Azərbaycanın ali təhsil sistemi ilə bağlı yeni layihə
hazırlanır. Layihədə ali təhsil sistemində
maliyyələşdirmə komponentinə uyğun olaraq,
universitetlərə qrantların verilməsi nəzərdə tutulur.
Dünya Bankı (DB) Azərbaycanın ali təhsil sistemi ilə
bağlı yeni beşillik layihə hazırlayır.
Təhsil Nazirliyində "Azərbaycanın təhsil sektorunun
inkişafı layihəsi"nin əlaqələndirmə qrupunun rəhbəri
Elvin Rüstəmov AzərTAc-a bildirmişdir ki, "Azərbaycan
ali təhsil sistemində islahatlar layihəsi"nin üç əsas
komponenti var. Həmin komponentlər ali təhsilin
keyfiyyətinin təminatı, ali təhsil sistemində
maliyyələşdirmə, ali təhsildə tənzimlənmə və
idarəetmədir.
E.Rüstəmov vurğulamışdır ki, ali məktəblərə qrantların
verilməsi bir universitetdə yeganə olan ixtisasın digər
ali məktəblərdə də açılması üçün işlərin görülməsinə
imkan verəcəkdir. İstənilən ali məktəb yeni ixtisas
açmaq üçün qrant təklifi hazırlaya və onu
maliyyələşdirmək üçün təqdim edə bilər.
Layihənin əlaqələndirmə qrupunun rəhbəri demişdir ki,
"Azərbaycan ali təhsil sistemində islahatlar layihəsi"
ötən ilin sonunda hazır ola bilərdi. Amma bu layihəni
ölkə Prezidentinin sərəncamı ilə ötən ildən hazırlanmağa
başlanan Təhsil Strategiyasına uyğunlaşdırmaq məqsədilə
onun tam hazırlanıb başa çatdırılması ilə bağlı
ləngidilir. Fevralda Dünya Bankının təhsil missiyası
Azərbaycana səfər edəcək. Səfər zamanı DB missiyası
layihə ilə bağlı müzakirələr aparacaq və atılacaq
növbəti addımlar dəqiqləşdiriləcəkdir. |