Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

10 Fevral 2012 - №6

 
Dünya təhsili

Cənubi Afrika Respublikasının təhsil sistemi

 
 

Cənubi Afrika Respublikası

 
   
Ərazisi:  1, 22 milyon km²
Əhalisi:

48,7 milyon nəfər

Paytaxtı: Keyptaun, Pretoriya, Blumfonteyn
Dövlət dili:

ingilis dili, isizulu, isihosa, isindebel, sisvati, afrikaans, sepedi, sesoso, setsvana, tşivenda və xitsonqa

Pul vahidi:  rand
 

Təhsil sistemi 

Doqquz əyalətdən ibarət olan Cənubi Afrika Respublikasının üç paytaxtı var. Ölkənin icraedici, qanunvericilik və hüquq-mühafizə orqanları üç paytaxtda yerləşir. Paytaxtlardan Pretoriyada icraedici, Blumfonteyndə hüquq-mühafizə, Keyptaunda isə qanunvericilik orqanları fəaliyyət göstərir.

1994-cü ilə qədər Cənubi Afrikanın təhsil sistemi irqi ayrı-seçkilik siyasəti əsasında idarə olunub. İrqi, etnik və dil qruplarına görə müxtəlif məktəblər, kolleclər fəaliyyət göstərib. Qara dərili insanlar Bantu məktəblərində, hindlilər Hind təhsil sistemi əsasında təhsil alıblar. Ağ dərili insanlar isə xüsusi məktəblərdə oxuyublar. Bu fərqlilik məktəblərin maliyyələşdirilməsində, idarə olunmasında və şagirdlər üçün yaradılan tədris şəraitində də özünü büruzə verirdi.

Təhsilin hansı dildə aparılması 1996-cı ildə qəbul olunmuş Cənubi Afrika Respublikasının Konstitusiyası əsasında tənzimlənir. Konstitusiya əsasında 11 dilə dövlət dili statusu verilib. Ölkə təhsilinin idarə edilməsinə məsul olan Əsas Təhsil Departamentinin 11 dövlət dili arasından ortaq təlim dilinin seçilməsi ilə bağlı maraqlı tərəflərlə apardığı müzakirələr hələ də tam həllini tapmayıb.

 1994-cü ildən etibarən ölkədə təhsil islahatlarının başlanılması dövrü kimi xarakterizə edilir. İslahatlarda əsas prioritet məsələlərdən biri də Cənubi Afrikada təhsil sistemində irqi ayrı-seçkilik hallarına son qoymaq və hamı üçün bərabər təhsil imkanlarının yaradılmasından ibarətdir.

1996-cı ildə qəbul olunmuş "Məktəblər haqqında" Qanuna görə, 6-15 yaşlı (I-IX siniflər) uşaqlar üçün təhsil icbari xarakter daşıyır. Ümumiyyətlə isə orta təhsil dövrü ibtidai təhsilə hazırlıq sinfindən (0-cı sinifdən) hesablanır. Odur ki, tam orta təhsil 13 il (0-XII siniflər) davam edir.

Məktəbə hazırlıq sinfinə uşaqların cəlb olunması könüllülük prinsipinə əsaslanır. İbtidai təhsil I-VI, icbari təhsil isə I-IX sinifləri əhatə edir. XI-XII siniflərdə şagirdlər universitet və ali təhsilə hazırlıq məqsədilə təmayüllər üzrə təhsil alırlar. İcbari xarakter daşımayan XI-XII siniflərdə şagirdlər texniki peşə proqramları üzrə də təhsil ala bilərlər. 2006-cı ildə qəbul olunmuş Təhsil Qanunu icbari təhsilin ödənişsiz əsaslarla həyata keçirilməsi üçün hüquqi əsas verir. Lakin bu qaydanın ölkənin bütün orta məktəblərində tətbiqi məsələsi hələlik uğurla yekunlaşmayıb.

Statistik hesablamalara görə, hazırda ölkə üzrə 26292 dövlət, o cümlədən qeydiyyatdan keçmiş 1098 müstəqil və özəl orta məktəb fəaliyyət göstərir. Həmin tədris ocaqlarında 12,3 milyon şagirdin təlim-tərbiyəsi ilə 386 mindən artıq müəllim məşğul olur.

