Xudat şəhər Nəriman Nərimanov adına 2 nömrəli tam orta
məktəbindəki dayaq məntəqəsində 2011-2012-ci tədris
ilinin birinci yarısının yekunlarına həsr olunmuş
növbəti zona müşavirəsi keçirilib. İbtidai siniflər üzrə
keçirilən yığıncaqda ərazinin 20-dən artıq şəhər, qəsəbə
və kənd məktəblərinin müəllimləri fənn kurikulumları ilə
bağlı müzakirələr aparıblar.
Tədbirdə çıxış edən məktəb dayaq məntəqəsinin ibtidai
siniflər üzrə sədri N.Əhmədova Xudat şəhər 2, 3, 4, 5
nömrəli, Xudat kənd ümumi orta, Həsənqala, Susay, Dədəli
və başqa kənd məktəblərində fəaliyyət göstərən yaradıcı
müəllimlərin öz işlərinə məsuliyyətlə yanaşaraq əldə
etdikləri nailiyyətlərdən, "açıq dərs"lərin təşkilinin
faydasından danışıb.
Sonra müşavirədə çıxış edən müəllimlər dərsliklər və iş
dəftərləri ilə bağlı fikirlərini bildiriblər. Fənn
kurikulumlarına aid təcrübə mübadiləsi aparılıb və
növbəti ayda keçiriləcək "açıq dərs"lərin tarixləri
müəyyən edilib.
Nəzakət KƏRİMOVA,
Xudat şəhər N.Nərimanov adına
2 nömrəli tam orta məktəbin müəllimi |