Təhsil Nazirliyi və Dünya Bankının birgə təşəbbüsü olan
Səmərəli məktəb layihəsi özünün birinci ilinə yekun
vurdu. İki il üçün nəzərdə tutulmuş layihə ölkənin 12
məktəbini əhatə edir. Məktəblər ölkənin ən müxtəlif
regionlarının lisey statusu almış və ya bu statusu
almağa hazırlaşan ümumtəhsil müəssisələridir. "Öyrənən
məktəb" adını daşımağa da kifayət qədər iddialıdırlar.
Bu layihə təklifinin hazırlanmasında və icra olunmasında
məqsəd islahatların davamlılığını təmin etmək üçün
məktəblərin təhsildə mütərəqqi dəyişikliklərin aparıcı
qüvvəsinə çevrilməsini təmin etmək olmuşdur. Layihənin
missiyası Azərbaycanda səmərəli məktəb modelini tətbiq
və tədqiq etməkdir. Səmərəli məktəb modelində
səmərəliliyin göstəriciləri kimi təhlükəsiz və
dəstəkləyici mühit, aydın ifadə edilmiş və
xüsusiləşdirilmiş missiya, məktəb liderliyi, bütün
şagirdlər üçün yüksək gözləntilər, şagird
nailiyyətlərinin mütəmadi monitorinqi, məktəb, ev və
icma arasında qarşılıqlı müsbət ünsiyyət nəzərdə tutulur.
Bu layihə bir tədqiqat olduğu üçün elmi araşdırma işinin
formatına uyğun olaraq 3 mərhələyə bölünmüşdür:
diaqnostika mərhələsi, icra mərhələsi və nəticələrin
çıxarılması, təhlili və məktəbin inkişaf siyasətinə aid
təkliflərin hazırlanması mərhələsi.
2010-cu ilin noyabrında start verilən layihə tam gücü
ilə 2011-ci ilin fevralından fəaliyyətə başladı. 3 aylıq
hazırlıq dövrü - diaqnostika mərhələsi - layihə
məktəbləri ilə yaxından tanışlığa, mövcud vəziyyətin
qiymətləndirilməsinə, prioritet vəzifələrin
müəyyənləşdirilməsinə, görüləcək işlərin nəzəri və
praktik baxımdan sistemləşdirilməsinə sərf edildi. Bu
mərhələdə Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin (MTTYM)
mütəxəssisləri tərəfindən layihənin hər bir komponentinə
əsasən diaqnostik qiymətləndirmə meyarları hazırlanıb
məktəblərdə tətbiq olundu. Diaqnostik mərhələdə hər bir
məktəbdə 2 fokus qrup müzakirələri, 11 dərinləşdirilmiş
müsahibələr həyata keçirildi və 20 sorğu anketi paylandı.
Fokus qrup müzakirələrinin respondentləri kimi hər bir
məktəbdə 12 (9-11-ci sinif) şagird və 12 valideyn
seçildi. Fokus qrupa cəlb edilən valideynlər ibtidai
(4), orta (4) və yuxarı (4) sinif şagirdlərinin
valideynləri idilər. Beləliklə, fokus qrup
müzakirələrində hər bir məktəbdən 12 şagird və 12
valideyn olmaqla 132 şagird və 132 valideyn iştirak etdi.
Dərinləşdirilmiş müsahibələrin respondentləri isə məktəb
direktorları və ibtidai (2), orta (4) və yuxarı (4)
sinif müəllimləri oldu. Müsahibələrdə hər bir məktəbdən
direktor və 10 müəllim olmaqla 121 nəfər iştirak etdi.
Anonim sorğuların respondentləri hər bir məktəbdə 10
müəllim, ibtidai (2), orta (4), yuxarı (4) sinif
şagirdləri olmuşdur. Anonim sorğuların
cavablandırılmasında 110 müəllim və 110 şagird iştirak
etmişdir. Beləliklə, hər bir məktəbdə 55 nəfər olmaqla
bütövlükdə 605 respondent məktəbin diaqnostik
qiymətləndirilməsində iştirak etmişdir.
