Təhsil sistemi
İspaniya
Krallığında yüksək keyfiyyətli və dayanıqlı
təhsil sistemi mövcuddur. Ölkə təhsili dövlət
tərəfindən və özəl fondlar hesabına
maliyyələşdirilir.
İcbari ödənişsiz orta təhsil 6 yaşından 16
yaşına qədər davam edir. Şagirdlərin demək olar
ki, 70 faizi dövlət məktəblərində təhsil alır.
Tələbələrin 96,5 faizi dövlət universitetlərində
oxuyur.
Məktəbəqədər təhsil müəssisələrinə 6 yaşa qədər
olan uşaqlar cəlb edilir. İbtidai təhsil
səviyyəsində 6-12, orta təhsil səviyyəsində
12-16 yaşlı uşaqlar oxuyurlar. Orta təhsil
səviyyəsini başa vuran məzunlar isə öz
təhsillərini texniki və ali məktəblərdə davam
etdirə bilərlər.
3 yaşından 6 yaşına qədər uşaqlar üçün
məktəbəqədər təhsil tam ödənişsiz əsaslarla
aparılır. Orta təhsil dövlət və qeyri-hökumət
təşkilatları tərəfindən maliyyələşdirilir. Ümumi
təhsil xərclərinin 78 faizi dövlət, 22 faizi isə
özəl mənbələr hesabına ödənilir. Təhsil
ödənişsiz olduğundan valideynlər yalnız əlavə
tədris xidmətləri və materiallarını almaq üçün
müəyyən qədər vəsait xərcləyirlər.
1990-cı ildə icbari, ibtidai və orta təhsilin
müasir çərçivə sənədi (Təhsil Qanunu) qəbul
edildikdən sonra icbari təhsil iki hissəyə
ayrılıb: 6 illik ibtidai təhsil dövrü və 4 illik
orta təhsil dövrü.
Məktəbəqədər müəssisələrin, ibtidai və orta
məktəblərin idarəçilik məsələləri yerli
idarəetmə orqanlarının üzərinə düşür. Ölkə üzrə
16 yaşa çatmış uşaqların təxminən 90 faizi tam
orta təhsil alır.
Ölkədə 75 universitet var. Bu universitetlərdən
50-si dövlət, 25-i özəl ali məktəblərdir. 25
özəl universitetdən 7-si isə Katolik kilsəsinin
nəzarəti altındadır. 50 dövlət universitetindən
48-i müstəqil idarəetmə strukturuna malikdir. 2
ali məktəb isə Elm və Təhsil Nazirliyinin
nəzarəti altındadır. Universitetlərdə tələbələrə
qrant və təqaüdlər verilir.
Digər inkişaf etmiş ölkələrin təhsil sistemində
olduğu kimi, İspaniya universitetlərində də elmi
tədqiqat işləri aparılır. İspaniya Milli
Tədqiqat Şurası, Nüvə Enerjisi üzrə Şura,
həmçinin Kənd Təsərrüfatı, Qida Tədqiqatı və
Texnologiyası üzrə Milli İnstitut və aqrar
tədqiqat mərkəzlərində də elmi tədqiqat işləri
həyata keçirilir. Ölkənin ən böyük elmi-tədqiqat
müəssisələri sırasında İspan Akademiyası, Tarix
Akademiyası, Milli Təbabət Akademiyası, Dəqiq,
Fiziki və Humanitar Elmlər Akademiyasının
adlarını çəkə bilərik.
İspaniyada çoxsaylı beynəlxalq məktəb fəaliyyət
göstərir. Bu məktəblər əsasən ödənişli əsaslarla
təhsil təklif edir. Beynəlxalq təhsil
müəssisələrinin bəzilərində yalnız ibtidai
təhsil, müəyyən qismində isə ibtidai təhsillə
yanaşı, həm də məktəbəqədər təhsil və ali təhsil
də verilir. Bu məktəblərin hər birinin ayrıca
tədris proqramı var. Beynəlxalq ali məktəblərə
Amerikanın orta məktəb diplomu ilə də daxil
olmaq mümkündür.
Müəyyən hallarda beynəlxalq məktəblərdə təhsil
alan uşaqlara milli mənşəcə eyni olan müəllimlər
dərs deyirlər. Həmçinin elə ispan məktəbləri var
ki, həmin tədris ocaqlarında da müxtəlif
dillərin, eyni zamanda ingilis və fransız
dillərinin tədrisinə xüsusi önəm verilir.
