Bakıdakı
Namiq Həmzəyev adına 238 nömrəli tam orta məktəbdə
xalqımızın qan yaddaşına əbədi həkk olan 20 Yanvar
faciəsi ilə əlaqədar "Şəhidlərin ruhu bizi mübarizəyə
səsləyir" adlı tədbir keçirildi. Əvvəlcə şəhidlərin
xatirəsinə həsr olunmuş şagirdlərin əl işlərindən ibarət
sərgi nümayiş etdirildi. Dövlət himni ifa olundu. Sonra
20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru İlqar
Talıbov bildirdi ki, 1990-cı il yanvarın 19-dan 20-nə
keçən gecə Bakıda rus imperiyasının törətdiyi qanlı
faciədən 22 il keçir. M.Qorbaçov başda olmaqla Sovet
İttifaqının o vaxtkı rəhbərləri Azərbaycan xalqına
xəbərdarlıq etmədən Bakıya qoşun yeritdilər, böyük faciə
baş verdi. Həmin gecə günahsız, əliyalın insanlar küçədə,
yaşadığı evlərində gülləbaran edildilər. Bu hadisənin
səhəri günü ilk etiraz səsini qaldıran məhz Azərbaycan
xalqının böyük oğlu, ulu öndər Heydər Əliyev oldu.
Ümummilli liderin Azərbaycan xalqının tələbi ilə ikinci
dəfə hakimiyyətə gəlişindən sonra 20 Yanvar hadisəsinə
siyasi qiymət verildi və əsl həqiqət dünyaya bəyan
edildi.
Çıxış edən şagirdlər bildirdilər ki, vətənimizin igid
övladları Azərbaycanın müstəqilliyi və torpaqlarımızın
müdafiəsi uğrunda mərdliklə vuruşaraq şəhid olublar.
Şəhidlik zirvəsinə ucalan qəhrəmanlar heç vaxt ölmürlər,
onlar həmişə ürəklərdə yaşayırlar.
Tədbir şagirdlərin ifasında şəhidlərə həsr olunan
şeirlərlə, mahnılarla, göstərilən səhnəciklərlə başa
çatdı.
***
20 Yanvar faciəsinin iyirmi ikinci ildönümü münasibəti
ilə Bakıdakı 304 nömrəli məktəb-liseydə də anım
mərasimi keçirildi. Tədbirdə öncə Azərbaycan xalqının
müstəqilliyi, suverenliyi, azadlığı, ərazi bütövlüyü
uğrunda qurban getmiş şəhidlərin əziz xatirəsi bir
dəqiqəlik sükutla yad edildi. Dövlət himninin sədaları
altında üçrəngli bayrağımız səhnəyə gətirildi.
Giriş sözü ilə çıxış edən məktəb-liseyn direktoru İradə
Hüseynova 20 Yanvarı Azərbaycan xalqının milli azadlıq
hərəkatı və müstəqillik tarixinin şanlı səhifəsi, milli
şərəf və ləyaqət məktəbi kimi səciyyələndirdi. O, bu
tarixin işğalçı Sovet imperiyasının məhvinə xitam
verdiyini, bütövlükdə zülmə, əsarətə qarşı mübarizə
rəmzinə çevrildiyini xatırlatdı. Xalqımıza qarşı
törədilmiş qanlı terror aktına siyasi-hüquqi qiymət
verilməsində ümummilli lider Heydər Əliyevin müstəsna
xidmətlərindən bəhs edildi.
Tədbirin aparıcıları 20 Yanvar faciəsinin acı
nəticələrindən, şəhid olub əbədiyyətə qovuşan Vətən
övladlarının şücaətindən söz açdılar.
Çıxış edən qonaqlar da 1990-cı ilin qanlı Yanvar
hadisələri haqqında geniş danışaraq təhsil ocaqlarında
belə tədbirlərin keçirilməsini müsbət qiymətləndirdilər.
Qeyd olundu ki, o, vaxtkı Sovet rəhbərlərinin törətdiyi
bu qanlı cinayət aksiyasının xalqımızın milli azadlıq
hərəkatını boğmağa, ərazi bütövlüyümüzün qorunması
naminə haqq səsimizi susdurmağa çalışan antihumanist
siyasətin acı nəticəsidir. Şagirdlər şəhidlərə həsr
olunmuş şeirlər, bayatılar söylədilər, ədəbi-bədii
kompozisiya nümayiş etdirdilər. Sonra məktəb kollektivi
Şəhidlər xiyabanına gedərək şəhidlərin məzarı önünə gül
dəstələri qoydular.
***
Yanvarın 19-da 164 nömrəli orta məktəbdə
Azərbaycan xalqının tarixinə qanlı hərflərlə yazılmış 20
Yanvar faciəsinin 22-ci ildönümü münasibətilə ədəbi-bədii
kompozisiya keçirildi. İlk öncə Dövlət himni
səsləndirildi. Tədbir iştirakçıları şəhidlərin
xatirəsini yad edib, onlara Allahdan rəhmət dilədilər.
Aparıcı Aytac İsgəndərli tədbirin məqsəd və məramından
danışdı. Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri,
torpaqlarımızın 20 faizinin işğal olunmasının
səbəblərini göstərərək, 20 Yanvar faciəsinin dünya
ictimaiyyətinə, beynəlxalq aləmə çatdırılmasında, ona
hüquqi və siyasi qiymət verilməsində Azərbaycan xalqının
ümummilli lideri, ulu öndər Heydər Əliyevin tarixi
xidmətlərini iştirakçıların diqqətinə çatdırdı.
Sonra mərasim keçirilən salonu həzin musiqi sədaları
bürüdü. V sinif şagirdləri - Aytac, Aytən, Xanım, Validə,
Nərmin, Ləman, Nəzrin o müdhiş yanvar gecəsinin
dəhşətlərini əks etdirən "Şəhidlər", "Al bayraq", "Azərbaycan",
"Vətən bayatıları" şeirlərini söylədilər. "Qəhrəmanlar
unudulmur" adlı anım mərasimi "Qalx ayağa, millətim"
mahnısının sədaları altında başa çatdı. Sonra tədbir
iştirakçıları məktəbin foyesində Qanlı Yanvar gününə
həsr edilmiş şəkillərə, hazırlanmış divar qəzetlərinə
tamaşa etdilər.
R.ZİYADOV,
S.SƏFƏROVA |