| 
						
						 Fevralın 
						16-da Prezident İlham Əliyev Qusara səfəri çərçivəsində 
						şahmat mərkəzinin açılışında iştirak etmişdir. 
						
						 Dövlətimizin başçısı şahmat mərkəzinin rəmzi açılışını 
						bildirən lenti kəsdi.  
						
						 Məlumat verildi ki, şahmat mərkəzində yeniyetmələrin və 
						gənclərin idmanın bu növü ilə məşğul olmaları üçün geniş 
						imkanlar yaradılmışdır. İkimərtəbəli bina həm də rayonun 
						ümumi görkəminə əlavə çalarlar qatır. Şahmat mərkəzinin 
						ümumi həyətyanı sahəsi 1500 kvadratmetrdir. Binanın 
						ətrafında geniş abadlıq işləri görülmüşdür. 
						
						 Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, bina 
						əvvəllər "Nizami" kinoteatrı kimi fəaliyyət 
						göstərmişdir. 2009-cu ildə burada əsaslı təmir və 
						yenidənqurma işləri aparılmış və müasir tələblərə cavab 
						verən şahmat mərkəzi yaradılmışdır. Mərkəzin foyesində 
						ümummilli lider Heydər Əliyevin və Prezident İlham 
						Əliyevin ölkəmizdə idmanın müxtəlif sahələrinin, o 
						cümlədən şahmatın inkişafına göstərdikləri diqqət və 
						qayğını əks etdirən fotolardan ibarət stend 
						quraşdırılmışdır. Burada şahmatı ayaqüstü oynamaq üçün 
						iki lövhə quraşdırılmışdır. Mərkəzdə iki məşğələ otağı 
						və turnir zalı idmançıların ixtiyarına verilmişdir. 
						Turnir zalında həm respublika, həm də beynəlxalq 
						əhəmiyyətli yarışların keçirilməsi üçün geniş imkanlar 
						vardır. Zalda 40 şahmat stolu qoyulmuşdur ki, onlardan 
						10-u elektron lövhəlidir. Belə lövhəli stollarda 
						keçirilən oyunları İnternet vasitəsilə izləmək və 
						nəzarət etmək mümkündür. 
						
						 Mərkəzdə şahmat bölmələri ilə yanaşı, xarici dil və 
						kompüter kurslarının təşkili də nəzərə alınmışdır. 
						Buradakı kompüter otağında idmançılar İnternet 
						vasitəsilə şahmat oynamaq imkanı əldə etmişlər. Otaqda 
						13 kompüter quraşdırılmışdır. Mərkəzdə zəngin kitabxana 
						da yaradılmışdır. Burada gənclər tanınmış şahmat 
						ustalarının müəllifi olduğu kitablarla tanış olacaq, 
						şahmatın sirlərini daha dərindən öyrənə biləcəklər. 
						
						 Prezident İlham Əliyev zalda gənc şahmatçıların məşq 
						prosesini izlədi.  
						
						 Sonra dövlətimizin başçısı mərkəzin foyesində 
						quraşdırılmış monitorlarda 2008-ci və 2011-ci illərdə 
						Qusar rayonuna səfərlərini əks etdirən görüntülərə 
						baxdı.  
						
						 Şahmat mərkəzində yaradılmış şəraiti yüksək 
						qiymətləndirən dövlətimizin başçısı tövsiyə və 
						tapşırıqlarını bildirdi.  
						
						AzərTAc  |