|
Beynəlxalq təhsil xəbərləri |
|
|
Belarus Boloniya prosesinə hazır deyil |
Belarus Avropa ali təhsil məkanına inteqrasiyaya
hazır deyil. Bu barədə Boloniya prosesinin işçi
qrupunun Kopenhagendə keçirilmiş iclasında qərar
qəbul olunub. Danimarkanın Elm, İnnovasiya və
Ali Təhsil Nazirliyinin məlumatında qeyd olunur
ki, Boloniya prosesinə qoşulmuş 47 ölkənin
iştirakı ilə keçirilmiş iclasda Belarusun
beynəlxalq təhsil məkanına qoşulması barədə
ərizəsinə baxılıb. Boloniya prosesinin işçi
qrupunun rəyində qeyd olunur ki, Belarus özünün
təhsil sistemində islahatlar aparmalıdır.
Danimarkanın elm, innovasiya və ali təhsil
naziri Morten Osterqaardın sözlərinə görə, "biz
ümid edirik ki, Avropa ali təhsil məkanı bir
gün təhsil sahəsində ciddi islahatlar həyata
keçirən Belarusu Boloniya prosesinin üzvü kimi
alqışlayacaq".
Qeyd edək ki, Boloniya prosesinə üzvlük milli
təhsil sisteminin qanunvericilik aktlarının
kökündən dəyişdirilərək Avropa ali təhsil
arxitekturasına uyğunlaşdırılmasını, ali
məktəblərin muxtariyyətinin, ali məktəb
heyətinin və tələbələrin akademik azadlıqlarına
təminat verilməsidir. Təhsil sistemində köklü
dəyişikliklərin üçüncü mərhələsi akademik dərəcə
və ixtisas sistemində, eləcə də keyfiyyətə
nəzarət sistemində islahatların keçirilməsidir.
Xatırladaq ki, Belarus cari ilin sonlarına kimi
Boloniya prosesinə üzvlüyə ümid edir. Bu məsələ
apreldə Buxarestdə Boloniya prosesinə üzv
ölkələrin nümayəndələrinin iştirakı ilə
keçiriləcək iclasda bir daha müzakirə olunacaq.
|
|
Almaniya universitetlərinin reytinq cədvəli
açıqlanıb |
Almaniya
Təhsilin İnkişafı Mərkəzi (Centrum für
Nochschulentwicklung, CNE) alman
universitetlərinin "Vielf?ltige Exzellenz 2011"
reytinq cədvəlini tərtib edib. Xüsusi
araşdırmalar gedişində ekspertlər 4 parametr
üzrə universitetləri qiymətləndiriblər: elmi
tədqiqatların inkişaf səviyyəsi, tədris olunan
materialın tətbiqolunma dərəcəsi, beynəlxalq
istiqamət və tələbələrə münasibət.
Ölkənin 84 ali məktəbindən 71-i profil
istiqamətlərdən ən azı biri üzrə ən yüksək
nəticə göstəriblər. Təhsilalanlara daha
yüksək qayğı Manheym Universiteti və Cənubi
Vestfaliya Ali Məktəbində göstərilir. Praktiki
biliklər sahəsində liderlik Erlangen-Nürnberq
Universitetinə məxsusdur. Bu kateqoriya üzrə
adıçəkilən universitet ekspertlər tərəfindən
təklif olunmuş ixtisaslar - ölkə iqtisadiyyatı,
dünya iqtisadiyyatı, pedaqogika, elektrotexnika,
informasiya texnologiyaları və maşınqayırma
üzrə ən yüksək qiymət alıb.
Daha geniş beynəlxalq əlaqələr və xarici
tələbələrin və müəllimlərin sayına görə Berlin
Texniki Universiteti, Drezden Texniki
Universiteti, Manheym Universiteti ali
məktəblərin siyahısına başçılıq edirlər.
Münhen Lüdviq-Maksimillian Universiteti müxtəlif
fənlər üzrə elmi tədqiqat işlərinə görə şöhrət
qazanıb. |
|
Avstraliyada xarici tələbələrə təhsil borcları
verilə bilər |
Avstraliya
hökuməti xarici tələbələrə təhsil borclarının
təqdim olunması ideyasını müzakirə edir. Xarici
tələbələr təhsil dövründə aldıqları borcları ali
məktəbi bitirdikdən və işə başladıqdan sonra
qaytara bilərlər. Bu təşəbbüs Australian
Research Council-in sifarişi ilə həyata
keçirilən 3 illik tədqiqat çərçivəsində gözdən
keçiriləcək. Bu cür praktika yerli məktəblilər
üçün mövcuddur, onlar dövlətdən təhsil borcu ala
və onu müəyyən gəlir səviyyəsinə nail olduqdan
sonra qaytara bilmək imkanlarına malikdirlər.
Avstraliya Milli Universitetinin iqtisadiyyat
professoru Bryüs Çepmenin sözlərinə görə, bu cür
təcrübə xaricdən tələbə axınını cəlb edə və
ölkənin beynəlxalq təhsil məkanında rəqabət
qabiliyyətini gücləndirə bilər. Professora
görə, xarici tələbəyə hazırda təhsil üçün ildə
20 min Avstraliya dolları lazımdır. Əgər onlar
bu pulu sonralar (ali məktəbi bitirdikdən sonra)
ödəyə bilsələr, onların Avstraliya təhsil
məkanına çıxışı yolunda başlıca maneə aradan
qalxmış olar.
|
Xarici mətbuat materialları əsasında hazırladı:
Oruc MUSTAFAYEV |
|
|
|
|
|
|
|
|
|
|
|