Ötən ildən başlayaraq ölkəmizin hər yerində təşkil
olunan İKT üzrə təlim kursları peşəkar müəllimlərin
hazırlanmasında mühüm rol oynayır. Bu günlər belə
kurslar rayonumuzda da həyata keçirilir. "2008-2012-ci
illərdə Azərbaycan Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət Proqramı"
çərçivəsində Təhsil Nazirliyi Təhsil Sisteminin
İnformasiyalaşdırılması İdarəsinin və "Mədəd"
təşkilatının təşkilatçılığı ilə həyata keçirilən təlim
kursları iştirakçı müəllimlərin böyük razılığı ilə
qarşılanır.
Təlimçilər Şahin Nağıyev və Aynur Abbaszadə az müddət
ərzində rayon müəllimlərinin rəğbətini qazanmışlar.
Müəllimləri bu kursa cəlb edən əsas amillərdən biri də
təlimçilərin tələbkarlığı, öz peşələrinin mahir
biliciləri olması, mövzu və materialları asan və
anlaşıqlı şəkildə izah etmələridir.
2012-ci il yanvarın 3-dən 8-dək keçirilən həmin təlim
kursunda iştirak etməyim digər həmkarlarım kimi mənim də
həyatımda yaddaqalan hadisə oldu.
Təlim kurslarının bir mühüm əhəmiyyəti də ondan
ibarətdir ki, biz müəllimləri köhnə ənənəvi təhsilin
təkrarlanan, yorucu mərhələlərindən qoparıb, qarşımızda
daha geniş imkan və şərait açan, yenilikləri tətbiq
etməyə, İKT-dən istifadə etməklə daha maraqlı, daha
canlı fəaliyyətə sövq edir.
Təlim zamanı İKT-dən istifadə olunması, müxtəlif
kompüter proqramlarından bəhrələnməklə təqdimatların
hazırlanması, araşdırmaların aparılması, qrup şəraitində
əməkdaşlığın təşkili və s. bizim üçün xüsusilə faydalı
oldu.
Artıq bu təlim kurslarını başa vuran hər bir müəllim öz
dərslərini daha maraqlı, daha canlı qurmaq, interaktiv
təlim metodlarından istifadə etməklə öyrədən və öyrənən
üçün yeni pedaqoji yanaşmaların nə dərəcədə əhəmiyyətli
olduğunu bir daha başa düşdülər.
Bu kiçik qeydlərimin sonunda rayonumuzun bütün təhsil
işçiləri adından həmin təlim kursunun təşkilatçıları və
icraçılarına, xüsusən də təlimçilərə öz dərin
təşəkkürümü bildirir və təlimlərin davamlı olaraq həyata
keçirilməsini arzu edirəm.
Rəna ASLANOVA,
Daşkəsən rayonu Nəsimi adına şəhər
1 nömrəli tam orta məktəbin müəllimi,
əməkdar müəllim |