Azərbaycan Respublikası Təhsil Nazirliyinin
03.12.2011-ci il tarixli kollegiya iclasında
2011-2012-ci tədris ilində respublikanın ümumi təhsil
müəssisələrində vakant yerlərə müəllimlərin işə qəbulu
üzrə müsabiqənin nəticələri geniş müzakirə olunmuş, son
iki ildə bu sahədə yeni qaydaların tətbiqinə başlanması
bildirilmişdir. Qeyd edilmişdir ki, yerli təhsili
idarəetmə orqanları və ümumi təhsil müəssisələri
tərəfindən ciddi ehtiyac olmadan müəllimlərin işə qəbul
edilməsi, bir stavkadan az dərs yükü ilə işləyən
müəllimlərin sayının artması, müəllim-şagird nisbətinin
ilbəil aşağı düşməsi, saxta, qeyri-qanuni fəaliyyət
göstərmiş təhsil müəssisələrinin verdiyi təhsil
sənədləri ilə müəllimlərin işə qəbul edilməsi bu
prosesdə yeni qaydaların tətbiqini zəruri edən əsas
səbəblərdir.
Müəllimlərin işə qəbulu sahəsində qeyd olunan
nöqsanların aradan qaldırılması, müasir texnologiyaların
tətbiqi ilə keyfiyyətli kadr seçiminin, bu sahədə
obyektivlik və şəffaflığın təmin edilməsi məqsədilə
Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə ULTRA
şirkəti arasında müqavilə bağlanmış, müəllimlərin işə
qəbulu prosesi üçün proqram təminatı hazırlanmış və
2010-cu ilin avqust-sentyabr aylarında işə qəbul yeni
qaydalarla həyata keçirilmişdir. 2011-ci ildən işə qəbul
qaydaları və onun proqram təminatı daha da
təkmilləşdirilmişdir. Belə ki, müəllimlərin işə qəbulu
üzrə yeni qaydaların əvvəlkindən üstünlükləri bu
prosesdə elektron vasitələrin tətbiqi, şəffaflıq və
obyektivliyin təmin olunması, işə qəbul üzrə test
imtahanının sonunda hər bir namizədə öz nəticəsinin
dərhal elan edilməsi, qiymətləndirmədə insan amilinin
olmaması, vakant yerlərə yerləşdirmənin proqram təminatı
vasitəsilə aparılması və həmin anda müsabiqənin
nəticələri barədə məlumatın hər bir namizədin şəxsi
elektron səhifəsinə göndərilməsi ilə müəyyən edilir.
Müəllimlərin işə qəbulu üzrə müsabiqə 3 mərhələdə təşkil
edilmişdir. Birinci mərhələdə elektron ərizələrin
qəbulu və namizədin göstəriciləri əsasında ilkin
qiymətləndirilməsi aparılmışdır. İkinci mərhələdə
namizədlərlə kompüter qarşısında test imtahanı
keçirilmişdir. İmtahanda hər bir namizədə öz ixtisası
üzrə məktəb proqramı əsasında tərtib edilmiş 25 sual,
ümumi metodikadan 5 sual, məntiqdən 5 sual olmaqla,
ümumilikdə 35 test tapşırığı verilmiş və onların
cavablandırılmasına 60 dəqiqə vaxt ayrılmışdır. Üçüncü
mərhələdə isə müsabiqədən keçərək işə qəbul olunmuş
müəllimlərlə müsahibə aparılmışdır.
