| 
						
						2012-ci ilin noyabr ayında görkəmli Azərbaycan 
						bəstəkarı, tanınmış ictimai xadim, SSRİ xalq artisti, 
						Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan 
						Respublikasının Dövlət mükafatları laureatı Fikrət 
						Məşədi Cəmil oğlu Əmirovun anadan olmasının 90 illiyi 
						tamam olur.  
						
						Azərbaycanın musiqi sənəti tarixinə parlaq səhifələr 
						yazmış Fikrət Əmirovun musiqinin ən müxtəlif janrlarını 
						əhatə edən çoxsaylı əsərləri, o cümlədən opera, balet, 
						simfoniya, mahnı və romansları xalqımızın mədəni 
						sərvətlər xəzinəsinin qızıl fondunda xüsusi yer tutur. 
						Böyük bəstəkar milli musiqimizin zəngin ənənələri ilə 
						dünya musiqi mədəniyyətinin mühüm nailiyyətlərinin 
						qovuşuğunda misilsiz sənət inciləri meydana gətirmişdir. 
						Bəstəkarın dünyanın ən iri konsert salonlarında mötəbər 
						orkestrlərin ifasında səsləndirilən simfonik 
						muğamlarının Azərbaycan mədəniyyətinin tanıdılmasında 
						müstəsna rolu vardır. 
						
						Milli musiqi mədəniyyətimizin inkişafına və təbliği 
						işinə mühüm töhfələr vermiş bəstəkar Fikrət Əmirovun 90 
						illik yubileyinin layiqincə keçirilməsini təmin etmək 
						məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 
						109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 
						
						  
						
						
						QƏRARA ALIRAM:  
						
						1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm 
						Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və 
						Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, 
						Azərbaycan Bəstəkarlar İttifaqının təkliflərini nəzərə 
						almaqla, Fikrət Əmirovun 90 illik yubileyinə həsr 
						olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin. 
						
						2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu 
						sərəncamdan irəli gələn məsələləri həll etsin.  
						
						
						İlham ƏLİYEV,Azərbaycan Respublikasının Prezidenti
 Bakı şəhəri, 6 fevral 2012-ci il
 |