Azərbaycan
ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış ictimai
xadim, Azərbaycan Respublikası Prezidentinin fərdi
təqaüdçüsü Lidiya Xudat qızı Rəsulova 2012-ci il
fevralın 5-də ömrünün 71-ci ilində vəfat etmişdir.
Lidiya Rəsulova 1941-ci il dekabr ayının 4-də Bakı
şəhərində anadan olmuşdur. Orta məktəbi bitirərək o,
1959-1965-ci illərdə Mirzə Fətəli Axundov adına
Azərbaycan Pedaqoji Dillər İnstitutunda ali təhsil
almışdır.
Əmək fəaliyyətinə 1958-ci ildə Bakının ümumtəhsil və
məktəbdənkənar tədris müəssisələrində başlayan Lidiya
Rəsulova 1962-1981-ci illərdə gənclər təşkilatlarında,
partiya və sovet orqanlarında ayrı-ayrı vəzifələrdə
çalışmışdır.
Lidiya Rəsulova 1981-1988-ci illərdə Azərbaycan
Respublikası Həmkarlar İttifaqları Şurasının sədri,
1988-1992-ci illərdə Azərbaycan Respublikasının sosial
təminat naziri olmuş, daha sonra Azərbaycan Respublikası
Dövlət Elm və Texnika Komitəsi sədrinin müavini, 1993-cü
ildən etibarən Azərbaycan Respublikasının təhsil naziri
işləmişdir. Səhhətində yaranmış problemlərlə əlaqədar
1997-ci ildə təhsil naziri vəzifəsindən azad olunan
Lidiya Rəsulova pedaqoji fəaliyyətini davam etdirərək
ali təhsil müəssisələrində yüksək ixtisaslı kadrların
yetişdirilməsi prosesində iştirak etmişdir.
Tutduğu bütün vəzifələrdə Lidiya Rəsulova həmişə əsl
vətəndaşlıq mövqeyi nümayiş etdirmiş, idarəçilik
qabiliyyəti, işgüzarlığı və obyektivliyi sayəsində dərin
hörmət qazanmışdır. Çalışdığı sahələrdə o, özünün yüksək
peşəkarlığı və tələbkarlığı baxımından fərqlənərək
həyatı boyunca hər bir işə dərin məsuliyyət hissilə
yanaşmış, insanların sosial rifah halının
yaxşılaşdırılması naminə üzərinə düşən vəzifələrin
öhdəsindən layiqincə gəlmişdir. Azərbaycan həmkarlar
təşkilatlarının işinin yaxşılaşdırılmasında, onların
maddi-texniki bazasının möhkəmləndirilməsində, o
cümlədən ölkəmizdə istirahət və müalicə ocaqları
şəbəkəsinin genişləndirilməsində Lidiya Rəsulovanın
özünəməxsus rolu vardır. Respublikada əlillərin
reabilitasiyası mərkəzlərinin yaradılması onun
bilavasitə təşəbbüskarlığı və təşkilatçılıq qabiliyyəti
sayəsində mümkün olmuşdur.
Dövlət müstəqilliyimizin bərpasından sonrakı dövrdə
təhsil kimi xüsusi əhəmiyyətə malik bir sahəyə rəhbərlik
edərkən Lidiya Rəsulova ölkəmizdə təhsil sisteminin
təkmilləşdirilməsinə və onun işinin yaranmış yeni
ictimai-siyasi şəraitdə dövrün irəli sürdüyü tələblərə
uyğun olaraq qurulmasına öz töhfəsini vermişdir.
Dövlətçilik prinsiplərinə daim sadiq qalan Lidiya
Rəsulova pedaqoji fəaliyyətində də bu xüsusiyyətlərin
gənc nəslə aşılanması istiqamətində öz bilik və
bacarığını əsirgəməmişdir. O, Azərbaycanı Ümumdünya
qadınlar konfransında təmsil etmiş, gender problemlərinə
dair çıxışları ilə mütəxəssislərin diqqətini bu sahədə
aktual məsələlərin həllinə yönəltmişdir.
Respublikamızın sosial və siyasi həyatının aktiv
iştirakçısı olan Lidiya Rəsulova bir neçə çağırış SSRİ
və Azərbaycan Ali Sovetinin deputatı seçilmişdir.
Lidiya Rəsulovanın əməyi dövlət tərəfindən yüksək
qiymətləndirilmişdir. O, bir çox orden və medallarla
təltif edilmiş, dövlət quruculuğunda fəal iştirakına
görə Azərbaycan Respublikasının ali mükafatı olan "Şöhrət"
ordeninə layiq görülmüşdür.
Tanınmış ictimai xadim və səmimi insan Lidiya Xudat qızı
Rəsulovanın xatirəsi onu tanıyanların qəlbində həmişə
yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev, Artur Rasizadə, Oqtay Əsədov,
Ramiz Mehdiyev, Elçin Əfəndiyev, Hacıbala Abutalıbov,
Fatma Abdullazadə, Misir Mərdanov, Füzuli Ələkbərov,
Hicran Hüseynova, Səttar Mehbalıyev, İbrahim Mehdiyev,
Nəsib Məhəməliyev |