Yaxın vaxtlarda Gəncədəki uşaq evi tamamilə yeni
görkəmdə istifadəyə veriləcəkdir.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə burada əsaslı
şəkildə təmir və yenidənqurma işləri aparılır. Ərazidə
ikisi 2 mərtəbəli, biri isə 1 mərtəbəli olmaqla 3 yeni
korpus inşa edilir. İnşası başa çatmış ikimərtəbəli
korpuslardan biri qızlar, digəri isə oğlanlar üçün
yataqxana olacaqdır.
Artıq təmir işləri başa çatdırılmış binalar lazımi
inventarla təmin edilmişdir. Binaların qızdırılması üçün
ayrıca qazanxana inşa olunmuş, mətbəx və yeməkxana
müasir avadanlıqla təchiz edilmişdir.
Gəncə Şəhər Təhsil İdarəsindən AzərTAc-a bildirmişlər ki,
təmir və yenidənqurma işləri yüksək səviyyədə həyata
keçirilir. Burada qapalı idman zalı ilə bərabər açıq
havada idman meydançası da tikilmiş, 8 və 16 tonluq su
anbarları, ayrıca elektrik yarımstansiyası inşa
olunmuşdur.
Uşaq evi yaxın günlərdə istifadəyə veriləcəkdir. |