Diaqnostika mərhələsinin yekunları işin 6 əsas komponent
ətrafında qurulmasının zəruri olduğunu sübut etdi:
- Məktəb daxilində müəllimlərin fəaliyyəti və peşəkarlıq
səviyyəsinin yüksəldilməsi;
- Tədrisin və şagird nailiyyətlərinin keyfiyyətinin
yüksəldilməsi;
- Məktəb mühitinin inkişaf etdirilməsi və inklüziv
tədris üsulları;
- Təşkilati mədəniyyətin inkişaf etdirilməsi;
- Kitabxana və İKT-dən keyfiyyətli tədris və təlim
üçün istifadə;
- Məktəbin səmərəli idarə edilməsi və birgə (paylaşılan)
rəhbərlik (liderlik).
Məktəb daxilində müəllimlərin fəaliyyəti və peşəkarlıq
səviyyəsinin yüksəldilməsi
Bütün istiqamətlər üzrə fəaliyyət eyni zamanda başlasa
da, ənənəvi olaraq, ilk növbədə, diqqət müəllimlərin
peşəkarlıq səviyyəsinin və şagird nailiyyətlərinin
yüksəldilməsinə yönəldildi. Elə layihənin diaqnostik
mərhələsində də iştirakçı məktəblər əsas hədəf kimi
müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə
xüsusi diqqət verməyi lazım bilmişdilər. Bu məqsədlə
layihənin icraçısı olan MTTYM "Tənqidi təfəkkürün
əsasları" seçmə kursunu layihə məktəblərinin bir qrup
müəllimlərinə təlim seminarlarında təqdim etdi. Bu seçmə
kurs öz innovativ yanaşması və fəal təlimə əsaslanan
strukturu ilə Azərbaycan pedaqogikasında və seçmə fənn
kurikulumunun inkişafında yeni sözdür. Kursla tanışlıq
həm müəllimlərə, həm də şagirdlərə faydalı oldu. Təlim
seminarlarından sonra MTTYM-ə göndərilən dərslərin
videoyazıları Mərkəzin mütəxəssisləri tərəfindən
müzakirə edilmiş və həmin dərslərin daha da səmərəli
olması üçün təklif və rəylər müəllimlərə göndərilmişdir.
Maraqlı və təqdirəlayiq haldır ki, məktəb müəllimləri də
"Tənqidi təfəkkürün əsasları" dərsliyinin
təkmilləşdirilməsi istiqamətində dəyərli təkliflərlə
dərslik müəlliflərinə müraciət etmişlər. Həmin təkliflər
dərslik müəllifləri tərəfindən məmnuniyyət və təşəkkür
hissi ilə qarşılanmışdır.
"Tənqidi təfəkkürün əsasları" seçmə kursunun Səmərəli
məktəb layihəsi məktəblərində tətbiqinin ən başlıca
nəticəsi kimi bu gün onu deyə bilərik ki, yuxarı
siniflərdə seçmə fənn tətbiq etmək artıq zamanın
tələbidir. Və bu tələbə cavab verə biləcək dərs
vəsaitləri hazırlamaq vacibdir. "Tənqidi təfəkkürün
əsasları" seçmə fənni bunlardan biri ola bilər. "Natiqlik
sənəti", "Münaqişələrin həlli", "Dram sənəti", "İstehlak
mədəniyyəti" və s. kimi şagirdlərin sosial
bacarıqlarının inkişafına xidmət edən bu tipli seçmə
fənlərin proqram və dərs vəsaitlərinin hazırlanması
haqqında düşünmək lazımdır.
Məktəbdə peşəkarlığın inkişafına xidmət edən növbəti
alət - "Müəllimlərin meyarlarla qiymətləndirilməsi"
cədvəli də həm müəllimlər, həm də məktəb rəhbərliyi
tərəfindən maraqla qarşılandı. Müasir və yaradıcı
müəllimə verilən əsas tələblərin yer aldığı cədvəl
müəllimlər üçün bir stimul olmuşdur. Cədvələ nəzər salıb
özünü qiymətləndirən hər bir müəllim hansı
istiqamətlərdə uğurlu olduğunu, hansı istiqamətlərdə isə
inkişafa ehtiyacı olduğunu görür və özü üçün bir peşəkar
inkişaf planı hazırlaya bilir.
Məktəbin səmərəli idarə edilməsi və birgə (paylaşılan)
rəhbərlik (liderlik)
Məktəbin səmərəli idarə edilməsi və birgə (paylaşılan)
rəhbərlik komponenti üzrə işimizi qurmaq üçün yetərincə
ədəbiyyata və dünya təcrübəsinə müraciət edildi.
