|
Beynəlxalq təhsil xəbərləri |
|
|
Rusiyada repetitorluq ləğv olunacaq |
|
Rusiya
Federasiyasının yeni təhsil qanununa əsasən
ölkədə repetitorluq ləğv olunacaq. Hazırda
yeni təhsil qanunu üzərində işlər davam
etdirilir. "Uçitelskaya qazeta"nın yazdığına
görə, uzun müzakirələrdən sonra qanun layihəsinə
əlavə və dəyişikliklər edilib. Yeni qanun
layihəsinin ən xarakterik cəhəti müəllimlərə
dərs dedikləri məktəblərin şagirdləri ilə pullu
repetitorluq fəaliyyətinin qadağan olunmasıdır.
Qanunda dəqiq yazılıb ki, pedaqoqun əməkhaqqının
miqdarı onun ixtisasından, səmərəli
fəaliyyətindən, fəxri adlardan, dövlət
mükafatlarından asılıdır. Ali məktəblərə qəbul
qaydaları dəyişir, ali məktəblər, ümumtəhsil
məktəbləri və özəl bağçaların
maliyyələşdirilməsinin yeni prinsipləri tətbiq
olunur. Yeni qanun təkcə ali məktəb sistemində
deyil, məktəbəqədər və ibtidai peşə təhsili
sahələrində dəyişikliklərin tətbiqini nəzərdə
tutur. Qanunla təhsilalanların sosial
müdafiəsinə xüsusi diqqət ayrılır, tələbə
təqaüdləri artırılaraq minimum əməkhaqlarına
yaxınlaşdırılır. Qeyri-dövlət təhsil
müəssisələrinin büdcə vəsaitlərindən
yararlanması təmin olunur. Rusiya Dövlət
Dumasının təhsil komitəsinin üzvü Qriqori
Balıxinin sözlərinə görə, qanun layihəsi 2012-ci
il iyulun 1-dən qüvvəyə minəcək. Yeni qanunun
reallaşdırılmasına isə 2012-ci il sentyabrın 1-dən
başlanacaq. |
|
Apple ilk elektron dərsliyini təqdim edib |
|
Amerikanın
Apple şirkəti dəyəri 15 dollar olan ilk elektron
dərsliyin təqdimat mərasimini keçirib. Bu, adi
çap məhsulu olan dərs vəsaitlərinin bazar
qiymətindən aşağıdır. Yeni məhsulun təqdimat
mərasimində çıxış edən şirkətin vitse-prezidenti
Filipp Şiller qeyd edib ki, şagird və tələbələri
yeni biliklərin əldə olunmasının əsl interaktiv,
dinamik və əyləncəli vasitəsi ilə təmin
edəcəklər. Söbhət iPadın həm Amerika
məktəblərində, həm də bütün dünyada geniş
yayılmasından gedir. Şirkətin hesablamalarına
əsasən, bütün dünyanın təhsil müəssisələri 1,5
milyon planşetlərdən istifadə edirlər. Şillerin
sözlərinə görə, elektron dərslik istifadəçilərə
lazımi materialı tez tapmağa, paraqrafları
ayırd etməyə, qeydlər aparmağa, keçilmiş dərslə
bağlı qısa izahat aparmağa və imtahan
biletlərinə hazırlaşmağa imkan verir. Dərslik
paketində pulsuz iBooks Author proqramı
mövcuddur ki, onun köməyi ilə istifadəçi öz
dərsliklərini tərtib edə bilər. Ekspertlər qeyd
edirlər ki, hazırda Amerikada satışda olan bütün
dərs vəsaitlərinin qiyməti 8 milyard dollardan
artıqdır. Elektron dərsliklər bütün təhsil
vəsaitlərinin ümumi payında cəmi 2,8 faiz təşkil
edir. |
|
Venetsiya Universiteti kağız diplomlardan imtina
edir |
|
Venetsiya Universiteti tədris gedişində kağız
sənədlərdən imtina edir. Corriere della Sera
qəzetinin yazdığına görə, bütün kağız sənədlər
elektron sənədlərlə əvəz olunacaq. Bu isə 20000
avro vəsaitə qənaət etməyə imkan verəcək. İlk
növbədə, söhbət elektron qiymət kitabça və
diplomlardan gedir. Tələbələr isə bundan sonra
diplom işlərini çap etdirməyə bilərlər. Yenilik
nəticəsində ətraf mühitə az zərər vurulacaq.
Universitetdə isə diplomların arxivləşdirilməsi
barədə düşünməli olacaqlar. Venetsiya
Universitetinin müəllimlərinin bundan sonra
bürokratik işləri az olacaq, onlar indi qiymət
kitabçalarında qiymətlə yanaşı imza atmayacaqlar.