Cənubi Afrikada digər ölkələrlə müqayisədə əhalinin ümumi savadsızlıq səviyyəsi daha yüksəkdir. Hesablamalara görə, 15 yaşına çatmış təxminən 8 milyon nəfər təhsildən kənarda qalıb. Hökumətin həyata keçirdiyi bir sıra kütləvi savadlılıq kampaniyalarına böyük həcmdə vəsait xərclənsə də, hələlik istənilən məqsədə çatmaq mümkün olmayıb. 2009-2010-cu tədris ilinin rəsmi məlumatlarına əsasən, ümumi dövlət xərclərinin təxminən 18 faizi təhsil sahəsinə sərf edilib.

Universitet və kolleclər əsasən dövlət tərəfindən maliyyələşdirilir. Dövlət tərəfindən maliyyələşdirilən ali təhsil müəssisələri ilə yanaşı, bütün səviyyələr üzrə təhsil verən özəl məktəblər də fəaliyyət göstərir.

Əvvəllər ölkə təhsilinin idarə olunması Nazirlər Kabinetinin nəzdindəki Təhsil Departamentinin üzərinə düşürdü. 2009-cu ildən təhsil sisteminin idarə edilməsi Əsas Təhsil Departamenti ilə yanaşı, həmçinin Ali Təhsil və Təlim Departamentinə həvalə olunub. Ölkədə əyalətlərin hər birində yerli təhsil departamenti fəaliyyət göstərir. Elmi tədqiqat müəssisələrinin fəaliyyətinə isə Elm və Texnologiya Nazirliyi nəzarət edir.

Cənubi Afrikada müəllim hazırlığı məsələsinə xüsusi diqqət yetirilir. Müəllim Hazırlığı və Təkmilləşdirilməsi üzrə Strateji Planlaşdırmanın Çərçivə Sənədinin qəbul olunması ilə bu məsələ daha da aktuallaşıb. Həmin sənəddə nəzərdə tutulan müddəaların həyata keçirilməsi 2011-2025-ci illəri əhatə edir.  

Məktəbəqədər təhsil 

Cənubi Afrikada məktəbəqədər təhsilin inkişafına, uşaqların təhsil həyatına hazırlanması işinə xüsusi diqqət ayrılır. Məktəbəqədər təhsil dövrü 3-6 yaşlı uşaqlar üçün nəzərdə tutulur.

Məktəbəqədər təhsil müəssisələrində əsasən, dil, riyaziyyat, həyat bilgisi, texnologiya, təsviri incəsənət və mədəniyyətlə bağlı dərslər tədris olunur. Məktəbəqədər təhsil proqramı əsas iki komponentdən ibarətdir. 4 yaşa qədər olan uşaqlar üçün xüsusi tədris proqramı tətbiq edilir. 5-6 yaşlı uşaqlara isə ibtidai məktəbə hazırlıq proqramları üzrə tədris aparılır. Uşaqlar üçün hərtərəfli inkişaf imkanlarının yaradılmasını nəzərdə tutan Uşaqların Erkən İnkişafı Proqramları uğurla həyata keçirilir və müsbət nəticələr verir.

Ölkədə dövlət məktəbəqədər təhsil müəssisələri yerli qurumlar tərəfindən maliyyələşdirilir. Özəl məktəbəqədər təhsil müəssisələrinə idarəetmə baxımından sərbəstlik verilsə də, tədris proqramlarına ciddi nəzarət olunur.

Son illər hökumət tərəfindən müvafiq istiqamətdə həyata keçirilən siyasət uşaqların məktəbəqədər təhsil müəssisələrinə cəlb olunma səviyyəsinin artırılmasına yönəlib. Əsas məqsəd bütün uşaqların erkən uşaqlıq dövründə qayğı ilə əhatə olunmasını təmin etmək və bərabər təhsil imkanlarının yaradılmasından ibarətdir. 

İbtidai təhsil 

Qeyd etdiyimiz kimi, Cənubi Afrikada orta təhsil dövrü hazırlıq sinfindən (0-cı sinifdən) başlayır. İbtidai təhsil dövrü I-VI sinifləri əhatə edir. Hazırlıq sinfinə (0-cı sinif) uşaqlar könüllülük prinsipi əsasında cəlb edilir.

Qanuna görə, 9 illik icbari təhsil tam ödənişsizdir. İbtidai təhsilin də daxil olduğu (I-VI siniflər) icbari təhsil dövrü (I-IX siniflər) aşağıdakı mərhələlərə bölünür:

* Əsas mərhələ - hazırlıq sinfindən (0 sinfindən) III sinfə qədər;

* Əsas təhsil mərhələsinin orta dövrü - IV-VI sinif;

* Yuxarı mərhələ - VII-IX sinif. 

