Müasir
məktəbin əsas vəzifəsi hər bir şagirdin bacarığını aşkar
etmək, yüksək texnoloji, rəqabətli dünyaya hazır olan
şəxsiyyət yetişdirməkdən ibarətdir. İnsan həyatının
bütün sahələrində modernləşmə və innovasiya
proseslərinin getdiyi XXI əsrdə yetişməkdə olan nəslin
təlim və tərbiyəsi prosesində effektiv pedaqoji
texnologiyalar xüsusi əhəmiyyət kəsb edir ki, bu olmadan
Azərbaycan üçün rəqabətli cəmiyyətin qurulması,
vətəndaşlarımızın layiqli həyatının təmin olunması kimi
strateji cəhətdən mühüm olan məsələlərin həlli mümkün
deyil. İslahat proqramına əsasən ümumi təhsilin əsas
inkişaf istiqamətlərindən biri də müəllim korpusunun
təkmilləşdirilməsidir. Müasir pedaqoji texnologiyalar
içərisində informasiya-kommunikasiya texnologiyaları (İKT)
xüsusi yer tutur. Bu da təsadüfi deyil. Kompüter
həyatımızın ayrılmaz hissəsinə çevrilmişdir. İKT-dən
istifadə nəhəng informasiya axınına giriş, onun təhlili
və qiymətləndirilməsi, dünya ilə ünsiyyət qurmaq,
məsafədən təhsil almaq, iş təcrübələrinin mübadiləsi
imkanı verir.
Hazırda İnternet-məkanın xeyli hissəsini bloqlar tutur.
Onlar ayrı-ayrı insanların və sosial qrupların həm şəxsi,
həm də professional məqsədlərlə qarşılıqlı münasibətində
get-gedə daha fəal istifadə olunur. Buna görə də
bloqlardan təhsil məqsədləri üçün istifadə etmək
aktuallaşır.
Son illərdə İnternet-bloqlara maraq və tələb çox
artmışdır. Zənnimcə, yüksək səviyyəli kompüter biliyinə
malik olan yeni nəsil valideynlər öz uşaqlarını bizim
məktəblərə gətirirlər.
Bloq (blog - ingilis dilində) - əks-xronoloji qaydada
tərtib olunmuş bir və ya bir neçə müəllifin gündəliyi,
şəbəkə jurnalıdır.
Bloqların tarixi təxminən iki onilliyi əhatə edir:
onların ilk nümunələri keçən əsrin 90-cı illərinin
əvvəlində ABŞ-ın şəbəkə məkanında meydana gəlib. Təhsil
bloqları həm də öz başlanğıcını ingilisdilli bloq-sferasından
alır.
Yaradılma məqsədindən asılı olaraq bloqlar müxtəlif növ
ola bilər: portfelio-bloq, sinif bloqu, layihə bloqu,
tematik bloq, ictimai bloq (məsələn, bir TM və ya hər
hansı proqram üzrə işləyən müəllim qrupunun) və s.
*
Təhsil bloqları müxtəlif olur, lakin onların hamısı
ümumi çalarlara malikdir:
*
Əks qaydalı qeydlər: yeni qeydlər yuxarıdan yazılır,
bütün qalanlarını isə arxivdən əldə etmək mümkündür.
*
Əks-əlaqənin olması: bloq oxucuların şərhlərinin və
suallarının yerləşdirilməsini nəzərdə tutur (müəllifin
qərarı ilə) və bu da bloqu foruma oxşadan bir şeyə
çevirir.
*
Bloqa qeydlər edən müəllif bir və ya bir neçə şəxs olur.
*
Daimi başlıqlar: bloq struktur cəhətdən sonsuz lenti
xatırladır, lakin bloqun daxilində şərh olunan hər bir
məlumatın öz ünvanı vardır.
Bloqların hesabına pedaqoqun yeni geniş imkanları
yaranır. Hər şeydən öncə bu, məlumatın yerləşdirilməsi,
axtarışı və operativ mübadiləsi üçün münasib yollardan
biridir. Eyni fikirlilərlə ünsiyyət də böyük rol oynayır,
lakin müxtəlif suallara birgə cavab axtarışı meydana
gələn problemləri daha effektiv həll etməyə şərait
yaradır.
Şəxsi bloqdan özünü nümayiş etdirmək üçün istifadə etmək
olar. Portfolio bloqu pedaqoqun elektron portfoliosunun
münasib formalarından biridir ki, bunun da olmağı bu gün
zamanın tələbidir və müəllimin informasiya
səlahiyyətinin yüksək səviyyəsini təsdiq edir.
