qarabağ Fondu bu layihəni ABŞ-ın AXA Fondundan aldığı
qrant çərçivəsində həyata keçirir.
Tədbir layihəni dəstəkləmiş AXA Fondunun nümayəndəsinin
açılış nitqi ilə başlamışdır. Sonra Qarabağ Fondunun
icraçı direktoru Diana Altman layihənin əhəmiyyətindən
danışmışdır.
Təqdimatlardan sonra iştirakçılara Azərbaycan
mədəniyyəti haqqında vəsait təqdim olunmuş və müxtəlif
milli geyimlərimiz, rəqslərimiz nümayiş etdirilmişdir.
Qrant layihəsinin icrasının növbəti mərhələsində Qarabağ
Fondu Longfellow məktəbi üçün veb-səhifə, Azərbaycan
Mədəniyyət Mərkəzi yaradacaqdır.
Qarabağ Fondu "Ailəni məktəbə cəlb et həftəsi"
layihəsinin icrasını ABŞ-ın digər 50 dövlət məktəbində
həyata keçirməyi planlaşdırır. Fond ABŞ-ın orta təhsil
ocaqlarının direktorları üçün Azərbaycan və Qafqaz
mədəniyyəti haqqında vəsaitlərin məktəb proqramına daxil
etmələri haqqında təkliflər hazırlayır.
Qeyd edək ki, Qarabağ Fondu ABŞ-da yaradılmış və mərkəzi
ofisi Vaşinqtonda yerləşən qeyri-hökumət təşkilatıdır.
Bu təşkilat ABŞ-da QHT-lərə verilən yüksək 501 (C) 3
statusuna sahibdir. Fondun əsas məqsədi Azərbaycanı,
Dağlıq Qarabağ bölgəsini və bütövlükdə Cənubi Qafqazı
amerikalılara tanıtmaqdır. |