Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli
Məclisin deputatı Mehriban Əliyeva Rusiya
Federasiyasının dünya şöhrətli İ.M.Seçenov adına Birinci
Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru
adına layiq görülmüşdür.
AzərTAc xəbər verir ki, İ.M.Seçenov adına Birinci Moskva
Dövlət Tibb Universitetinin rektoru, Rusiya Tibb Elmləri
Akademiyasının müxbir üzvü, tibb elmləri doktoru,
professor Pyotr Qlıboçkonun bu barədə məktubunda deyilir:
"İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb
Universitetinin rəhbərliyi Azərbaycanın birinci xanımı
Mehriban Arif qızı Əliyevanın xüsusi xidmətlərinin
etirafı əlaməti və onun səhiyyə, ətraf mühitin, sülhün
və humanizmin qorunması ilə bağlı qlobal problemlərin
həllinə sanballı töhfəsinə görə ona İ.M.Seçenov adına
Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri
professoru adı verilməsi haqqında qərar qəbul etmişdir.
Xanım Əliyevanın xeyriyyəçilik fəaliyyəti Rusiya
Federasiyasında yüksək qiymətləndirilir. Heydər Əliyev
Fondunun Rusiyadakı nümayəndəliyi Rusiyanın Azərbaycanlı
Gənclər Təşkilatı ilə birlikdə bir sıra mühüm layihələr,
o cümlədən "Xərçəng xəstəliyinin milləti yoxdur",
"Gənclər QİÇS-in və narkomaniyanın əleyhinədir", "Sağlam
olmağını yəqin et" kimi layihələr, habelə
xəstəxanalarda, uşaq evlərində və veteranlar üçün
evlərdə digər xeyriyyə aksiyaları həyata keçirir. Xanım
Əliyevanın ana və uşaqların mühafizəsinə, talassemiya,
uşaq diabeti və digər xəstəliklərə qarşı mübarizəyə
yönəlmiş həyati əhəmiyyətli proqramlarda iştirakı
olduqca qiymətlidir. Bizim üçün xüsusilə əhəmiyyətli və
xoşdur ki, ali məktəbimizin məzunu olan xanım Mehriban
Arif qızı Əliyeva öz fəaliyyəti ilə İ.M.Seçenov adına
Birinci Moskva Dövlət Tibb Universitetini beynəlxalq
miqyasda tanıdır və onun nüfuzunu artırır".
Qeyd edək ki, tibb aləmində böyük nüfuz sahibi olan alim
və ictimai xadim məzunları ilə beynəlxalq miqyasda
tanınan İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb
Universitetinin Fəxri professoru adına bu vaxtadək
yalnız iki nəfər - dünya şöhrətli kardioloq, Rusiya
Elmlər Akademiyasının akademiki Yevgeni Çazov və dünya
şöhrətli ürək cərrahı, Rusiya Elmlər Akademiyasının
akademiki Leo Bokeriya layiq görülmüşlər.
AzərTAc |