Orta təhsil 

Cənubi Afrikada orta təhsil dövrü hazırlıq sinfindən (0-cı sinif) başlayaraq 13 il davam edir. XII sinif ali məktəbə hazırlıq dövrü hesab olunur. Tam orta təhsil müddəti 13 il olsa da, hazırlıq sinfi (0-cı sinif) və X, XI, XII siniflər (universitetlərə hazırlıq sinifləri) icbari deyil. Dərs ili yanvarın ortalarında başlayır və noyabrın sonunda başa çatır.

Dövlət məktəbləri hökumət tərəfindən maliyyələşdirilir. Ödənişsiz orta təhsildən əhalinin kasıb təbəqələri daha çox faydalanır. Özəl məktəblərdə isə təhsil xərcləri ayrı-ayrı bölgələrə və məktəblərə görə müxtəlifdir.

 İbtidai və orta məktəblərdə şagirdlər vahid məktəbli geyimindən istifadə edirlər. Hətta şagirdlərin saç düzümü də eyni olmalıdır. Oğlanlar saçlarını qısa vurdurmalı, qizlar isə saçlarını uzadaraq arxadan bağlamalıdırlar. Bu qaydalara riayət edilməsinə nəzarət məqsədilə yuxarı siniflərdə şagirdlər arasından rəhbər şagird seçilir. 

Texniki peşə təhsili 

Cənubi Afrikada texniki peşə təhsilinin inkişafına və şaxələndirilməsinə xüsusi diqqət yetirilir. Texniki peşə təhsilinə dövlət, özəl peşə məktəblərində, o cümlədən politexnik institutlarında, istehsal müəssisələrində və təlim mərkəzlərində yiyələnmək mümkündür.

Texniki peşə təhsili almaq imkanları bölgədən-bölgəyə dəyişir. Məsələn, ölkənin bəzi bölgələrində ənənəvi təlim mərkəzləri özəl istehsal sektorunda iş bacarıqlarının əldə edilməsi imkanları yaradır. Bu ərazilərdə qeyri-dövlət sektoru ölkədə həyata keçirilən peşə təliminin 90 faizdən çox hissəsi üzrə mütəxəssis hazırlığını həyata keçirir.

Ölkənin bəzi bölgələrində isə orta məktəb dövründə də texniki peşə təhsilinə yiyələnmək mümkündür. Orta məktəb dövründə həyata keçirilən texniki peşə təhsili proqramları 3 ildən 6 ilə qədər davam edə bilər.

Müəyyən hallarda 9 illik icbari təhsil dövrünü bitirərək yuxarı siniflərdə (X, XI, XII siniflərdə) oxumayan, həmçinin təhsilini ali məktəbdə davam etdirmək iqtidarında olmayan şagirdlər texniki peşə təhsilinə daha çox maraq göstərirlər. Həmin şagirdlər bununla əmək bazarında müvafiq yer tutmağı və öz sahələrinin peşəkarı kimi tanınmağı qarşılarına məqsəd qoyurlar. 

Ali təhsil 

Cənubi Afrikada universitetlərə qəbul olunmaq üçün qəbul imtahanı vermək tələb olunur. Universitetlər fəaliyyət baxımından muxtariyyət hüququna sahibdirlər. Belə ki, hər bir ali məktəb, ilk növbədə, Universitet Şurası qarşısında cavabdehlik daşıyır. Universitetlər daha sonra hökumət qarşısında cavabdehdirlər. Ölkə universitetlərində paralel olaraq bir neçə dildə tədris aparılır.

Ölkədə həm dövlət, həm də özəl universitetlər fəaliyyət göstərir. Universitetlər təhsilin keyfiyyəti və maliyyə təminatı baxımından da bir-birlərindən fərqlənirlər. Ölkədə fəaliyyət göstərən 23 dövlət, 92 özəl ali təhsil müəssisəsində həm yerli, həm də əcnəbi tələbələrə təhsil və tədqiqat sahəsində geniş seçim imkanları verilir.

Savadsızlığa qarşı son illərdə aparılan mübarizə öz nəticəsini verməkdədir. Belə ki, 2010-cu ildə ölkə üzrə əhalinin savadlılıq səviyyəsi 88 faiz təşkil edib. Bu göstərici ilə Cənubi Afrika dünyanın 180 ölkəsi arasında 107-ci yeri tutur.