Universitetin rektoru Karol Karraro qeyd edir ki,
kağızdan qismən imtina edilməsi həm
universitetin büdcəsinə, həm də ətraf mühitə
müsbət təsir edəcək. Yeni dərs ilindən
başlayaraq artıq tələbələrə qiymət kitabçaları
paylanmayacaq, diplomlar isə universitetin
saytında qapalı şəkildə saxlanılacaq.
|
|
Fransa xarici tələbələr üçün qəbul qaydalarını
sərtləşdirir |
|
Fransa
təhsil ictimaiyyəti ölkənin universitetlərində
təhsillərini başa vuraraq bu ölkədə qalmaq
istəyən xarici tələbələr üçün viza qaydalarının
sərtləşdirilməsinə qarşı kəskin etirazını davam
etdirməkdədir. Fransa Təhsil Nazirliyinin
sərəncamına müvafiq olaraq təhsil vizalarını
işçi vizaları ilə əvəz etmək istəyən xarici
tələbələrin ərizələrinə çox sərt rejimdə
baxılacaq. Bundan əlavə, bu cür vizalar yalnız
magistr və daha yuxarı təhsil dərəcələrinə malik
tələbələrə şamil olunacaq. Ali təhsil
məzunlarının bu ölkədə qalma müddəti də 6 aya
qədər azaldılacaq. Onların maliyyə
vəziyyətlərinin təsdiqlənməsinə olan tələblər də
sərtləşəcək.
Bütün bu yeniliklər nə ali təhsil qurumlarının
rəhbərlikləri, nə tələbə birlikləri, nə də
biznes cəmiyyətləri tərəfindən müsbət
qarşılanmayıb. Bundan əlavə, Fransa
Universitetləri Prezidentləri Cəmiyyəti -
Conference des Presidents dTUniversite (CPU)
yeniliyə qarşı minə yaxın imza toplayaraq
hökumətə ərizə ilə müraciət edib. Lakin rədd
cavabı alıb. Rektorların mübarizəsi isə davam
edir. |
|
Gürcüstanda daha keyfiyyətli dərsliklər
istifadəyə veriləcək |
|
Gürcüstanın
Təhsil və Elm Nazirliyi dərslik qriflərinin
seçilməsində ciddi dəyişikliklər tətbiq edib.
Qriflərin seçilməsində yeni yanaşmalar və
prinsiplər işlənib hazırlanıb. Tezliklə
qriflərin seçilməsi üzrə müsabiqə elan olunacaq,
dərsliklərin qiymətləndirilməsinin kriteriyaları,
texniki parametrləri əksini tapacaq. Ölkənin
təhsil və elm naziri Dmitri Şaşkinin sözlərinə
görə, olduqca sərt müsabiqə gedişində ibtidai
təhsil pillələri üçün ən yaxşı dərsliklər
seçilib. 2011-2012-ci dərs ilində I-IV sinif
şagirdləri yeni dərslik planı üzrə və daha
keyfiyyətli dərsliklərlə təhsil alacaqlar. "Bu
bizim təhsil sistemində əldə etdiyimiz ən uğurlu
nailiyyət olacaq" deyən nazir qeyd edib ki, bu
vaxta qədər dərsliklər hər il dəyişib, onlar öz
məzmununa görə keyfiyyətsiz olub. Onun sözlərinə
görə, dərsliklər həddən artıq bahalı olub və
əsas məqsəd əhali üçün məqbul olan qiymətlər
əsasında dərsliklərin çap olunmasını təmin
etməkdir. O, dərsliklərin qiymətlərinin
indikindən 3 dəfə ucuz olacağını deyib.
|
|
Bolqarıstan savadsız gənclərin sayına görə
liderdir |
|
Bolqarıstan savadsız və işsiz gənclərin sayına
görə Avropa Birliyi məkanında liderlik edir.
Həyat keyfiyyətinin öyrənilməsi üzrə Avropa
Fondu tərəfindən qitənin 27 ölkəsində əmək
bazarı, gənclərin iş şəraiti və həyatı
məsələləri ilə bağlı aparılmış araşdırmaların
nəticələri bunu deməyə əsas verir. Mənzil-qərargahı
Dublində yerləşən fondun açıqlamasına əsasən,
Bolqarıstan daha çox təhsili, ixtisas səviyyəsi
olmayan və buna müvafiq olaraq daha çox işsiz
gəncin yaşadığı ölkədir. Təhsili və ixtisası
olmayan və müvafiq iş tapa bilməyən 15-24 yaşlı
gənclər ölkə əhalisinin 21,8 faizini təşkil edir.
Avropa Komissiyasının məşğulluq və sosial
siyasət məsələləri üzrə ali komissarı Laslo
Andorun sözlərinə görə, işsizlik kimi ciddi
problem təkcə Bolqarıstanda deyil. İndi Avropada
gənclər ciddi çağırışlarla üzləşirlər. Əgər AB
məkanında və ayrıca olaraq quruma daxil olan
bütün ölkələrdə ciddi tədbirlər görülməsə, onda
bu nəsli itirmək təhlükəsi yarana bilər.
Gənclər arasında işsizliyin səviyyəsinin
artmasına dünya maliyyə-iqtisadi böhranı da
təsir edib. Lakin Bolqarıstana gəldikdə
ekspertlər qeyd edirlər ki, bütövlükdə əsas
problem təkcə təhsil sisteminin keyfiyyəti ilə
deyil, həm də məktəbəqədər təhsilin vəziyyəti
ilə bağlıdır. Məhz məktəbəqədər təhsildəki
problemlər ölkədəki savadsız, ixtisassız və
işsiz gənclər ordusunun yaranmasını şərtləndirir.
Artıq Bolqarıstan hökuməti gənclərin məşğulluğu
sahəsində bir sıra işlərə başlayıb. 2012-ci ildə
hökumət gənc işsizlərin ixtisaslaşması üçün
xüsusi proqramlar həyata keçirməyi nəzərdə
tutur.
Xarici mətbuat materialları əsasında hazırladı:
Oruc MUSTAFAYEV |
|
|
|
|
|
|
|
|
|
|
|