Fevralın 1-də Beynəlxalq Mətbuat Mərkəzində
"Azərbaycanda gedən dinamik inkişaf prosesində gənclərin
rolu" mövzusunda "dəyirmi masa" keçirilmişdir.
AzərTAc xəbər verir ki, Gənclər və İdman Nazirliyinin
Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzinin
təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi dövlət
gənclər siyasətinin uğurlarının və gənclərin cəmiyyətin
ictimai-siyasi və mədəni həyatında iştirakı
məsələlərinin müzakirəsindən ibarət olmuşdur.
Tədbirdə Gənclər və İdman Nazirliyinin nümayəndəsi Zöhrə
Əsgərova və Azərbaycan Milli Elmlər Akademiyasının
Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun
əməkdaşı, fəlsəfə elmləri namizədi Rəna Mirzəzadə çıxış
edərək ümummilli lider Heydər Əliyevin Sərəncamı
əsasında Azərbaycan Gəncləri Gününün təsis edilməsi ilə
bağlı ətraflı məlumat vermişlər.
"Dəyirmi masa"da bu gün gənclərimizin hərtərəfli
inkişafına dövlətimiz tərəfindən göstərilən qayğı
faktlarla diqqətə çatdırılmışdır. Bildirilmişdir ki,
gənc nəslin müasir tələblərə uyğun inkişafı, onun
intellektual potensialının daim zənginləşdirilməsi,
beynəlxalq aləmdə ölkəmizi layiqincə təmsil etməsi
Azərbaycan dövlətinin diqqət yetirdiyi prioritet sahələr
sırasında yer alır. Gənclərlə bağlı dəqiq və hərtərəfli
düşünülmüş siyasət bu nəslin özünüifadəsi üçün imkanlar
yaradır, milli inkişafda onun aparıcı rolunu
şərtləndirir. |