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin yüksək
səviyyədə təşkili məqsədilə elektron ərizənin
doldurulması və imtahan prosesinin ayrı-ayrı modulları
üzrə müvafiq təlimati sənədlər hazırlanmış, Təhsil
Nazirliyinin rəsmi İnternet saytında yerləşdirilmiş və
"Azərbaycan müəllimi" qəzetində dərc edilmişdir. Eyni
zamanda, işə qəbul üzrə müsabiqə prosesində obyektivlik
və şəffaflığın təmin olunması üçün bütün lazımi
tədbirlər həyata keçirilmişdir. Müsabiqənin imtahan və
müsahibə mərhələlərinin gedişi kameralar vasitəsilə
lentə alınmışdır və xüsusi texniki qaydada
saxlanılmışdır. Ayrı-ayrı ixtisas üzrə imtahanların
gedişi və nəticələri televiziya kanallarında, İnternet
səhifələrində, mətbuatda işıqlandırılmışdır.
2011-2012-ci tədris ilində ümumi təhsil müəssisələrində
vakant olan 2177 müəllim yerinə işə qəbul üçün 9342
nəfər elektron ərizə vermiş namizədlərdən 8658 nəfərin
ərizəsi təsdiq olunaraq imtahana buraxılmışdır. Onlardan
6856 nəfəri 2011-cı ilin 26 iyul - 29 avqust
tarixlərində keçirilmiş test imtahanlarında iştirak
etmişdir.
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə müvafiq keçid
balını toplayaraq müsahibəyə buraxılmış 1216 nəfərdən
1038 nəfərinin işə qəbul edilməsi barədə müsabiqə
komissiyası qərar qəbul etmişdir. Müsabiqədə 9 mindən
artıq müəllimin iştirak etməsinə, onların yalnız 11
faizinin işə qəbul olunmasına baxmayaraq, nəticələrdən
şikayət edən olmamışdır.
Müsabiqədən sonra vakant qalan yerlər 2011-ci ilin
sentyabr ayında nazirliyin saytında yerləşdirilmiş və
keçid balını toplayan, lakin işə qəbul olunmayan
müsabiqə iştirakçıları həmin yerlərə ərizə vermişlər.
Vakant yerlərə işə qəbul üçün ümumilikdə 630 ərizə daxil
olmuş, eyni ixtisasdan ən yüksək bal toplayandan
başlayaraq müvafiq seçimə uyğun vakant yerlərə
yerləşdirmə aparılmışdır. Bu mərhələdə 193 nəfərin işə
qəbul edilməsi barədə müsabiqə komissiyası qərar qəbul
etmişdir.
Qeyd etmək lazımdır ki, müəllimlərin işə qəbulu üzrə
müsabiqə və boş qalan yerlərə əlavə yerləşdirmə başa
çatdıqdan sonra ayrı-ayrı fənlər üzrə boş yerlər qalsa
da, dərs ilinin başlanması ilə əlaqədar məktəblərin
sinif komplektlərinin formalaşdırılması və bu barədə
rəsmi hesabatların təsdiqlənməsi, fənlər üzrə dərs
bölgüsünə müvafiq dəyişikliklərin edilməsi əvvəlcə
mövcud vakansiyaların dəyişilməsinə gətirib çıxarmışdır.
Vakansiyalarda dəyişikliklərin edilməsinə digər bir
səbəb də "Ümumtəhsil məktəbinin nizamnaməsi"nə əsasən
cari dərs ilində siniflərdə şagird sayı normasının
artırılması, şagird yerdəyişməsi ilə əlaqədar sinif
komplektlərinin bağlanması və ötən dərs ilinə nisbətən
şagirdlərin sayının azalması olmuşdur. Eyni zamanda,
yerli təhsili idarəetmə orqanlarına ehtiyac olan
məktəblərə kadr sıxlığı olan məktəblərdən daxili
yerdəyişmə vasitəsilə müəllimlərin keçirilməsi
səlahiyyəti verilmiş və onlar həmin səlahiyyətə uyğun
olaraq müraciətlər əsasında yerdəyişmələr aparmışlar.
