| 
						
						2012-ci ilin may ayında müasir Azərbaycan ədəbiyyatının 
						görkəmli nümayəndələrindən biri, böyük şair və maarifçi, 
						tanınmış ictimai xadim, Azərbaycanın Dövlət himninin 
						sözlərinin müəllifi Əhməd Cavadın (Cavad Məhəmmədəli 
						oğlu Axundzadənin) anadan olmasının 120 illiyi tamam 
						olur.  
						
						Xalqımızın müstəqillik ideallarına bütün həyatı boyu 
						sadiq qalan Əhməd Cavad Azərbaycan poeziyasında yeni bir 
						ədəbi məktəbin bünövrəsini qoymuşdur. Şairin zəngin 
						yaradıcılığı milli azadlıq və istiqlal uğrunda mübarizə 
						motivlərinin aparıcı mövqeyi ilə səciyyələnərək dövrün 
						ictimai-siyasi mənzərəsini dolğun əks etdirir. 
						 
						
						Azərbaycan ədəbiyyatına dəyərli töhfələr vermiş Əhməd 
						Cavadın 120 illik yubileyinin layiqincə keçirilməsini 
						təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası 
						Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər 
						tutaraq, 
						
						  
						
						
						QƏRARA ALIRAM:  
						
						1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm 
						Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və 
						Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, 
						Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə 
						almaqla, Əhməd Cavadın 120 illik yubileyinə həsr olunmuş 
						tədbirlər planı hazırlayıb həyata keçirsin.  
						
						2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu 
						sərəncamdan irəli gələn məsələləri həll etsin.  
						
						
						İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
 Bakı 
						şəhəri, 
						9 
						
						fevral 
						2012-ci 
						il
 |