Qurduğumuz konsepsiyada əsas məqamlardan biri səmərəli
məktəbdə aydın ifadə edilmiş və xüsusiləşdirilmiş
missiyanın olmasıdır. Məktəb kollektivi missiyanın,
təlim məqsədlərinin, prioritetlərin və qiymətləndirmənin
məzmununu anlayır və vəzifələri bölüşdürür. Məktəb
kollektivi bütün şagirdlər üçün təlim missiyasının
məqsədlərinə çatmaq işində öz məsuliyyətini anlayır.
Səmərəli məktəbdə direktor "davamçıların lideri" yox, "liderlərin
lideridir". Direktor və bütün işçilər məktəb
liderliyində fəal rol oynayırlar. Direktor təlimatçı,
tərəfdaş və ruhlandırıcı rollarını özündə birləşdirir.
Bu yanaşmanı layihə məktəblərinin direktorları ilə
bölüşmək üçün ötən ilin may ayının 7-8-də Bakıda məktəb
rəhbərləri üçün seminar keçirildi. İştirakçılarda məktəb
liderliyi, məktəb menecmenti, ünsiyyət mədəniyyəti və s.
haqda bilik və bacarıqların formalaşdırılması və inkişaf
etdirilməsi seminarın əsas məqsədi oldu. Seminar
iştirakçılarına müasir məktəb idarəçiliyinə dair
vəsaitlər təqdim olundu.
Bunun ardınca hər bir layihə məktəbində məktəbin
strateji planlaşdırılmasına həsr olunmuş seminarlar
keçirildi. Seminarları keçirməkdə məqsəd məktəb
kollektivlərinə məktəb işinin strateji planlaşdırılması
haqda zəruri məlumat və planlaşdırma bacarıq və
vərdişləri vermək, məktəblərin güclü və zəif cəhətlərini
və gələcək fəaliyyət istiqamətini müəyyən etmək,
məktəblərə 2 illik strateji plan hazırlamaqda kömək
etmək, strateji planlaşdırma bilik və bacarıqlarından
mütəmadi istifadə vərdişləri aşılamaq olmuşdur.
Artıq iyun ayında MTTYM-nin mütəxəssislərinin iştirakı
ilə hər bir məktəb özünün 2 illik strateji planını
hazırladı. Strateji planın hazırlanmasına tək məktəbin
müəllim heyəti və rəhbərlik deyil, həm də maraqlı tərəf
kimi valideynlər və yuxarı sinif şagirdləri dəvət olundu.
Bununla da yeni "məktəb icmasının" formalaşması prosesi
başladı. Çünki səmərəli məktəb valideynlər, icma və
məktəb arasında dərin inama əsaslanan ünsiyyət
qurmalıdır. Valideynlər və icma ilə tərəfdaşlıq
münasibətlərinin qurulması və onların məktəbin
strategiyasının hazırlanmasında iştirakı maraqlı
tərəflərin eyni məqsəd və gözləntilər uğrunda
çalışmasına kömək edir.
Strateji planlaşdırmanın nəticələrini artıq bu gün
proqnozlaşdırmaq olar.
Məktəblər qurduqları plan üzrə addım-addım irəliləyirlər.
Ən əsası odur ki, belə planlar reallaşdırılarkən peşəkar
vərdişlərin mənimsənilməsi gələcəkdə məktəbin
səmərəliliyini yüksəldir və özünüidarəni təmin edir.
Məktəblərdə özünüidarə və daxili potensial əsasında
inkişafın mümkünlüyünə inam və peşəkar mədəniyyət
yaratmaq isə bizim əsas məqsədimiz olmuşdur.
Başqa bir nailiyyətimiz "Məktəb haqqında məlumat və
özünüqiymətləndirmə" sənədinin hazırlanmasıdır. Sənəd
üzərində işləyərkən mərkəzimizin mütəxəssisləri yenidən
dünya təcrübəsinə müraciət etmişlər. Bu mənada Ofsted (Təhsildə
Standartlar Ofisi - İngiltərə və Uels) qurumunun
materialları xüsusi maraq doğurdu və oradakı qabaqcıl
ideyalar əxz edilərək milli təhsil maraqlarımıza
uyğunlaşdırıldı. İyun ayının əvvəlində layihə
məktəblərinə paylanılmış bu sənəd məktəblərin
akkreditasiyaya hazırlığında bir mərhələ olmuşdur. Sənəd
üzərində işləyən məktəb kollektivləri öz müsbət və mənfi
cəhətlərini meyarlar əsasında müəyyənləşdirməyi
öyrənmişlər.