Bundan başqa, bloqun yaradılması və idarə olunması
özünürealizə və özünüinkişaf üçün stimul rolunu oynaya
bilər, belə ki, bu, pedaqoqa ən yeni informasiya və
texniki imkanları mənimsəmək, standart məsələ və
problemlərin qeyri-standart həllərini axtarıb tapmaq
kimi geniş imkanlar yaradır.
Nəhayət, şəxsi professional bloq müəllimə böyük
üstünlüklərə malik olan təhsilin təşkilinin yeni
prinsipial alətini verir.
Müəllimin professional fəaliyyətində bloqun yaratdığı
imkanlardan bir neçəsini qeyd edək.
Birincisi, bloq müəllimə problemli məsələlərin daha çox
əhəmiyyət kəsb edən hissələrinə diqqəti yönəldərək "özünəməxsus"
tədris prosesini təşkil etmək imkanı verir.
İkincisi, təhsil bloqunun köməyi ilə məktəblilər
təlimatlanaraq təkcə fənn bilikləri deyil, eləcə də
müasir texniki vasitələrlə işləmək, ilk növbədə,
İnternetdə informasiya axtarışı və onun effektiv
işlənməsi biliklərini əldə edirlər.
Üçüncüsü, bloq tədris prosesini fərdiləşdirməyə imkan
verir, onun "şəffaflığı" isə tapşırığın yerinə
yetirilməsinə şagirdin yaradıcı yanaşmasına şərait
yaradır, belə ki, burada köçürmə praktik olaraq mümkün
deyil, heç maraqlı da deyil. Eyni zamanda çətinlik
keçirən şagird onun yoldaşlarının tapşırığı necə yerinə
yetirməsinə həmişə baxa, ona kömək olunmasını xahiş edə
və bunu operativ olaraq ala bilər.
Dördüncüsü, tədrisdə bloqdan istifadə etmək istənilən
məsələnin açıq müzakirəsi və kollektiv qərarın qəbul
olunmasının təşkil edilməsi yolu ilə şagirdlərdə sosial
və kommunikativ səlahiyyətlərin daha effektiv
formalaşmasına imkan verir. Beləliklə, real həyati
situasiya meydana gəlir ki, ənənəvi sinif-dərs
sistemində bunu etmək süni alınır və bu "uduzmaq"
deməkdir.
Artıq iki ildir ki, Təhsil Nazirliyi bir-birinin ardınca
"Elektron təhsil"in respublika müsabiqəsini keçirir.
Müsabiqə iki istiqamət üzrə təşkil olunmuşdur: "Təhsildə
İnternet texnologiyalar" və "Müasir məktəbdə elektron
təhsil resursları".
Müsabiqənin əsas məqsədi elektron təhsil resurslarının
və internet-texnologiyaların təhsil prosesində
tətbiqinin populyarlaşdırılması, bu barədə təhsil
sahəsində ictimaiyyətin məlumatlandırılması, İnternetdən
təhsil məqsədləri üçün istifadə olunmasının yeni
formalarının aşkar edilməsi, eləcə də tədris prosesində
informasiya texnologiyalarını aktiv tətbiq edən
müəllimlərə stimul verilməsindən ibarətdir.
Müsabiqənin keçirildiyi ilk il mən yalnız PowerPoint və
MimoStudio proqramlarının bazasında yaradılan
təqdimatlarla iştirak etdim. Müsabiqədə iştirak edən
müəllimlərin bloqları ilə maraqlanaraq və öz sinif
şagirdlərimdən ilhamlanaraq mən öz bloqumu açmaq
qərarına gəldim.
Bloqlar yaradarkən müəllimlər həm onların özü, həm də
digər iştirakçılar və onların bloqunu oxuyanlar üçün
hansı əlavə imkanların açdıqlarını təsəvvür etmirlər.
Məndə də bu cür baş verdi.
O zaman mən bloqlar haqqında çox məhdud təsəvvürə malik
idim. Lakin biz valideynlərlə telefon zəngindən daha tez
və münasib olan informasiya mübadiləsinə girmək imkanına
malik olmaq istəyirdik. Beləliklə, bir il öncə mənim
sinfimin
www.bloqspot.com saytında "2F" adlı öz bloqu
yarandı.
Öz veb-gündəliyimi aparan zaman mənə məlum oldu ki,
İnternet şəbəkəsinin müxtəlif saytlarında artıq çoxlu
sayda professional müəllim bloqları mövcuddur. Şəxsi
bloqunun yaradılmasının müəllimə hansı geniş imkanlar
verə bilməsi artıq mənə aydın oldu.
Bir ay ərzində mən öz bloqumu yaradaraq Respublika "Elektron
təhsil" müsabiqəsində qalib oldum (3-cü yer).
