Yanvarın
30-da Təhsil Nazirliyində görkəmli Azərbaycan yazıçısı
Mirzə İbrahimovun 100 illik yubileyi ilə əlaqədar
respublikanın ümumtəhsil məktəb şagirdləri arasında
keçirilmiş inşa yazı müsabiqəsi qaliblərinin
mükafatlandırılması mərasimi oldu.
Təhsil Nazirliyinin Aparat rəhbəri və şöbə müdirlərinin
M.İbrahimovun ailə üzvlərinin, qaliblərin və onların
təmsil etdikləri məktəblərin nümayəndələrinin iştirak
etdikləri mərasimi Azərbaycan Respublikasının təhsil
naziri Misir Mərdanov açaraq zala toplaşanları
salamladı, çox vacib bir tədbirə yığışdıqlarını bildirdi.
Nazir xatırlatdı ki, ötən il Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev Azərbaycanın böyük oğlu,
görkəmli dövlət xadimi, yazıçı, alim və ictimai xadim
Mirzə İbrahimovun anadan olmasının 100 illik yubileyinin
keçirilməsi haqqında sərəncam imzalamışdır. Həmin
sərəncama əsasən ölkəmizdə silsilə tədbirlər təşkil
olunmuşdur. Sərəncamın icrası ilə bağlı Təhsil
Nazirliyinin 08.08.2011-ci il tarixli 1442 nömrəli əmri
ilə təsdiq edilmiş "Tədbirlər Planı"na uyğun olaraq
Mirzə İbrahimovun 100 illiyi ilə bağlı ümumtəhsil
məktəblərinin şagirdləri arasında inşa yazı müsabiqəsi
keçirilmişdir.
Təhsil naziri diqqətə çatdırdı ki, məktəb çərçivəsində,
rayon, şəhər səviyyəsində keçirilmiş müsabiqənin
iştirakçısı olan şagirdlər Mirzə İbrahimovu necə
tanıdıqlarını ən sadə, ən səmimi fikirlərlə ifadə
etmişlər. Müsabiqənin rayon, şəhər mərhələsinin yekunu
olaraq Təhsil Nazirliyinə 115 inşa yazı təqdim olunmuş
və həmin yazılar burada ekspertlər tərəfindən
qiymətləndirilmişdir. Qiymətləndirmənin nəticələrinə
əsasən 7 nəfər I dərəcəli, 14 nəfər II dərəcəli, 16
nəfər isə III dərəcəli diplomlara layiq görülmüş,
qaliblər Təhsil Nazirliyinin 16 yanvar 2012-ci il
tarixli əmri ilə mükafatlandırılmışlar.
Müsabiqənin qalibləri sırasında respublikamızın bütün
bölgələrindən şagirdlərin olduğunu diqqətəlayiq hal kimi
dəyərləndirən təhsil naziri bunu ölkəmizin hər yerində
Mirzə İbrahimovun yaxşı tanınması, onun adının
məktəblilərin, müəllimlərin qəlbində daim yaşaması ilə
əlaqələndirdi, Mirzə müəllimin xatirəsinin
əbədiləşdirilməsi, onun 100 illik yubileyinin
respublikada geniş qeyd olunması üçün xüsusi sərəncam
imzalamış ölkə Prezidentinə təhsil işçiləri adından
minnətdarlığını bildirdi.
Təhsil naziri Misir Mərdanov çıxışında Mirzə İbrahimovun
vətənimiz, xalqımız qarşısındakı böyük xidmətlərindən
söz açaraq bildirdi ki, geniş ictimaiyyət, xüsusən də
indiki nəsil Mirzə İbrahimovu görkəmli yazıçı kimi
tanıyır. Bu gün Azərbaycan məktəbliləri onun əsərləri
ilə dərsliklərdən tanış ola bilirlər. Ancaq
ictimaiyyətimiz onu da bilir ki, Mirzə İbrahimov təkcə
böyük yazıçı, dramaturq deyil, eyni zamanda görkəmli
dövlət adamı, ictimai xadim olub. O, müxtəlif illərdə
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri,
Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri və
birinci katibi, Asiya və Afrika ölkələri ilə Sovet
Həmrəylik Komitəsinin sədri vəzifələrində işləyib, uzun
illər SSRİ Ali Sovetinin, Azərbaycan SSR Ali Sovetinin
deputatı olub. Nazir bir diqqətçəkən faktı da nəzərə
çatdıraraq qeyd etdi ki 1945-ci ildə Azərbaycan Milli
Elmlər Akademiyası təsis olunduqda o vaxt 34 yaşı olan
Mirzə İbrahimov akademiyanın ilk seçilən 15 həqiqi
üzvündən biri olub, 1942-ci ildə isə 31 yaşında ikən
Azərbaycan Xalq Maarif Komissarı vəzifəsinə təyin olunub
və 5 il bu vəzifədə çalışıb.
Misir Mərdanov Mirzə İbrahimovun 1954-1958-ci illərdə
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri
işləyərkən Azərbaycan dilinin dövlət dili kimi
statusunun bərqərar olmasında xidmətlərindən də söz
açaraq həmin xidmətlərin indi də xalqımız tərəfindən
minnətdarlıqla xatırlandığını bildirdi.
Təhsil naziri çıxışının sonunda inşa yazı müsabiqəsinin
qaliblərini təbrik edib onun keçirilməsində əməyi olan
hər kəsə, xüsusən də Təhsil Nazirliyinin bu işdə daha
çox zəhmət payı olan əməkdaşlarına təşəkkür etdi.
Sonra müsabiqə qaliblərinə layiq görüldükləri diplomlar
və hədiyyə olaraq Mirzə İbrahimov haqqında kitab təqdim
edildi.
Mərasimdə çıxış edən Mirzə İbrahimovun qızı, tanınmış
bəstəkar, Azərbaycanın xalq artisti Sevda İbrahimova
atasının xatirəsinə göstərilən ehtirama görə Azərbaycan
Prezidenti İlham Əliyevə minnətdarlığını bildirdi, atası
ilə bağlı bəzi xatirələrini bölüşdü.
Yusif ƏLİYEV |