Ədəbiyyatşünas-tənqidçi,
fəlsəfə doktoru Füzuli Əsgərlinin "Sehrli dünyanın
memarı" (Bakı. ADPU nəşriyyatı, 2012, 444 səhifə) adlı
monoqrafiyası sevimli uşaq yazıçısı Zahid Xəlilin 70
illik yubileyinə həsr edilib. Müəllif bu
monoqrafiyasında yazıçının ədəbi yaradıcılığını -
poeziya, nəsr və dramaturgiyasını geniş təhlil edib.
Tanınmış yazıçının yaradıcılığını elmi-nəzəri aspektdə
araşdıran müəllif, tədqiq etdiyi müxtəlif janrlı
əsərlərin ideya-bədii və sənətkarlıq xüsusiyyətlərinin
açılmasına xüsusi diqqət yetirib. Bu bitkin
monoqrafiyada yazıçının şeiriyyatının musiqi ilə
bağlılığı, qarşılıqlı ədəbi əlaqələr və tərcümə
prosesindəki fəaliyyəti, Azərbaycan və rus ədəbi
tənqidinin Zahid Xəlil yaradıcılığına olan münasibəti
hərtərəfli işıqlandırılıb.
Elmi redaktoru akademik Bəkir Nəbiyev, rəyçiləri
filologiya elmləri doktorları, professorlar Nizami
Cəfərov və Rafiq Yusifoğlu olan "Sehrli dünyanın memarı"
monoqrafiyası səkkiz fəsildən ibarətdir və hər bir
dolğun fəsildə Zahid Xəlilin tədqiq olunmuş müxtəlif
janrlı zəngin yaradıcılığı - poeziya, nəsr, dramaturgiya
və həmçinin digər ədəbi sahələr özünün geniş əksini
tapıb.
Bu dəyərli monoqrafiyanın ilk səhifəsi filologiya
elmləri doktoru, professor Himalay Qasımovun "Bitkin
elmi-tədqiqat əsəri" adlı yazısı ilə açılır. O bu
məqaləsində yazır: "Zahid Xəlil şeirlərindəki təbiilik,
uşaq qəlbinə və körpə dünyasına bələdlik, səmimi hisslər
daha qabarıqdır, müəllifin incə, həssas müşahidələrinin
poetik ifadəsidir. Fərəh doğuran hal budur ki, şair
uşaqlara məxsus saflığı, şirinliyi, gəncliyə məxsus
enerjini və həvəsi öz içində və yaradıcılığında daim
qoruyub saxlaya bilmişdir. Şairin bu gün də eşidilən gur
səsi, təravətli nəfəsi bizə bu qənaətə gəlməyə tam haqq
verir".
Eyni zamanda Himalay müəllim monoqrafiyanın "Uşaqları
söz sehrinə salan şair", "Həm də böyüklərin həmdəmi", "Uşaq
poeziyası musiqi qanadlarında", "Milli uşaq nəsrində ilk
macəra roman janrı", "Uşaq dramaturgiyasının inkişafında
fəaliyyəti", "Qarşılıqlı ədəbi əlaqələrin, bədii
tərcümənin inkişafında rolu" və "Azərbaycan - rus ədəbi
tənqidi Zahid Xəlil yaradıcılığı haqqında" adlı hər bir
fəslini ətraflı təhlil edib...
Bütün bunlarla bərabər monoqrafiya ilə tanış olan hər
bir oxucu Zahid Xəlilin indiki Bakı Dövlət
Universitetinin jurnalistika fakültəsini bitirdiyi,
həyatını bütövlükdə uşaq ədəbiyyatına həsr etdiyi, onun
"Uçan çıraqlar", "Qarışqalar", "Mən rəngləri tanıyıram",
"Göydən üç alma düşdü", "Quşlar, quşlar", "Torağaylar
oxuyur", "Ballıca", "Çıraq nənənin nağılları", "Cırtdanla
Azmanın yeni macəraları", "Mavi dəniz üzərində", "Odlar
yurdunun paytaxtı", "Dünyanın ən balaca nağılları" adlı
kitablarının müxtəlif yaşlı uşaqların, o cümlədən
gənclərin təlim-tərbiyəsində, bədii-estetik zövqünün
formalaşmasında, bilik dairəsinin daha əhatəli şəkildə
genişlənməsində, mənəvi-əxlaqi dəyərlərin
bütövləşməsində mühüm rol oynadığı, Zahid Xəlilin
1970-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin
auditoriyalarında tələbələrə mühazirələr oxuduğu,
filologiya elmləri doktoru olduğu və s. barədə ətraflı
məlumat ala bilər. Eyni zamanda Zahid Xəlilin ədəbi
yaradıcılığı dünya xalqlarının bir çox dillərinə - rus,
Belarus, Litva, latış, eston, moldav, Ukrayna, gürcü,
özbək, qazax, türkmən, eləcə də alman, fin, yuqoslav,
holland, hind və s. dillərə tərcümə olunaraq çoxmillətli
oxucular arasında daha geniş miqyasda tanındığı haqda da
dəyərli məlumatlar əldə edə bilərlər.
İnanırıq ki, ədəbiyyatşünas alim Füzuli Əsgərlinin geniş
oxucu kütləsi üçün nəzərdə tutulan bu kitabının
məziyyətlərini onu oxuyub bəhrələnənlər daha aydın
görəcəklər.
Ədalət DAŞDƏMİRLİ |