| 
						
						 Yanvarın 
						21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 
						Goranboy şəhər 3 nömrəli tam orta məktəbin yeni 
						binasının açılışında iştirak etmişdir. Dövlət başçısı 
						məktəbin rəmzi açılışını bildirən lenti kəsdi. 
						
						Məlumat verildi ki, 420 şagirdin təhsil alacağı rus dili 
						təmayüllü məktəbin binası Heydər Əliyev Fondunun 
						təşəbbüsü ilə inşa olunmuşdur. 
						
						Qeyd edildi ki, məktəbin 1935-ci ildə tikilmiş əvvəlki 
						binası son dövrlərdə tamamilə yararsız və qəzalı 
						vəziyyətdə idi. Təhsil ocağının yeni binasının 
						tikintisinə ötən ilin əvvəllərində başlanmış, bunun üçün 
						0,5 hektar torpaq sahəsi ayrılmışdır. İkimərtəbəli bina 
						qısa müddətdə müasir tələblər səviyyəsində inşa 
						olunmuşdur. 
						
						Prezident İlham Əliyev məktəblə yaxından tanış oldu. 
						Foyedə ulu öndər Heydər Əliyevin, Prezident İlham 
						Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban 
						xanım Əliyevanın təhsilin inkişafına göstərdikləri 
						diqqət və qayğını əks etdirən fotoguşə yaradılmışdır. 
						Məktəbin sinif otaqlarında, laboratoriyalarında və 
						müxtəlif təyinatlı digər otaqlarda yüksək səviyyəli 
						təhsil almaq üçün hər cür şərait yaradılmışdır. 
						 
						
						 Dövlət 
						başçısı siniflərdə dərs prosesi üçün yaradılmış şəraitlə 
						tanış oldu. 
						
						Məlumat verildi ki, məktəbin akt zalı müxtəlif 
						tədbirlərin keçirilməsi üçün əlverişli şəraitə malikdir. 
						Şagirdlər nəzəri biliklərini laboratoriyalarda 
						təcrübələrlə daha da möhkəmləndirəcəklər. 
						
						Prezident İlham Əliyev məktəbin müasir tələblərə cavab 
						verən idman zalında Sinqapurda keçirilən yeniyetmələrin 
						I Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi 
						yarışlarında qızıl medal qazanmış Elmar Muxtarov, 
						idmanın müxtəlif növləri üzrə Goranboydan olan dünya, 
						Avropa və Azərbaycan çempionları və digər gənc 
						idmançılarla görüşdü. Qeyd olundu ki, son illərdə 
						respublikamızın bölgələrində, o cümlədən Goranboy 
						rayonunda da bədən tərbiyəsi və idman hərtərəfli inkişaf 
						edir. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi 
						üçün silsilə və kompleks tədbirlər reallaşdırılır. 
						Xüsusi vurğulandı ki, Prezident İlham Əliyevin 2012-ci 
						ili ölkəmizdə "İdman ili" elan etməsi də bu sahənin daha 
						da inkişafına təkan verəcəkdir.  
						
						Azərbaycan Prezidenti gənc idmançılarla xatirə şəkli 
						çəkdirdi.  
						
						İnformatika otağında yaradılan şəraitlə tanışlıq zamanı 
						bildirildi ki, bütün kompüterlər İnternetə qoşulmuşdur. 
						
						Məktəbin direktoru dövlət başçısına minnətdarlıq edərək 
						dedi:  
						
						-Goranboy camaatı adından Sizə dərin minnətdarlığımı 
						bildirirəm. Mehriban xanıma minnətdarlığımı bildirirəm.
						 
						
						Prezident İlham ƏLİYEV: Sağ olun. Bizdə əfsuslar 
						olsun ki, hələ də qəzalı vəziyyətdə məktəblər vardır.
						 
						
						Direktor: Şəhər 3 nömrəli məktəb yeganə rus dili 
						təmayüllü məktəbdir. Çox bərbad vəziyyətdə idi. İndi 
						uşaqlar böyük sevinc içindədirlər.  
						
						Prezident İlham ƏLİYEV: Rus məktəbi kimi 
						fəaliyyət göstərir. 
						
						Amma burada ruslar azdır.  
						
						Direktor: Azdır. Amma xarici dövlətə gedib orada oxuyub 
						qayıdırlar.  
						
						Prezident İlham ƏLİYEV: Bəli. Əlbəttə, oxumaq 
						lazımdır. 
						
						Rus dilini də bilmək lazımdır.  
						
						Direktor: 61 müəllimimiz vardır. Onların adından Sizə 
						dərin minnətdarlığımı bildirirəm.  
						
						Məlumat verildi ki, məktəbin inzibati otaqları rahatlığı 
						ilə diqqəti cəlb edir. Məktəbin kitabxanasında 5 mindən 
						artıq ədəbiyyat toplanmışdır. Burada Heydər Əliyev 
						Fondunun prezidenti Mehriban xanım Əliyevanın 
						fəaliyyətini əks etdirən guşə də yaradılmışdır. Məktəbdə 
						şagirdlərin asudə vaxtlarının təşkili üçün də hər cür 
						şərait vardır.  
						
						Dövlət başçısı məktəbdə yaradılmış şəraitdən razılığını 
						bildirdi, kollektivə uğurlar arzuladı.  
						
						
						AzərTAc |