| 
								
								Azərbaycan Respublikasının Prezidenti İlham 
								Əliyev fevralın 8-də Bakının Nərimanov və 
								Suraxanı rayonlarında yerləşən körpələr evi-uşaq 
								bağçalarının əsaslı təmir və yenidənqurma 
								işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşdur.
								 
								
								Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala 
								Abutalıbov əvvəlcə Nərimanov rayonundakı 305 
								nömrəli körpələr evi-uşaq bağçasında görülən 
								əsaslı təmir və yenidənqurma işləri barədə 
								Prezident İlham Əliyevə məlumat verdi. 
								Bildirildi ki, müəssisə 1964-cü ildən fəaliyyət 
								göstərir. Bu körpələr evi-uşaq bağçasının 75 
								yerlik ikimərtəbəli binasında 4 qrup var. Dövlət 
								başçısının tapşırıqlarına əsasən bina qısa vaxt 
								ərzində yüksək standartlara uyğun olaraq əsaslı 
								şəkildə yenidən qurulub, müasir avadanlıq və 
								mebel dəstləri ilə təmin edilmişdir.  
								
								Azərbaycan Prezidenti ayrı-ayrı otaqlara baxdı, 
								görülən işlərin keyfiyyəti ilə maraqlandı. 
								Körpələr evi-uşaq bağçasında müasir istilik 
								sistemi quraşdırıldığı, daimi isti və soyuq su 
								ilə təchiz edildiyi qeyd olundu. Bildirildi ki, 
								burada uşaqların təlim-tərbiyəsi üçün hər cür 
								şərait yaradılıb. Müəssisənin həyətində də 
								abadlıq və quruculuq işləri görülüb, ərazi 
								asfaltlanıb, müasir işıqlandırma sistemi 
								quraşdırılıbdır. 
								
								
								*** 
								
								Sonra Prezident İlham Əliyev Suraxanı rayonunun 
								Əmircan qəsəbəsindəki 313 nömrəli körpələr 
								evi-uşaq bağçasının əsaslı təmir və yenidənqurma 
								işlərindən sonrakı vəziyyəti ilə tanış oldu. 
								Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala 
								Abutalıbov buradakı vəziyyətlə bağlı Prezident 
								İlham Əliyevə məlumat verdi. Qeyd edildi ki, iki 
								mərtəbədən ibarət körpələr evi-uşaq bağçasının 
								binası 1959-cu ildə istismara verilib. Dövlət 
								başçısının tapşırıqlarına uyğun olaraq 
								müəssisənin binasında əsaslı bərpa və 
								yenidənqurma işləri yüksək səviyyədə həyata 
								keçirilib. 80 yerlik və dörd qrupdan ibarət 
								körpələr evi-uşaq bağçasında qəsəbənin balaca 
								sakinləri üçün bütün lazımi şərait yaradılıb. 
								Burada yeni qazanxana istismara verilib, 
								müəssisədə istilik sistemi quraşdırılıb, bina 
								isti və soyuq su ilə təchiz edilib, ehtiyat su 
								anbarı inşa olunub. Körpələr evi-uşaq bağçasının 
								bir hektara yaxın ərazisində abadlıq işləri 
								görülüb, yaşıllıq zolaqları salınıb. Həyətyanı 
								sahədə uşaqlar üçün istirahət guşələri 
								yaradılıb. Ərazi asfaltlanıb, daş örtüklər 
								döşənib. Binada və ərazidə müasir işıqlandırma 
								sistemi quraşdırılıbdır.  
								
								Əsaslı təmir və yenidənqurma işləri ilə yaxından 
								tanış olan Prezident İlham Əliyev müvafiq 
								tapşırıqlarını verdi.  
								
								
								AzərTAc   |