Ölkənin təhsil sisteminə Elm və Təhsil Nazirliyi
nəzarət edir. Bununla yanaşı, 17 muxtar regionda
təhsil sistemləri yerli qurumlara tabedir.
İspaniyada təhsilin bütün pillələrinin
fəaliyyəti Təhsil Qanunu ilə tənzimlənir.
Məktəbəqədər təhsil
İspaniyada məktəbəqədər təhsil müddəti hər biri
3 ildən ibarət olmaqla 2 mərhələdən ibarətdir.
Birinci mərhələ 3 aylığından 3 yaşına qədər,
ikinci mərhələ isə 3-6 yaşlı uşaqlar üçün
nəzərdə tutulub. 3 aylıq-3 yaş arası uşaqlar
üçün körpələr evi fəaliyyət göstərir. Körpələr
evi həm özəl, həm dövlət əsaslı ola bilər. 3-6
yaş qrupunda olan uşaqlar isə məktəbəqədər
təhsil müəssisələrinə cəlb olunur.
Təhsildə Keyfiyyətə dair Əsas Qanun 2002-ci ildə
qəbul edildikdən sonra 3-6 yaşlı uşaqlar üçün
məktəbəqədər təhsil ödənişsiz əsaslarla aparılır.
Dövlət məktəbəqədər təhsil müəssisələrindən
əlavə İspaniyada uşaqlara özəl qayğı mərkəzləri
də fəaliyyət göstərir.
Özəl məktəbəqədər təhsil müəssisələrinin ödəniş
xərcləri baha olduğundan, valideynlər öz
uşaqlarını dövlət məktəbəqədər təhsil
müəssisələrinə verməyi üstün tuturlar. Onu da
qeyd edək ki, valideynlər dövlət məktəbəqədər
təhsil müəssisələrinə də maliyyə yardımları
edirlər. Belə ki, valideynlər müəyyən hallarda
əlavə xidmətlər və materiallar üçün məktəbəqədər
müəssisələrə pul ödəyirlər.
Müəyyən hallarda məktəbəqədər təhsil dövrü
ibtidai təhsil mərhələsinin ayrılmaz hissəsi
hesab edilir. Belə ki, uşaqlar üçün ibtidai
məktəbin I sinfinə daxil olmazdan əvvəl
məktəbəqədər müəssisələrdə hazırlıq sinifləri
təşkil olunur.
İbtidai təhsil
İspaniyada ibtidai təhsil icbari xarakter
daşıyır. İbtidai təhsil səviyyəsinə 6-12 yaşlı
uşaqlar cəlb edilir.
İbtidai təhsil səviyyəsində dərslər saat
9:00-dan 17:00-a qədər davam edir. Günorta
saatlarında uşaqlar üçün 3 saatlıq fasilə olur.
Uşaqların əksəriyyəti nahar saatlarında evə
gedirlər. Evə getməyən uşaqlara isə məktəbdə
nahar verilir.
Tədris ocaqlarında şagirdlərin nahar
fasilələrini məktəbdə keçirmələri üçün hər cür
şərait yaradılır. Bu vaxt ərzində şagirdlərin
məktəb kurikulumundan kənar fəaliyyətlə məşğul
olmasına da imkan verilir.
İbtidai təhsil pilləsində dərs ili üçün nəzərdə
tutulan təlim nəticələrinə nail ola bilməyən
şagirdlər eyni proqramı yenidən oxuyurlar. Bu
şans şagirdlərə yalnız bir dərs ili üçün verilir.
Orta təhsil
Ümumi orta təhsil dövrü 6-16 yaşlı uşaqları
əhatə edir. Bu dövr icbari xarakter daşıyır.
İcbari orta təhsil dövrünü uğurla başa vuran
şagirdlər orta təhsildən sonrakı mərhələyə qədəm
qoyurlar. Bu təhsil mərhələsinin sonunda
şagirdlərə orta təhsil müddətini bitirməyi
təsdiq edən sertifikat verilir. Bu sənəd ali
məktəblərə qəbul olmaq və yaxud da texniki peşə
təhsili almaq istəyən məzunlar üçün zəruri hesab
olunur.
Orta təhsil mərhələsində isə 12-16 yaşlı
şagirdlər təhsil alır. 4 illik bu mərhələnin özü
də iki hissədən ibarətdir. Birinci mərhələ
12-14, ikinci mərhələ isə 14-16 yaşlı uşaqları
əhatə edir.
Orta təhsil mərhələsində təbiət fənləri, sosial
elmlər, tarix, coğrafiya, fiziki tərbiyə,
plastika, təsviri incəsənət, ispan dili, xarici
dil, ədəbiyyat, riyaziyyat, musiqi və
texnologiya fənləri tədris olunur.