Kitabxana və İKT-dən keyfiyyətli tədris və təlim üçün
istifadə
Ötən hesabat ili ərzində gördüyümüz işlər arasında
layihə məktəblərinin kitabxana işçiləri üçün təşkil
etdiyimiz təlim seminarı xüsusi yer tutur. Məktəb
kitabxanaçıları üçün bu cür təlim ölkədə ilk dəfə həyata
keçirilirdi. Kitabxana işini müasir tələblər
səviyyəsində qurmaq üçün "Şagirdləri dəstəkləyən
kitabxana" adlı xüsusi metodik vəsait hazırlanmış və
iştirakçılara paylanmışdır. Vəsaitdə məktəb
kitabxanasının özünü qiymətləndirməsi və strateji
planlaşdırma üçün praktik məsləhətlər yer alır. Məktəb
kitabxanaçıları üçün əhəmiyyətli olacağını əldə rəhbər
tutaraq BKAF (Beynəlxalq Kitabxana Assosiasiyaları
Federasiyası) və YUNESKO-nun "Məktəb kitabxanası
manifesti" Azərbaycan dilinə tərcümə olunmuş və təlim
zamanı iştirakçılarla müzakirə edilmişdir. Təlimlər
interaktiv formatda həyata keçirilmişdir. Təlimin
sonunda gəldiyimiz nəticələrdən ən əsası o olmuşdur ki,
bu gün məktəb kitabxanaçısı pedaqoji işçi statusu
almalıdır. Onun texniki işçi statusunda qalması məktəb
kitabxanasının inkişafına xələl gətirir. Başqa bir
reallıq kitabxana işçilərinin İKT-dən səmərəli istifadə
edə bilməməsidir. Təlimdə təklif olunan 4 saatlıq "İKT
ilə iş bacarıqları", əlbəttə ki, problemi çözməyə
kifayət etmədi. Bu istiqamətdə işləri davam etdirmək
vacibdir.
Tədrisin və şagird nailiyyətlərinin keyfiyyətinin
yüksəldilməsi
Səmərəli məktəb modeli bütün şagirdlər üçün yüksək
gözləntilər nəzərdə tutur. Yəni bütün şagirdlər məktəbin
verdiyi əsas bilik və bacarıqlara sahib olurlar. Belə
yüksək gözləntilərə çatmaq üçün məktəb "təlimat" məkanı
deyil, "öyrənmə" məkanı kimi yenidən qurulmalıdır.
Müəllimlər və şagirdlər bütün şagirdlərin öyrənməsinə
kömək etmək üçün lazımi "alətlərə" sahib olmalıdırlar.
Bu istiqamətdə işlər davam edir. Fəaliyyətlərimizdən
biri hər bir layihə məktəbində metodşuraların
rəhbərlərinin iştirakı ilə "Fəal təlim üsulları"
təlimləri keçirməkdir. Məqsəd kurikulum islahatının
tələblərinin ümumi və tam orta məktəb pillələrinə hələ
tam şamil edilmədiyi bir vaxtda fənn müəllimlərini fəal
təlim üsulları ilə işləmək bacarıqları ilə
silahlandırmaq, şagirdlərdə təlim motivasiyasını
qaldıran metodlardan tam gücü ilə istifadə etməkdir.
Səmərəli məktəbdə şagirdin akademik nailiyyətləri daim
müxtəlif qiymətləndirmə vasitələrinin köməyi ilə
ölçülməlidir. Qiymətləndirmə fəaliyyətinin nəticələri
şagirdin şəxsi göstəricilərinin və həmçinin təlimat
formalarının inkişafında istifadə edilməlidir. Səmərəli
dərsin vaxtı bacarıqların inkişafı və kurikulumun əsas
məzmununa sərf edilir.
Səmərəli məktəb layihəsinin birillik fəaliyyəti yuxarıda
qeyd etdiyimiz dörd komponenti əhatə edir. Qarşıda bir
il və görüləcək xeyli iş var. Əminliklə deyə bilərik ki,
Səmərəli məktəb layihəsi məktəblərin "öyrənən icma" kimi
davamlı inkişafına dəstək olacaqdır.
Elmina KAZIMZADƏ,
əmərəli məktəb layihəsinin rəhbəri,
Vəfa YAQUBLU,
layihənin əlaqələndiricisi |