Azərbaycan hökuməti ali təhsil müəssisələrində ödənişli
təhsil alan məcburi köçkünlərlə bağlı qərar qəbul
etmişdir.
Nazirlər Kabinetindən AzərTAc-a bildirmişlər ki, hökumət
dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla
təhsil alan məcburi köçkünlərlə onlara təhsil xidmətləri
göstərən dövlət ali təhsil müəssisəsi arasında yaranan
münasibətlərə dair "Dövlət ali təhsil müəssisəsi ilə
ödənişli əsaslarla təhsil alan, "Qaçqınların və məcburi
köçkünlərin statusu haqqında" qanuna uyğun olaraq
məcburi köçkün statusu olan Azərbaycan Respublikasının
vətəndaşı arasında Nümunəvi Fərdi Müqavilə" formasını
təsdiq etmişdir. Qərarla həmin məcburi köçkünlərə
təhsil xidmətləri göstərən ali təhsil müəssisəsi ilə
Təhsil Nazirliyi arasında yaranan münasibətlərə dair
"Təhsil xidmətlərinin dəyərinin dövlət büdcəsinin
vəsaiti hesabına ödənilməsi barədə Nümunəvi Çərçivə
Müqaviləsi" də təsdiq olunmuşdur.
Təhsil Nazirliyi Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsi, Tələbə Qəbulu üzrə Dövlət
Komissiyası və dövlət ali təhsil müəssisələrinin
rəhbərləri ilə birlikdə müvafiq tədris ili üçün
ayrı-ayrı ixtisaslar üzrə dövlət ali təhsil
müəssisələrinin bakalavriat və magistratura
səviyyələrinə ödənişli əsaslarla qəbul olunmuş məcburi
köçkünlərin adlı siyahısını hər il oktyabrın 1-dək
Maliyyə Nazirliyinə təqdim etməlidir.
Məcburi köçkünlərin statusunda və təhsil formasında il
ərzində dəyişiklik baş verdikdə, həmin şəxslər barədə
müvafiq məlumatların 1 ay müddətində Maliyyə Nazirliyinə
təqdim olunması və dövlət büdcəsindən həmin şəxslər üçün
ayrılmış vəsaitin istifadə olunmayan hissəsinin büdcəyə
qaytarılması adıçəkilən qurumlar tərəfindən təmin
olunmalıdır.
AzərTAc |