Orta məktəblərdə şagirdlər texniki peşə təhsili
sahəsində ilkin peşə təliminə də yiyələnə
bilərlər. Orta məktəb şagirdlərinə dini təlim də
verilir. Bəzi təhsil müəssisələrində incəsənət
və xarici dillərin tədrisi üçün xüsusi sistemlər
mövcuddur.
Texniki peşə təhsili
İspaniyada texniki peşə təhsili sahəsində XX
əsrin son onilliyi ərzində mühüm dəyişikliklər
baş verib. 1990-cı ildə təhsil sistemində
islahatlara yol açan Təhsil Qanunu təsdiq
edildikdən sonra peşə təliminin strukturunda da
müəyyən dəyişikliklərin əsası qoyuldu.
Həyata keçirilməsi nəzərdə tutulmuş islahatlar
tam başa çatdırılmadığı üçün təhsilin müəyyən
sahələrində köhnə və yeni sistemlər paralel
olaraq qalmaqdadır. 1993-cü və 1998-ci illərdə
qəbul olunmuş iki irimiqyaslı islahat proqramı
sayəsində yeni milli peşə təhsili və milli peşə
təlimi proqramları qəbul edilib. Bu proqramların
əsas məqsədi peşə təlimi və davamlı təhsil
proqramlarının inteqrasiyasına nail olmaqdan
ibarət idi. Bu sahədə görülən tədbirlər peşə
təlimi ixtisaslaşmasının milli sisteminin
yaradılması işinə töhfə verməyə xidmət edir.
İspaniyada əhalinin daha yaşlı hissəsi üçün
texniki peşə təlimi və kadr hazırlığı sistemi
yaradılıb. Peşə hazırlığı proqramları yerli
regional təhsil müəssisələri və işəgötürmə
assosiasiyaları ilə birgə əməkdaşlıq şəraitində
təşkil olunub.
Ali təhsil
İspaniyada ali təhsil sisteminin təşəkkül tarixi
orta əsrlərdən başlayır. Ölkənin ən qədim ali
məktəbi olan Salamanka Universiteti 1218-ci
ildən fəaliyyət göstərir. Hazırda İspaniya ali
məktəblərində təxminən 1,5 milyon tələbə təhsil
alır. Bu isə 46 milyon əhalisi olan ölkə üçün
yüksək göstərici hesab edilir.
Ali təhsil sisteminə Elm və Təhsil Nazirliyi
nəzarət edir. Bununla yanaşı, ölkənin 17 muxtar
regionu üzrə ali təhsil müəssisələrinə yerli
qurumlar cavabdehlik daşıyır.
Ali məktəblərə qəbul olunmaq üçün orta məktəb
məzunları qəbul imtahanı verirlər. Ali təhsil
icbari deyil. Özəl universitetlərdə təhsil
ödənişlidir. Təhsil haqqı kursdan asılı olaraq
dəyişir.
Ali təhsil proqramları bakalavriat, magistratura
və doktorantura pillələrindən ibarətdir. Avropa
Ali Təhsil məkanının tədris sisteminə uyğun
olaraq proqramlar müvafiq təhsil mərhələləri
üzrə bölünür:
Bakalavriat proqramı - ilkin dərəcə proqramı və
ya ümumi ali təhsil istiqamətidir;
Magistratura proqramı - ixtisaslaşmış dərəcə,
həmçinin akademik və ya ixtisas dərəcə
proqramıdır;
Doktorantura proqramı - elmi tədqiqat sahəsində
ən yüksək elmi araşdırma metodlarının
öyrənilməsinə yönəlmiş dərəcə proqramıdır.
Ölkədə 75 universitet var. Bu universitetlərdən
50-si dövlət, 25-i özəl ali məktəblərdir. 25
özəl universitetdən 7-si isə Katolik kilsəsinin
nəzarəti altındadır. 50 dövlət universitetindən
48-i müstəqil idarəetmə strukturuna malikdir. 2
universitet isə Elm və Təhsil Nazirliyinin
nəzarəti altındadır.
Universitetlərdə qarışıq maliyyələşmə mexanizmi
tətbiq edilir. Təhsil xərcləri mərkəzi hökumətin
ayırdığı subsidiyalar, icma qrantları, şəxsi
investisiyalar və ianələr hesabına ödənilir.