2011-2012-ci tədris ili başlandıqdan sonra bəzi
ümumtəhsil məktəblərində yeni vakant yerlər də
yaranmışdır. Buna səbəb isə Əmək Məcəlləsinə edilən
dəyişikliklərə əsasən 65 yaşı tamam olmuş müəllimlərin
işdən azad edilməsi, "Təhsil müəssisələrinin pedaqoji
işçilərinin dərs yükü normalarının müəyyən edilməsi
haqqında" Nazirlər Kabinetinin 24.11.2010-cu il tarixli,
215 nömrəli qərarına əsasən maksimum dərs yükünün 24
saat müəyyənləşdirilməsi olmuşdur.
Qeyd etmək lazımdır ki, 2011-2012-ci tədris ilinin
əvvəlində yaş senzinə görə 10106 nəfər müəllim işdən
azad edilsə də, onların dərs yükü digər müəllimlər
arasında bölüşdürülmüş, bu mümkün olmadıqda isə vakant
yer kimi göstərilmiş və işə qəbul üçün müraciət
olunmuşdur. Həmin vakant yerlərə yalnız işə qəbul üzrə
keçirilmiş müsabiqədə iştirak edərək müvafiq keçid
balını toplamış ehtiyat kadrlar ərizə vermiş və
komissiyanın qərarına uyğun olaraq işə qəbul edilmişlər.
Məktəb hesabatlarının təhlili göstərmişdir ki, ötən dərs
ili ilə müqayisədə ölkənin ümumtəhsil məktəblərində
sinif komplektlərinin sayı 2770, şagirdlərin sayı 33071,
müəllimlərin sayı isə 10 min nəfərədək azalmışdır.
Müəllimlərin sayında azalma müəllim-şagird nisbətinə də
müsbət təsir etmiş, bu nisbət ötən dərs ili ilə
müqayisədə 0,2 artaraq 8,5 olmuşdur. Son 10 ildə ilk
dəfə olaraq müəllim-şagird nisbətinin artma tendensiyası
müşahidə edilmişdir. Ötən dərs ilinə nisbətən gündüz
ümumtəhsil məktəblərində şagirdlərin orta sıxlığı
16,6-dan 16,8-ə yüksəlmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin lPedaqoji
profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili
müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində
işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və
stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında»
14 aprel 2010-cu il tarixli, 67 nömrəli Qərarına əsasən
kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrində
əmək fəaliyyətinə başlayan gənc mütəxəssislərə 3 il
müddətində kommunal xidmətlərini ödəmək üçün ayda 40
manat məbləğində kompensasiya verilməsi, yerli icra
hakimiyyəti orqanları tərəfindən bələdiyyələrlə birlikdə
onların yaşayış sahələrinə ehtiyaclarının ödənilməsi,
daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılmasına
və ipoteka kreditlərinin verilməsinə köməklik
göstərilməsi, rayon mərkəzlərindən 20 kilometrdən artıq
məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək
fəaliyyətinə başlayan müəllimlərin aylıq əməkhaqqına 3
il müddətində ayda 70 manat əlavə edilməsi, yol xərci,
əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış
şəraitinin yaradılması məqsədilə əməkhaqqının 2 (iki)
misli həcmində birləfəlik yardımın ödənilməsi nəzərdə
tutulmuşdur. Nazirlər Kabinetinin həmin qərarına uyğun
olaraq həvəsləndirmə tədbirləri tətbiq olunan limit
yerləri müəyyənləşdirilmiş və Maliyyə Nazirliyinə təqdim
edilmişdir. 2011-2012-ci tədris ilində ucqar kənd
məktəblərinə həvəsləndirmə tədbirləri tətbiq olunmaqla
800 nəfər pedaqoji kadr göndərilməsi nəzərdə
tutulmuşdur.
Yerli təhsili idarəetmə orqanlarının təqdim etdiyi
vakant yerlərin təhlili əsasında 2011-2012-ci tədris
ilində kənd məktəblərində vakant olan müəllim
yerlərindən 309-u rayon mərkəzindən 20 kilometrədək
məsafədə yerləşən məktəblərdə, 391 yer isə rayon
mərkəzindən 20 kilometrdən artıq məsafədə yerləşən
məktəblərdə olmuşdur. Nəzərdə tutulan 800 yerdən 100-ü
Naxçıvan Muxtar Respublikasına ayrılmışdır.
Müəllimlərin işə qəbulu üzrə müsabiqə zamanı bir sıra
problemlər də qeydə alınmışdır. Bəzi namizədlər elektron
ərizə dolduraraq onu qeydiyyatdan keçirməkdə çətinlik
çəkmiş, bu da onların İnternetdən istifadə
bacarıqlarının kifayət qədər olmaması ilə bağlı
olmuşdur. Namizədlərdən bəzilərinin kompüterdən istifadə
bacarıqlarının kifayət qədər olmadığından imtahanda
çətinlik çəkdikləri müşahidə edilmişdir. Elektron
ərizənin doldurulması zamanı bəzi namizədlərin vakant
yerləri düzgün seçməməsi, ərizənin onların özü
tərəfindən deyil, kənar şəxs tərəfindən doldurulması, bu
səbəbdən də "şəxsi kabinet"ə daxil olmaq üçün kod və
parolun onlara məlum olmaması imtahan prosesində əlavə
gərginliklər yaratmışdır. Yerli təhsili idarəetmə
orqanlarının və ümumi təhsil müəssisələrinin rəhbərləri
tərəfindən yeni işə qəbul olunmuş müəllimlərin işə təyin
edilməsi məsələsinin qəsdən yubadılması hallarına yol
verilmiş, işə qəbul olanlara vakansiya barədə verilən
məlumatda göstərilmiş saatdan az dərs saatı verilmişdir.
Ucqar kənd məktəblərinə işə qəbul olunan müəllimlərə
diqqət və qayğının göstərilməməsi, yaşayış yeri ilə
təmin olunmaq və digər həvəsləndirmə tədbirlərinin
tətbiqi məsələlərinin həll edilməsində yerli təhsili
idarəetmə orqanlarının və ümumi təhsil müəssisələrinin
rəhbərlərinin laqeydlik göstərməsi hallarına görə
nazirliyə şikayətlər daxil olmuşdur.
İşə qəbul üzrə müsabiqənin tərkibinə Təhsil Nazirliyinin
və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları daxil
edilmiş, onlar üzərinə düşən təşkilati və sənədləşdirmə
məsələlərini məsuliyyətlə yerinə yetirmişlər.
Nazirliyin Təhsil Sisteminin İnformasiyalaşdırması
İdarəsində işə qəbul prosesinin yüksək səviyyədə həyata
keçirilməsi üçün lazımi şərait yaradılmış, zəruri
texniki işlərin yerinə yetirilməsində idarənin
rəhbərliyi və əməkdaşları yaxından köməklik
göstərmişlər. Təhsil Nazirliyi ilə bağlanmış müqavilə
əsasında ULTRA şirkəti tərəfindən imtahan prosesinə
mütəxəssis və texniki kömək məqsədilə işçi qrupu
yaradılmış və onlar öz üzərlərinə düşən vəzifəni
layiqincə yerinə yetirmişlər.
2011-2012-ci tədris ilində respublikanın ümumi təhsil
müəssisələrində vakant olan yerlərə müəllimlərin işə
qəbulu üzrə müsabiqənin nəticələrinin təhlili aşağıdakı
vəzifələrin həyata keçirilməsini zəruri edir:
1. Müəllimlərin işə qəbulu üzrə müsabiqələrin
keçirilməsi məqsədilə müasir infrastruktura malik "Kadr
Təminatı və Təlim Mərkəzi" yaradılmalıdır.
2. Təhsil Problemləri İnstitutu ilə birgə şagird
kontingenti az olan məktəblərin kadr təminatının təhlil
edilməsi və qoşaixtisaslı müəllimlərin hazırlanması üçün
məqsədli yenidənhazırlanma təhsilinin təşkilinə dair
təkliflər hazırlanıb nazirliyə təqdim edilməlidir.
3. Tələbat nəzərə alınmaqla qoşaixtisaslı müəllim
kadrlarının hazırlanması üçün ali təhsilin Maarif
istiqaməti üzrə ixtisas siyahısına əlavələr edilməsinə
dair təkliflər hazırlanmalıdır.
4. Orta ixtisas təhsili bazasında az tələbat olan
ixtisaslar üzrə pedaqoji kadr hazırlığının zəruri
olub-olmamasının təhlilini aparıb təkliflər
hazırlanmalıdır.
5. "Müəllimlərin işə qəbulu üzrə Qaydalar" qeydiyyatdan
keçirilmək üçün Ədliyyə Nazirliyinə təqdim edilməlidir.
6. Müəllimlərin işə qəbulunun elektron proqram təminatı
təkmilləşdirilməlidir: ali və orta ixtisas təhsili
müəssisələrini müsabiqə keçirilən ildə bitirənlərin
təhsil sənədləri haqqında məlumat bazasının proqram
təminatına daxil edilməlidir; müsabiqədə iştirak üçün
elektron ərizədəki "şəxsiyyət vəsiqəsinin nömrəsi"nin
Daxili İşlər Nazirliyinin məlumat bazasına qoşulmalıdır;
proqram təminatına daha iki modul- "Müsabiqədən sonra
vakant qalan yerlərə təkrar elektron ərizə qəbulu
modulu" və "Vakant qalan yerlərə əlavə yerləşdirmə
modulu" əlavə edilməlidir.
Son iki ildə respublikanın ümumtəhsil müəssisələrində
işləyən müəllimlərin təhsil sənədləri Təhsil
Nazirliyində ekspertizadan keçirilmişdir. Bu istiqamətdə
işlər ötən ilin yay aylarında Zaqatala, Balakən və Qax
rayonlarında başlanmışdır. Həmin vaxt nazirliyin
komissiyası tərəfindən yerdə aparılmış araşdırma zamanı
qeyd edilən rayonlarda 27 nəfərin saxta diplomla müəllim
işlədiyi müəyyən edilmişdir. Saxta diplom əldə etmiş
şəxslərdən 1-i Qax, 2-si Balakən və 24-ü Zaqatala
rayonunda aşkar olunmuşdur.
Eyni zamanda diplomu mövcud qaydada Təhsil Nazirliyində
tanınmayan 39 nəfər Qax, 53 nəfər Balakən, 116 nəfər
Zaqatala, özəl ali məktəblərin arayışları ilə 13 nəfər
Balakən, 20 nəfər Zaqatala, qanunsuz (lisenziyası
olmadan) fəaliyyət göstərən ali və orta ixtisas
müəssisələrinin məzunlarından 2 nəfəri Balakən, 14
nəfəri Zaqatalada ümumi təhsil müəssisələrində pedaqoji
işə qəbul edilmişdir.
Bundan sonra 10 məcburi köçkün rayonunda da müəllimlərin
diplomları ekspertizadan keçirilmiş və daha 51 saxta
təhsil sənədi ilə işləyən müəllim aşkar edilmişdir.
Müəyyən edilmiş faktlara hüquqi qiymət verilməsi üçün
sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna
göndərilmiş, həmin müəllimlərlə bağlanmış əmək
müqavilələri ləğv olunmuş, hətta Zaqatala Rayon Təhsil
Şöbəsinin müdiri Tahir Məmmədov tutduğu vəzifədən azad
edilmişdir.
2011-ci ilin may-avqust aylarında respublikanın 25
rayonundan müəllimlərin təhsil sənədləri nazirliyin
müvafiq komissiyası tərəfindən araşdırılmışdır. Nəticədə
20 rayonda 92 müəllimin saxta diplomla işlədiyi müəyyən
edilmişdir. 25 rayonda isə 303 müəllimin diplomla deyil,
arayışla, qanunsuz fəaliyyət göstərən təhsil
müəssisələrinin verdiyi diplomlarla və ya xarici
ölkələrdən aldıqları, lakin qanunvericiliyə uyğun olaraq
ekvivalentliyi müəyyən edilməmiş diplomlarla işlədiyi
aşkar edilmişdir.
Saxta təhsil sənədləri də hüquqi qiymət verilməsi üçün
Baş Prokurorluğa göndərilmişdir. Bu məqsədlə yerli
təhsil idarəetmə orqanlarına müvafiq məktub hazırlanmış
və həmin diplom sahibləri ilə bağlanmış əmək
müqavilələri ləğv edilmişdir.
Bu proses davam etdirilmiş və 2011-2012-ci dərs ilinin
əvvəlində daha 25 rayon və şəhərin ümumtəhsil
müəssisələrinin pedaqoji işçilərinin təhsil sənədləri də
nazirlikdə ekspertizadan keçirilmişdir. Nəticədə 312
nəfərin saxta diplomla, 331 nəfərin özəl təhsil
müəssisələrinin arayışları, müxtəlif kursların
vəsiqələri ilə, diplomu mövcud qaydada Təhsil
Nazirliyində tanınmamış və qanunsuz (lisenziyası olmadan)
fəaliyyət göstərən təhsil müəssisələrinin verdiyi
diplomlarla işlədiyi müəyyən edilmişdir.
Beləliklə, Təhsil Nazirliyi tərəfindən indiyədək
keçirilən ekspertizanın yekunlarına görə saxta təhsil
sənədləri ilə işləyənlərin sayı 482 nəfər, qanunsuz
fəaliyyət göstərən müəssisələrin diplomları ilə
işləyənlərin sayı 260 nəfər, leqallaşdırılmamış diplomla
işləyənlərin sayı 468 nəfər, özəl təhsil müəssisələrinin
arayışları ilə işləyənlərin sayı 116 nəfər və müxtəlif
kursların vəsiqələri ilə işləyənlərin sayı 54 nəfər
olmuşdur.
Bu istiqamətdə işlər Təhsil Nazirliyi tərəfindən davam
etdirilməlidir. Eyni zamanda saxta diplomla, habelə
qanunsuz (lisenziyası olmadan) fəaliyyət göstərən təhsil
müəssisələrinin verdiyi diplomla müəllim işləyənlərlə
əmək müqaviləsinin ləğvi barədə rayon (şəhər) təhsil
şöbələrinə (idarələrinə) müvafiq məktub göndərilməlidir.
Qeyd olunanları nəzərə alaraq
ƏMR EDİRƏM:
1. 2011-2012-ci tədris ilində respublikanın ümumi təhsil
müəssisələrində vakant yerlərə müəllimlərin işə qəbulu
üzrə müsabiqənin nəticələrinə dair Təhsil Nazirliyinin
03.12.2011-ci il tarixli kollegiyasının qərarı rəhbərlik
və icra üçün qəbul edilsin.
2. Aparatın rəhbəri (İ.Pirməmmədov), Ali və orta ixtisas
təhsili şöbəsi (İ.Mustafayev), Strateji təhlil,
planlaşdırma və kadrların idarə olunması şöbəsi
(F.Qədirov), Texniki peşə təhsili şöbəsi (N.Məmmədov),
Ümumi şöbə (X.Fərəcov):
2.1. Müəllimlərin işə qəbulunda yeni mexanizmlərin
tətbiqi məqsədilə "Respublikanın ümumi təhsil, ilk
peşə-ixtisas təhsili və orta ixtisas müəssisələrinə
müəllimlərin vakant yerlərə işə qəbulu Qaydaları"nın
işlənib hazırlanmasını təmin etsinlər və qeydiyyatdan
keçmək üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə
təqdim etsinlər.
2.2. Tələbat nəzərə alınmaqla qoşaixtisaslı müəllim
kadrlarının hazırlanması üçün ali təhsilin Maarif
istiqaməti üzrə ixtisas siyahısına əlavələr edilməsinə
dair təkliflər hazırlayıb təqdim etsinlər.
2.3. Orta ixtisas təhsili bazasında az tələbat olan
ixtisaslar üzrə pedaqoji kadr hazırlığının zəruri
olub-olmamasının təhlilini aparsınlar və təkliflər
hazırlayıb təqdim etsinlər.
2.4. Araşdırılma nəticəsində təsdiq olunmuş faktlar
əsasında saxta diplomla, habelə qanunsuz (lisenziyası
olmadan) fəaliyyət göstərən təhsil müəssisələrinin
verdiyi diplomla müəllim işləyənlərlə əmək müqaviləsinin
ləğvi barədə rayon (şəhər) təhsil şöbələrinə
(idarələrinə) və müvafiq təhsil müəssisələri
rəhbərlərinə məktub göndərilməsini təmin etsinlər.
3. Pedaqoji profilli ali və orta ixtisas təhsili
müəssisələrinin rəhbərləri müəllimlərin işə qəbulu üzrə
yeni qaydalar barədə məzunlara ətraflı məlumat
verilməsini və geniş izahat işi aparılmasını, həmçinin
onlara diplomların vaxtında verilməsini təmin etsinlər.
4. Yerli təhsili idarəetmə orqanlarının və Təhsil
Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil
müəssisələrinin rəhbərləri:
4.1. Müəllimlərin işə qəbulunun nəticələri barədə Təhsil
Nazirliyinin 03.12.2011-ci il tarixli kollegiya
qərarından və bu əmrdən irəli gələn vəzifələrin yerinə
yetirilməsini və müvafiq izahat işlərinin aparılmasını
təmin etsinlər.
4.2. Müəllimlər arasında dərs bölgüsünün Azərbaycan
Respublikası Nazirlər Kabinetinin "Təhsil
müəssisələrinin pedaqoji işçilərinin dərs yükü
normalarının müəyyən edilməsi haqqında" 24.11.2010-cu il
tarixli, 215 nömrəli Qərarına uyğun aparılmasını təmin
etsinlər.
4.3. Hər tədris ili başa çatdıqdan sonra 10 gün ərzində
vakant yerlər barədə məlumatı müəyyənləşdirilmiş forma
üzrə nazirliyin Strateji təhlil, planlaşdırma və
kadrların idarə olunması şöbəsinə təqdim etsinlər.
4.4. Əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər şamil
olunmaqla kənd yerlərindəki ümumi təhsil müəssisələrinə
işə qəbul olunmuş pedaqoji kadrlara Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 14.04.2010-cu il
tarixli, 67 nömrəli qərarına uyğun həvəsləndirmə
tədbirlərinin tətbiqi ilə bağlı məsələləri həll
etsinlər.
4.5. 2011-2012-ci tədris ilində işə qəbul olunmuş
müəllimlər haqqında və hazırda ciddi ehtiyac üzrə vakant
yerlər haqqında məlumatları hazırlayıb qısa müddətdə
nazirliyə təqdim etsinlər.
4.6. Vaxtilə mövcud təlimati sənədlərinin tələblərinə
zidd olaraq özəl təhsil müəssisələrinin verdiyi arayışla
işə qəbul edilmiş pedaqoji kadrların müvafiq
sənədlərinin bir daha araşdırılmasını, bu günədək təhsil
sənədi olmayanlarla əmək müqaviləsinin ləğvini təmin
etsinlər. Ötən illər ərzində təhsil sənədi almış bu
kateqoriyadan olan pedaqoji işçilərin diplomlarını
araşdırsınlar və nazirliyə yazılı məlumat təqdim
etsinlər.
4.7. 1992-ci ildən etibarən xarici ölkələrdə ali təhsil
almış şəxslərin diplomlarının nostrifikasiya edilməsi
(ekvivalentliyinin tanınması) məqsədilə mövcud qaydada
müvafiq sənədlərin nazirliyə təqdim olunması
istiqamətində tədbirlər görsünlər.
4.8. Müxtəlif kursların vəsiqələri ilə işləyən şəxslərlə
bağlanmış əmək müqavilələrinin ləğvini təmin etsinlər.
5. Strateji təhlil, planlaşdırma və kadrların idarə
olunması şöbəsi (F.Qədirov):
5.1. Hər il iyul ayının 1-dək vakant yerlər barədə
məlumatların təhlilini aparsın, nazirliyin rəsmi
İnternet saytında və "Azərbaycan müəllimi" qəzetində
elanların verilməsini, o cümlədən həvəsləndirmə
tədbirləri tətbiq olunan vakant yerlərin elanda
reqlamentlə müəyyənləşdirilmiş qaydada göstərilməsini
təşkil etsin.
5.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14
aprel 2010-cu il tarixli, 67 nomrəli qərarına uyğun
növbəti tədris ili üçün əlavə güzəşt və stimullaşdırıcı
tədbirlər tətbiq olunan limit yerlərini müəyyənləşdirsin
və iyun ayının 15-dək Azərbaycan Respublikası Maliyyə
Nazirliyinə təqdim etsin.
5.3. Müsabiqənin keçirilməsi üçün müvafiq ixtisaslar
üzrə işçi qruplarının yaradılmasını və "Test bankı"nın
hazırlanmasını təmin etsin.
5.4. Müəllimlərin işə qəbulu üzrə müsabiqələrin
keçirilməsi məqsədilə müasir infrastruktura malik "Kadr
Təminatı və Təlim Mərkəzi"nin yaradılmasına dair
təkliflər hazırlayıb təqdim etsin.
5.5. Müəllimlərin işə qəbulunun elektron proqram
təminatının təkmilləşdirilməsi, o cümlədən ali və orta
ixtisas təhsili müəssisələrini müsabiqə keçirilən ildə
bitirənlərin təhsil sənədləri haqqında məlumat bazasının
proqram təminatına daxil edilməsi, müsabiqədə iştirak
üçün elektron ərizədəki "şəxsiyyət vəsiqəsinin
nömrəsi"nin Daxili İşlər Nazirliyinin məlumat bazasına
qoşulması, proqram təminatına daha iki modulun -
"Müsabiqədən sonra vakant qalan yerlərə təkrar elektron
ərizə qəbulu" və "Vakant qalan yerlərə əlavə
yerləşdirmə" modullarının əlavə edilməsi üçün tədbirləri
həyata keçirsin.
5.6. Təhsil Problemləri İnstitutu ilə birgə şagird
kontingenti az olan məktəblərin kadr təminatının təhlil
edilməsi və qoşaixtisaslı müəllimlərin hazırlanması üçün
məqsədli yenidənhazırlanma təhsilinin təşkilinə dair
təkliflər hazırlayıb təqdim etsin.
5.7. Müəllimlərin işə qəbulunun tənzimlənməsi ilə
əlaqədar əmək qanunvericiliyindən və işə qəbul üzrə
mövcud qaydalardan irəli gələn tələblərə ciddi riayət
olunmasını yerli təhsili idarəetmə orqanlarının və ümumi
təhsil müəssisələri rəhbərlərinin nəzərinə çatdırılması
istiqamətində tədbirlər görsün.
5.8. Müəllimlərin müsabiqədənkənar işə qəbuluna yol
vermiş yerli təhsili idarəetmə orqanları və ümumi təhsil
müəssisəsi rəhbərləri barəsində ən ciddi intizam tənbehi
tədbirlərinin tətbiq edilməsinə dair təkliflər versin.
6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu əmrin
"Azərbaycan müəllimi" qəzetində və "Təhsil xəbərləri"
məcmuəsində dərc olunmasını təmin etsin.
7. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
30 yanvar 2012-ci il |