Tələbələrin əksəriyyəti texniki universitetlərdə təhsil almağa üstünlük verir. Ölkədə fəaliyyət göstərən universitetlərin böyük bir qismi nüfuzlu ali məktəblər hesab olunur. Həmin ali məktəblərdə müxtəlif elm sahələri üzrə ən müasir tədqiqat işləri aparılır.

2004-cü ildə ali təhsil sahəsində başlanmış islahatlar nəticəsində Cənubi Afrikada müəyyən universitetlər birləşdirildi. Bu proses ali təhsilin keyfiyyətcə yüksəlməsinə və ölkə universitetlərinin nüfuzunun artmasına səbəb oldu. Hazırda ali təhsil sistemi əvvəlki dövrlərdən əsaslı surətdə fərqlənir.

Ölkənin nüfuzlu ali məktəblərindən biri olan Keyp Peninsula Texnologiya Universitetində 25000-ə yaxın tələbə təhsil alır. Universitetdə idarəetmə, mühəndislik, informasiya və kommunikasiya, səhiyyə və ətraf mühitlə bağlı sahələr üzrə mütəxəssis hazırlığı həyata keçirilir.

Nelson Mandela Metropolitn Universiteti və Şimal-Qərb Universiteti də ali məktəblər arasında xüsusi çəkisi ilə fərqlənir. Nelson Mandela Metropolitn Universitetində 20000-ə, Şimal-Qərb Universitetində 45000-ə yaxın tələbə təhsil alır.

Keyptaun Universiteti ölkənin ən qədim universitetlərindən biri hesab olunur. Bu ali məktəb 1829-cu ildə təsis olunub və yüksək səviyyəli tədqiqat işləri ilə məşhurdur. Tibb sahəsində ciddi uğurlara imza atan bu ali məktəbin yüksək səviyyəli mütəxəssisləri 1967-ci ildə ilk dəfə olaraq ürək transplantasiyası əməliyyatını həyata keçiriblər. Cənubi Afrika Universiteti isə dünyada distant təhsil verən ən böyük ali məktəb kimi tanınır. 

Yaşlıların təhsili və əlavə təhsil 

Digər ölkələrlə müqayisədə savadsızlıq səviyyəsinin yüksək olması Cənubi Afrikada yaşlıların təhsili məsələsini xüsusilə diqqət mərkəzində saxlanılmasını tələb edir.

Ölkədə 15 yaşlı yeniyetmələrin 24 faizi savadsızdır. Yaşlı əhalinin 5 milyona yaxın hissəsi heç vaxt məktəbə getməyib.

Hökumət savadsız əhalinin daha çox toplaşdığı əyalətlərdə biznes sektoru və qeyri-hökumət təşkilatlarının rolunu gücləndirməklə yaşlıların təhsil imkanlarını artırmağa çalışır. Yaşlıların təhsil ehtiyaclarını ödəmək və onların əmək bazarında fəaliyyət göstərmələrini təmin etmək istiqamətində bir sıra proqramlar həyata keçirilir.

Ötən əsrin ortalarında yaşlıların təhsili və təlimi istiqamətində əsasən, riyazi, oxu və yazı bacarıqlarının aşılanması əsas götürülür, ayrı-ayrı sahələrdə çalışan işçilər müvafiq proqramlara cəlb edilirdilər. Lakin hazırda yaşlıların təhsili proqramlarının əhatə dairəsi daha da genişləndirilib, insanların təhsil almasına mane olan bütün hallar, demək olar ki, aradan qaldırılıb. Xüsusilə 1994-cü ildən sonra yaşlıların təhsili və təlimi sahəsində irqi ayrı-seçkilik hallarına qarşı mübarizə gücləndirilib və hamı üçün bərabər təhsil imkanlarının yaradılması məsələsi cəmiyyətin diqqət mərkəzinə çıxarılıb.

1998-ci ildə qəbul edilmiş Əlavə Təhsil və Təlim Aktına əsasən 1999-2001-ci illərdə Əlavə Təhsil və Təlim üzrə Milli Strategiya işlənilib hazırlanıb. Ali Təhsil və Təlim Departamentinin işləyib hazırladığı bu strategiya təhsil, iş və təlimdə gənclərin sayının artırılması məqsədlərinə xidmət edir. Strategiyada, həmçinin gənclərin, eləcə də yaşlıların icbari təhsil dövründən sonrakı mərhələdə əmək bazarında öz yerlərini tuta bilməsinə köməklik göstərmək məsələləri əks olunub. Bu strategiyada peşə, texniki peşə təhsili və akademik təlim proqramları nəzərdə tutulur. Sənəd universitet və texnoloji universitetlərdə aparılan kurs işlərini, işlə inteqrasiya edilmiş təlim proqramlarını, istehsalat təcrübələrini, usta yanında təlim və şagirdçilik kimi məsələləri də əhatə edir.