Ali məktəbləri tədris imkanlarına görə 4 yerə
ayırmaq olar:
- texniki fənlərdən başqa bütün fənləri tədris
edən ali məktəblərdə hər üç ali təhsil pilləsi
üzrə (bakalavriat, magistratura, doktorantura)
oxumaq olar;
- ali texniki məktəblər də hər üç təhsil
pilləsini (bakalavriat, magistratura,
doktorantura) təklif edir;
- müəyyən peşə istiqamətləri üzrə ixtisaslaşmış
universitet məktəblərində yalnız bakalavriat
pilləsində təhsil almaq mümkündür;
-ali mühəndis məktəblərində isə memar, mühəndis
və texnoloq hazırlanır. Bu tədris ocaqlarında
proqram daha məzmunlu və dərindir. Bu məktəblərə
qəbul olmaq istəyənlər ən ciddi seçimlərdən
keçirlər. Statistikaya görə mühəndislik
məktəblərində birinci kurslarda təhsil alan
tələbələrin üçdə biri kursda qalır. Daxil
olanların dörddə biri isə diplom almağa müvəffəq
olur.
Ölkə universitetlərində akademik il 2 semestrə
ayrılır. Birinci semestr sentyabrın ortalarından
dekabrın axırlarına kimi davam edir. İkinci
semestr isə fevralın ortalarında başlayır və
mayın sonunda başa çatır. Bütün universitetlərdə
təhsil 5-6 il davam edir. Təhsil ispan dilində
aparılır.
Son onillikdə İspaniya universitetlərində təhsil
alan qızların sayı xeyli artıb. Oğlanlarla
müqayisədə qızlar təhsillərini bitirməyə və
diplom almağa daha çox müvəffəq olurlar.
Əcnəbi tələbələr İspaniyada ali təhsil
müəssisələrində oxuyan tələbələrin ümumi sayının
3 faizini təşkil edir. Onlar da əsasən Avropa
İttifaqına daxil olan ölkələrdən gələn
tələbələrdir.
Ali təhsil ciddi bir struktura əsaslanır və
konkret kurikulumlar tətbiq olunur. Tələbələr
tədris müddətində sağlamlıq və ailə vəziyyəti
ilə bağlı ciddi səbəblər olmadan oxuduqları
universitetləri dəyişə bilməzlər.
İspaniyanın ali məktəblərində təhsil almaq üçün
ispan dilini bilmək əsas şərtlərdən biridir.
Odur ki, ölkənin ali məktəblərini seçən
əcnəbilər ispan dili üzrə imtahan verirlər.
Müvafiq imtahanlar mayda və dekabrda keçirilir.
Heç bir fərq qoyulmadan yerli və əcnəbi
tələbələrə qrantların, təqaüdlərin verilməsi də
mümkündür. Təqaüd və qrant alınması üçün rəqabət
digər ölkələrlə müqayisədə daha yüksəkdir.
Universitetlərdə təhsil haqqı yerli əhali və
Avropa İttifaqı ölkələrindən olan tələbələr üçün
xeyli aşağıdır. Universitetlərdə təhsil müddəti
4 il, tibb və bəzi digər ixtisaslar üzrə 6 il
davam edir. Ali təhsildə Boloniya sisteminin
tələbləri əsas götürülür.
İspaniya beynəlxalq aləmdə tanınmış bir çox ali
məktəbləri ilə məşhurdur. Bu ali məktəblər
arasında Komilas Pontifikal Universiteti,
Alfonso El Sabio Universiteti, Madrid
Universiteti, Seville Universiteti, Valensiya
Universiteti, Bask Universiteti, Katolonia
Politexnik Universiteti, Madrid Texniki
Universiteti, Barselona Avtonom Universiteti,
Qranada Universiteti, Alkala Universiteti daha
nüfuzlu hesab olunur. Ali məktəblərin
əksəriyyəti Madrid, Barselona və Valensiya
şəhərlərində yerləşir. Özəl universitetlərin
daha çox hissəsi Madrid şəhərində yerləşir.
Ölkədə qeyri-universitet təhsili verən ali
təhsil müəssisələri də fəaliyyət göstərir. Bu
təhsil müəssisələri sırasına mülki dənizçilik,
turizm, incəsənət və rəqs, mahnı və musiqi,
yüksək səviyyəli biznes məktəbləri və Amerika
məktəbləri daxildir.
Yaşlıların təhsili və davamlı təhsil
1990-cı ildən İspaniyada Yaşlıların Təhsili üzrə
yeni hüquqi çərçivə sənədi qəbul edilib.
Yaşlıların təhsili konsepsiyası ömürboyu təlim
və davamlı təhsil prinsipləri əsasında
hazırlanıb.