Tezliklə bloqun müəllifi olmağımın bir illiyi tamam
olacaq və keçən dövrün yekunlarını nəzərdən keçirə,
bloqun mənə nələr verdiyini təhlil edə biləcəyəm.
Birincisi, mən fərdi kompüterlə işləməklə yeni biliklər
əldə etdim, yeni kompüter proqramlarını mənimsədim (məsələn,
İnternet şəbəkəsində slayd-şou, video və
audiomateriaların, sorğuların, qurulma təqvimlərin
yaradılması və dərc olunması).
Bloqun iştirakçıları və valideynlər arasından onun
müəlliflərini artırmaq, onları kompüterdə və bloqda
işləməyə cəlb etmək və öyrətmək mənə müyəssər oldu.
Sinfin bloqu - sinfin yenilikləri və nailiyyətlərinin
əks olunduğu özünəməxsus qəzetdir. Burada müəllimlərdən
başqa şagirdlər də müəllif rolunda çıxış edir. Sinif
bloqu nəyə lazımdır?
Birincisi, bu, keçmişdə və gələcəkdə baş verənlər
haqqında valideynləri məlumatlandırmaqdır. Bundan başqa
uşaqların şəbəkə daxilində işləməsi, onların savadının
artması, yazılı nitqin inkişafı, eyni fikirlilərin
tapılması baş verir.
İkincisi, bloq mənə şagirdlərin valideynlərindən əks-ünsiyyət
almaqda kömək edir. İndi artıq mən istənilən vaxt çox
işləyən, mənimlə şəxsən görüşmək və ya zəngləşmək
istəyən, lakin buna imkanı olmayan valideynlərlə əlaqə
yaratmaq imkanına malikəm.
Üçüncüsü, mən bloqqerlərin müəllim ictimaiyyətinin
xəbərləri ilə maraqlanaraq, dünyagörüşümü
genişləndirirəm, Azərbaycanın müxtəlif guşələrindən olan
həmkarlarımın nailiyyətlərini bilir və şərhlərimi əlavə
edirəm. Beləliklə, mənim professional inkişafım və
özünütədrisim baş verir.
İnternet-gündəliyin yaradılma məqsədi toplanmış
təcrübənin ümumiləşdirilməsi və yayılmasına hazır olan
məsləkdaşların aşkar olunması olmuşdur. Müəllimin
materialları "Yarlıklar" bölməsində sistemləşdirilmişdir.
Müəllimlər, iştirakçılar, sinif rəhbərləri üçün faydalı
başlıqlar mövcuddur. Bloqda "Qonaq kitabçası"
yerləşdirilmişdir ki, oraya daxil olanlar öz rəylərini,
arzularını, onun təkmilləşdirilməsi üçün məsləhətlərini
qeyd edə bilərlər. Mənim daimi oxucusu olduğum bloqların
siyahısı göstərilmişdir. Burada avtomatik olaraq yeni
məlumatlar əks olunur. Bu, təhsil dünyasında baş verən
yeniliklərdən operativ xəbər tutmaq, həmkarların yeni
işləri ilə, maraqlı saytlar və bloqlarla tanış olmaq
imkanı verir. Beləliklə, fərdi metodiki səviyyəni
fasiləsiz inkişaf etdirmək imkanı vardır. Bloq - həm də
özünəməxsus bir reklamdır.
Öz bloqumla işləyərək mən İKT sahəsində biliklərimi
fasiləsiz olaraq təkmilləşdirir və bunu bölüşürəm ki, bu
da yeni dövlət təhsil standartının tələblərinə cavab
verir.
Ümidvar olmaq istərdim ki, bu məqaləni oxuduqdan sonra
həmkarlarımdan hər hansı biri mənim təcrübəmlə
maraqlanacaq və onda öz bloqunu yaratmaq arzusu
oyanacaqdır. Buna misal olaraq mən artıq öz həmkarlarımı
buna cəlb edə bilmişəm. Belə ki, bu təhsil ilində iki
sinfin də öz bloqu yaradıldı.
Veb-gündəliyin aparılma məqsədləri müxtəlif ola bilər,
əsas olanı budur ki, onlardan ən əhəmiyyətlisini sınaya
və tapa biləsən.
Mən bloqda nə yerləşdirirəm:
*
Fənlər üzrə test və tapşırıqlar;
*
Dərslərin plan-konspektləri;
*
Dərslərin təqdimatları;
*
Oxu üçün bədii əsərlərin siyahısını;
*
Bizim məktəb tədbirlərinə, bayramlara, ekskursiya
səfərlərinə həsr olunmuş fotoşəkilləri, slayd-şouları;
*
Faydalı şəbəkə resurslarına başlıqlar;
*
Gələcəkdə sinfimiz və bütün məktəb üçün əlamətdar olan
mühüm hadisələrə dair elanlar;
*
Öz uşaqlarının təhsili ilə maraqlanan valideynlərə
faydalı məsləhətlər;
*
İnternet şəbəkəsində tapdığım maraqlı video-çarxlar və
təqdimatlar.
