Masallı
rayonunun Kalinovka kəndindəki Sehran Hacıyev adına tam
orta məktəbdə vaxtı ilə burada işləmiş, dünyasını
dəyişmiş müəllimlərin xatirəsini yad etmək üçün tədbir
keçirilib. Tədbiri məktəbin təlim-tərbiyə işləri üzrə
direktor müavini, bu işin təşəbbüskarı və təşkilatçısı
İttifaq Rzayev açaraq mərhum müəllimlərin şəkillərini
əldə edib, onları böyütdüklərini, tərcümeyi-hallarını
topladıqlarını, həmin materiallardan ibarət guşə
yaratdıqlarını bildirib. Tədbirdə dünyasını dəyişmiş
müəllimlərin yaxınları, ətraf kəndlərin məktəb
direktorları, müəllimlər, kənd ictimaiyyətinin
nümayəndələri iştirak ediblər. RTŞ-ın metodisti
H.Hüseynov, məktəb direktorlarından T.İslamov,
Ə.Novruzov, veteran müəllimlərdən Ə.Qədiyev, A.Axundov
və başqaları öz çıxışlarında mərhum müəllimləri bir daha
yad edərək, tədbirin təşkilatçılarına təşəkkürlərini
bildiriblər. Tədbirin sonunda məktəbin direktoru
F.Axundov çıxış edərək keçirilən tədbirin yüksək
səviyyədə təşkil olunması və aparılmasına görə
təşkilatçıya fəxri diplom təqdim edib.
Səid MİRPENCOĞLU |