| 
						
						 Azərbaycan 
						Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də 
						Goranboya səfəri çərçivəsində şahmat məktəbinin 
						açılışında iştirak etmişdir. Dövlətimizin başçısı 
						məktəbin rəmzi açılışını bildirən lenti kəsdi. 
						
						Məlumat verildi ki, məktəbin tikintisinə 2011-ci ilin 
						əvvəlində başlanmışdır. Yüksək səviyyədə aparılmış 
						inşaat işləri ötən ilin sonlarında başa çatdırılmışdır. 
						İkimərtəbəli məktəb Goranboyda uşaqların şahmatın 
						sirlərinə dərindən yiyələnmələri üçün lazımi avadanlıqla 
						təchiz olunmuşdur. Məktəbin ətrafında müasir 
						işıqlandırma sistemi quraşdırılmış, yaşıllıqlar 
						salınmışdır. 
						
						Məlumat verildi ki, şahmat məktəbi əvvəllər məşğələlərin 
						keçirilməsi üçün lazımi şəraiti olmayan binada 
						yerləşirdi. Məktəb üçün şəhərin Heydər Əliyev 
						prospektində ümumi sahəsi 300 kvadratmetr olan yeni bina 
						inşa edilmişdir. Müasir memarlıq üslubunda tikilmiş 
						məktəbin həyətində uşaqların açıq havada şahmat 
						oynamaları üçün də geniş sahə yaradılmışdır.  
						
						Məktəblə tanışlıq zamanı Azərbaycan Prezidentinin 
						diqqətinə çatdırıldı ki, binanın hər iki mərtəbəsində 
						oyun zalları yaradılmışdır. Zallarda eyni vaxtda 50-dək 
						şahmatçı görüş keçirə bilər. Buradakı tədris otaqları 
						lazımi avadanlıqla təchiz olunmuşdur. Şahmatla bağlı 
						biliklərin əldə olunması və müasir yeniliklərin 
						qavranılması üçün ayrıca kompüter otağı da yaradılmışdır. 
						Bu da dərslərin kompüter vasitəsilə keçirilməsinə, ən 
						son yeniliklərin qısa müddətdə öyrənilməsinə şərait 
						yaradır. Məktəbdə Prezident İlham Əliyevin və Heydər 
						Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın 
						təhsilin inkişafına göstərdikləri diqqət və qayğını əks 
						etdirən fotoguşələr yaradılmışdır. Ümumilikdə, məktəbdə 
						494 uşağa şahmat dərsləri keçirilir. 
						
						Qeyd edildi ki, şahmat məktəbi respublika səviyyəli 
						yarışlara da ev sahibliyi etməyə hazırdır. Təsadüfi 
						deyildir ki, Goranboy şahmatçıları son illərdə 
						beynəlxalq və respublika şahmat turnirlərində medal, 
						diplom və kuboklara layiq görülmüşlər. 
						
						Prezident İlham Əliyev məktəbdə yaradılan şəraiti yüksək 
						qiymətləndirdi.  
						
						
						AzərTAc |