Mənim məqsədim öz müəllim bloqumu "sinif bloqu" adlı
bloqa, yəni sinfin bloquna çevirməkdən ibarətdir.
İstəyirəm ki, onun yaradılması və idarə olunmasında
mənim rəhbərliyim altında uşaqlar da iştirak etsinlər.
İndi mən öz üçüncü sinif şagirdlərimi bloqda işə cəlb
etməyə başlayıram, onlar öz qeydlərini, idman
yarışlarına dair reportajları, məktəb tədbirlərinə dair
mülahizələri, öz yaradıcılıq işlərini, elmi tədqiqat
layihələrinin təqdimatlarını dərc etməyə çalışırlar. Bu
cür iş uşaqların xoşuna gəlir, onlar mənim ortaq
müəllifim olmaq arzusu ilə yaşayırlar.
Gələcəkdə uşaqların öz İnternet-gündəliklərinin
yaradılmasında onlara yardım nəzərdən keçirilir. Müəllim
bloqu meydana gəlir, sonra isə şagird bloqu yaranır,
müəllim şəbəkədə kommunikativ davranış normasını müəyyən
edir. Bu cür bloqlar - müasir təhsil məkanının
elementləri hesab olunur ki, burada bərabərhüquqlu
iştirakçılar - müəllimlər və şagirdlər təşəkkül tapır.
Təhsil bloqlarından necə istifadə etmək olar?
1. Bloqda xəbərlər, multimedia təqdimatları, videolar,
veb-resurslara dair başlıqlar və bir çox digər
elementləri yerləşdirmək olar. Yerləşdirilmiş
materiallara giriş şagirdlər üçün həm məktəbdə, həm də
evdə mümkün olacaqdır. Parolların istifadəsi zəruri
şəraitdə bloqa məhdud girişi və onun məxsusluğunun təmin
olunmasına kömək edəcək.
2. Bloq onlayn-müzakirənin təşkil olunmasına imkan verir.
Materialların şərhi şagirdlərə təlim müzakirəsinin
iştirakçısı olmaq imkanı verir və onlarda İnternet
məkanında ünsiyyət üçün müasir insana zəruri olan
kommunikativ bacarıqların formalaşmasına şərait yaradır.
3. Bloqun köməyi ilə şagirdlər öz dərslərini yarada və
dəyişə bilərlər. Müasir informasiya texnologiyaları
vasitələrinin hesabına şagirdlər veb-məkanda şəxsi
qeydlərinin müəllifi və redaktorları ola bilərlər.
Beləliklə dövri analoqlar, məsələn, sinif divar
qəzetləri yaradıla bilər.
4. Şəxsi bloqun köməyi ilə dərslərin planlaşdırılmasının
qaçılmaz prosesini əsl yaradıcılığa çevirmək olar.
Müzakirə üçün açıq olan dərs planı, mövzu üzərində iş,
dərsə aid materialların axtarılmasında şagirdlərə yardım
və dəstək, refleksiya - bütün bunlar sözsüz ki, təhsil
prosesinin iştirakçılarının fərdi inkişafında mühüm
mərhələyə çevrilə bilər.
5. Bloq şagirdin gündəliyində qeyd olunmuş elanı əvəz
edərək həm məktəblilər, həm də onların valideynləri üçün
özünəməxsus elektron elan lövhəsi rolunu oynaya bilər.
Eyni zamanda operativ əks-ünsiyyət yaratmaq imkanı
yaranır.
6. Bloq əsasında mükəmməl, çoxfunksiyalı veb-sayt
yaratmaq olar ki, bunun yaradılmasında da teqlərdən (yarlıklardan),
müxtəlif materialların arxivləşdirilməsi və
nizamlanmasından, eləcə də multimedia imkanlarından
istifadə etmək mümkündür.
Beləliklə, belə bir nəticə çıxarmaq olar: təhsil bloqu -
müasir müəllimin və iştirakçıların fəaliyyətlərinin
ayrılmaz və mühüm hissəsidir.
Əziz həmkarlarım, yenini sınaqdan keçirin, tanıyın,
təkmilləşin!
Sizə bloq yaratmaqda müvəffəqiyyətlər arzulayıram!
Afaq EYUBOVA,
"Ankara məktəbi" məktəb-liseyin ibtidai sinif müəllimi
|