İspaniyada yaşlıların təhsili 16 və 18 yaşdan
yuxarı şəxslərin bilik əldə etmək və ya
biliklərini genişləndirmək, o cümlədən fərdi,
eləcə də peşəyönümlü inkişafı, bazar
iqtisadiyyatının tələblərinə uyğun olaraq yeni
peşələrin öyrənilməsi kimi məsələləri əhatə edir.
Bununla yanaşı, orta məktəb təhsili olmayan 25
yaş və daha yuxarı yaşda olan şəxslər
universitetlərin nəzdində təşkil edilən kurslara
daxil ola bilərlər.
Yaşlıların təhsili üzrə universitetlərin
nəzdindəki Milli distant təlim kursları,
Yaşlıların təhsili mərkəzləri, İnnovasiya və
Distant Təlimin İnkişafı Mərkəzinin fəaliyyəti
daha çox nəzərə çarpır. 2008-ci ilin statistik
göstəricilərinə görə, universitetlərin
nəzdindəki yaşlıların təhsili proqramı üzrə
11754 müəllim təhsil, Yaşlıların təhsili
mərkəzlərində 10918 nəfər, yaşlıların təhsili
üzrə özəl mərkəzlərdə isə 836 nəfər təlim alıb.
Elmi tədqiqatlar
İspaniya Milli Tədqiqat Şurası ölkədə elmi
tədqiqat işləri ilə məşğul olan ən böyük dövlət
qurumudur. Bu tədqiqat şurası fəaliyyətinin
həcminə görə Avropa məkanında üçüncü yeri tutur.
Bu qurum İspaniya Elm və Təhsil Nazirliyinin
tabeçiliyində fəaliyyət göstərir. Şuranın əsas
məqsədi elmi və texnoloji axtarışları
dəstəkləmək, tədqiqat işlərinin aparılmasını
stimullaşdırmaqdan ibarətdir. Şura tərəfindən
aparılan elmi tədqiqat işləri ölkə ərazisində
yerinə yetirilən müvafiq fəaliyyətin 20 faizini
təşkil edir.
Şura tərəfindən əsasən humanitar və sosial
elmlər, biologiya və biotəbabət, təbii resurslar,
kənd təsərrüfatı elmləri, fiziki elmlər və
texnologiyalar, qida sənayesi və texnologiya
kimi sahələrin araşdırılmasına üstünlük verilir.
Hazırda Milli Tədqiqat Şurası prioritet
istiqamətlər kimi ümumi dövlət idarəçiliyi,
dövlət və özəl müəssisələrdə elmi texniki
xidmətləri təmin etmək, texnoloji bacarıqlara
malik şəxslərə, şirkətlərə köməklik göstərmək,
tədqiqatçıların hazırlanması, cəmiyyətdə elmi
mədəniyyətin təbliği məsələlərinin təşkili,
müasir texnoloji qurğuların idarə edilməsi üzrə
mütəxəssislərin yetişdirilməsi məsələlərini önə
çəkir. Həmçinin Elm və Təhsil Nazirliyinin
elmi-texniki siyasətinin layihələndirilməsində,
həyata keçirilməsində iştirak etmək, elmin,
texnologiyanın təşviqi, transferi, digər milli
və beynəlxalq təşkilatlarla əməkdaşlıq, eləcə də
yeni elmi tədqiqat mərkəzlərinin, institutların
yaradılması işlərinin aparılması İspaniya Milli
Tədqiqat Şurasının fəaliyyətinin ana xəttini
təşkil edir.
Onu da qeyd edək ki, digər inkişaf etmiş
ölkələrdə olduğu kimi, İspaniya
universitetlərində də elmi tədqiqat işlərinə
geniş yer verilir. Həmçinin, Nüvə Enerjisi üzrə
Şura, Kənd Təsərrüfatı, Qida Tədqiqatı və
Texnologiyası üzrə Milli İnstitut və aqrar
tədqiqat mərkəzlərində də çoxşaxəli elmi
tədqiqat işləri həyata keçirilir. İspan
Akademiyası, Tarix Akademiyası, Milli Təbabət
Akademiyası, Dəqiq, Fiziki və Humanitar Elmlər
Akademiyası da ölkənin ən böyük elmi-tədqiqat
müəssisələri sırasındadır.
Bəşarət MƏMMƏDOV,
Dilrubə BAYRAMOVA
Yazının hazırlanmasında İspaniya Krallığının Elm
və Təhsil Nazirliyinin rəsmi materiallarından
istifadə olunub. |