Hazırda Əlavə Təhsil və Təlim sektorunda 50 kollec fəaliyyət göstərir. Bu müəssisələrdə bacarıqların inkişaf etdirilməsi istiqamətində təlimlərin aparılması əsas yer tutur. Həmin kolleclərdə 220 minə yaxın tələbə təhsil alır.  

Elmi tədqiqatlar 

Elmi və Sənaye Tədqiqatları Şurası Cənubi Afrikada elmi tədqiqatlar aparan ən aparıcı qurumlardan biridir. Bu qurum 1945-ci ildə təsis edilib. Elmi və Sənaye Tədqiqatları Şurası öz fəaliyyəti ilə əsasən, qlobal iqtisadiyyatda milli rəqabətliliyin təkmilləşdirilməsinə dəstək vermək məqsədinə xidmət edir.

Şura əsasən, özəl sektor, kiçik, orta və iri müəssisələrlə əməkdaşlığa üstünlük verir. Şuranın fəaliyyətinin tənzimlənməsində və ümumilikdə ölkədə elm strategiyasının reallaşdırılmasında Elm və Texnologiya Nazirliyi mühüm rol oynayır.

Elmi və Sənaye Tədqiqatları Şurası ali təhsil müəssisələri ilə də sıx əlaqə yaradıb. Şuranın fəaliyyətində Milli İnnovasiya Sisteminin inkişafı üçün elmi tədqiqat işlərinin aparılması, o cümlədən müasir elmi texnoloji innovasiyaların tədqiq və tətbiq edilməsi məsələləri aparıcı yer tutur. Bu qurum, həmçinin donor və maliyyə agentlikləri ilə də sıx əlaqə saxlayır, birgə layihələrin reallaşdırılmasına xüsusi önəm verir.

Şura əsasən, bioelm, ətraf mühit, müdafiə, sülh, təhlükəsizlik, informasiya və kommunikasiya, lazer texnologiyası, mineral ehtiyatlar, fəza texnologiyası, modelləşdirmə və rəqəmsal elm sahələrində tədqiqat işlərini dəstəkləyir. Son dövrlərdə bir sıra yeni tədqiqat sahələri - nanotexnologiya, sintetik biologiya, mobil özünütənzimləmə sistemləri üzrə tədqiqat işlərinə də diqqət yetirilir. 

Beynəlxalq əməkdaşlıq 

1983-cü ildən əsası qoyulmuş Cənubi Afrika Respublikası ilə Avropa İttifaqı arasındakı elmi əməkdaşlıq son illərdə daha da genişlənməkdədir. Bu baxımdan Cənubi Afrika-Avropa İttifaqı Müştərək Elmi və Texnoloji Əməkdaşlıq Komissiyasının fəaliyyəti mühüm əhəmiyyət kəsb edir.

Onu da qeyd edək ki, Cənubi Afrika Respublikası ilə Avropa İttifaqı arasındakı elmi əməkdaşlığa əsaslanan layihələrdə digər Afrika ölkələri də fəal iştirak edir. Birgə elmi konfranslar keçirilir, konkret elmi tədqiqatlara bir sıra Afrika ölkələrinin alimləri cəlb olunur.

1999-cu ildən Cənubi Afrika Respublikası ilə Çin Xalq Respublikası arasında elm və texnologiya sahəsində əməkdaşlığa dair müqavilə imzalanıb. Müqavilənin əsas məqsədi biotexnologiya, təbii ehtiyatlar, informasiya və kommunikasiya texnologiyaları sahələrində müxtəlif layihələrin maliyyələşdirilməsindən ibarətdir.

Hindistanla elm və texnologiya sahəsindəki əməkdaşlığın əsası isə 1995-ci ildə imzalanmış müvafiq müqavilə ilə qoyulub. Bu əlaqələr hər il yenilənən birgə əməkdaşlıq proqramı ilə tənzimlənir. 

Bəşarət MƏMMƏDOV,

Dilrubə BAYRAMOVA 

Yazının hazırlanmasında Cənubi Afrika Respublikasının Əsas Təhsil Departamenti, Ali Təhsil və Təlim Departamenti, eləcə də Elm və Texnologiya Nazirliyinin rəsmi məlumatlarından istifadə olunub.

 
 
 
Səhifənin başına qalx "Dünya təhsili" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov