Yanvarın
27-də Təhsil Nazirliyində müşavirə keçirilib.
Müşavirəni giriş sözü ilə açan təhsil naziri Misir
Mərdanov tədbirin gündəliyi barədə iclas iştirakçılarına
məlumat verib. Nazir müzakirə olunacaq əsas məsələnin
elektron xidmətlərin təşkili ilə əlaqədar müvafiq
sənədlərin icrası və qarşıda duran vəzifələr olduğunu
bildirib.
Təhsil naziri Azərbaycan Respublikası Prezidentinin
"Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin
təşkili sahəsində bəzi tədbirlər haqqında" 2011-ci il 23
may tarixli fərmanına əsasən nəzərdə tutulan
məsələlərdən söz açıb. Nazir bu sənədin dövlət
idarəçiliyinin müasir prinsiplər əsasında həyata
keçirilməsi, informasiya-kommunikasiya
texnologiyalarından istifadə olunması baxımından mühüm
əhəmiyyətini və müvafiq tapşırıqların yerinə
yetirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra Misir Mərdanov müvafiq fərmanın birinci
hissəsinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikası Nazirlər Kabinetinin "Mərkəzi icra
hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə
elektron xidmətlər göstərilməsi qaydaları"nın və "Elektron
xidmət növlərinin siyahısı"nın təsdiq edilməsi haqqında"
qərar imzaladığını deyib. Nazir bu siyahıda Təhsil
Nazirliyi tərəfindən göstəriləcək elektron xidmət
növlərinin müəyyənləşdirildiyini nəzərə çatdırıb, həmin
sənədə bir sıra əlavələrin daxil edilməsi barədə
təkliflər verildiyini bildirib. Eyni zamanda Misir
Mərdanov "Elektron xidmət növlərinin siyahısı"na uyğun
olaraq Təhsil Nazirliyinin İnternet saytının müvafiq
bölməsində verilmiş məlumatların mütəmadi
yeniləşdirilməsinin və təkmilləşdirilməsinin
zəruriliyini qeyd edib.
Nazir elektron sənəd dövriyyəsi və elektron imzanın
tətbiqini də elektron xidmətlər sahəsində əhəmiyyətli
məsələlər kimi dəyərləndirib və bu sahədə müvafiq
işlərin görülməsinin labüd olduğunu nəzərə çatdırıb.
Qarşıda duran vəzifələrdən danışan təhsil naziri müvafiq
struktur bölmə rəhbərlərinə qeyd edilən məsələlərin
yaxın müddətdə həll edilməsi, lazımi tədbirlərin
reallaşdırılması və "Qaynar xətt" xidməti telefonlarının
üçrəqəmli sistemə keçirilməsi ilə bağlı tapşırıqlar
verib.
Sonra Təhsil Nazirliyinin nəzdindəki Təhsil Sisteminin
İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov
elektron xidmətlərin göstərilməsinin təşkili
istiqamətində mövcud təcrübədən söz açıb, milli təhsil
məlumat bazasının yaradılması üzrə mühüm nailiyyətlər
əldə olunduğunu və hazırda bununla bağlı iş aparıldığını
söyləyib. S.Məmmədov "Elektron xidmət növlərinin
siyahısı"nda əksini tapan məsələlər və əlavələrlə bağlı
fikirlərini də bildirib.
ULTRA" şirkətinin prezidenti Tahir Mirkişili İKT-nin
insan həyatında oynadığı roldan söz açaraq Təhsil
Nazirliyinin müvafiq sahədə həyata keçirdiyi layihələrin
müstəsna əhəmiyyət daşıdığını deyib. O, məktəblərin İKT
avadanlıqları ilə təmin edilməsi, Data Mərkəzin
yaradılması, müəllimlər üçün təlimlərin keçirilməsi,
müəllimlərin işə qəbulu prosesində elektron mexanizmin
tətbiqi və digər bu kimi istiqamətlər üzrə
irəliləyişləri xüsusi qeyd edib. T.Mirkişili, həmçinin
Təhsil Nazirliyi daxilində elektron sənəd mübadiləsinin
yaradılması, elektron imzanın tətbiq edilməsi ilə bağlı
təkliflərini nəzərə çatdırıb.
Müşavirədə təhsil naziri Misir Mərdanov müvafiq struktur
bölmə rəhbərlərinə cari məsələlərlə bağlı bir sıra
tövsiyə və tapşırıqlarını verib. |