Yanvarın
21-də Bakıdakı 229 nömrəli tam orta məktəbdə coğrafiya
müəllimi Rəhilə Qarayevanın VIII "c" sinfində İKT -nin
tətbiqi ilə "Meşələr, dağ və dağ meşələri" mövzusunda "açıq
dərs"i oldu. Əvvəlcə tədbir iştirakçıları şagirdlərin
coğrafiyaya dair əl işlərindən ibarət sərgi ilə tanış
oldular.
Sonra qonaqlar "açıq dərs"də iştirak etdilər. Dərs
prosesində əqli hücum, müqayisə, diskussiya və s.
üsullardan məharətlə istifadə olundu. Dərsin bütün
mərhələlərində müxtəlif mövzuları əhatə edən şəkillər,
dialoqlar, cümlələr səkkizincilərə elektron lövhədə
göstərildi. Sonra şagirdlər arasında bilik yarışı
təşkil olundu. Əvvəlcə şagirdlər üç qrupa - "Qarabağ", "Şah
dağ", "Göy-göl" qruplarına bölündü. Müəllim Rəhilə
Qarayeva yarışın keçirilmə qaydası və şərtləri haqqında
məlumat verdi. Sonra təhlil olunacaq mövzu haqqında
ümumi anlayış yaradıldı. Respublikamızın tarixi,
yerləşdiyi coğrafi ərazi, regionu, təbii sərvətləri,
iqtisadiyyatı, əlverişli iqlimi, Xəzər dənizinin gəlir
gətirən sahələri haqqında geniş məlumat verildi. Müəllim
Azərbaycanı müstəqil ölkə kimi təbii sərvətləri ilə
dünyaya tanıtdıran ulu öndər Heydər Əliyevin əvəzsiz
xidmətlərindən danışdı. Hər qrupun şagirdlərinə
ölkəmizin coğrafi ərazisi, təbii sərvətləri, əlverişli
iqlimi haqqında müxtəlif suallar verildi. Şagirdlər
sualları çətinlik çəkmədən cavablandırdılar. Bilik
yarışı kompüterlə virtual formada aparılır, şagirdlər
suallara verdikləri cavabların düz olub-olmadığını
proyektor vasitəsi ilə ekranda görürdülər. Sonra
krossvord şəklində mövzuya aid sözlər şagirdlərə təqdim
olundu. Hər qrupun lideri verilən tapşırığın yerinə
yetirilməsi haqqında məlumat verdi. "Meşələr, dağ və dağ
meşələri" mövzusuna aid respublikamızın əlverişli
coğrafi ərazisi və təbii sərvətləri haqqında şagirdlərə
film nümayiş etdirildi. Müəllim şagirdlərdən ibarət
münsiflər heyətinin birgə razılığı ilə qrupları
qiymətləndirdi.
Tədbirin sonunda məktəbin direktoru Fəridə Bağırova
çıxış edərək "açıq dərs"in yaxşı təşkil olunduğunu və
şagirdlərin yüksək bilik və hazırlıq nümayiş etdirdiyini
bildirdi. Müzakirələrdə "açıq dərs" qonaqlar tərəfindən
yüksək qiymətləndirildi.
Rəşad ZİYADOV |