Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

20 Yanvar 2012 - №03

 

Şəhidlərin xatirəsinə həsr olunmuş xüsusi dərs

 

Artıq neçə illərdir ki, yaxşı bir ənənə yaranıb. 20 Yanvar şəhidlərinin xatirəsinin anıldığı ümumxalq hüzn günü ərəfəsində - yanvarın 19-da ölkəmizin bütün ümumtəhsil məktəblərində ilk dərslər 20 Yanvar hadisələrinə, şəhidlərə həsr olunur. Hər il 20 Yanvar faciəsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə təsdiq edilən tədbirlər planında, eləcə də Təhsil Nazirliyinin müvafiq əmrində öz əksini tapan və keçirilməsi zəruri tədbirlər sırasına daxil edilən bu dərslər müəllimlər tərəfindən məharətlə aparılaraq şəhidlərin ruhuna hörmət və ehtiram, qəhrəmanlıq dərslərinə çevrilir.

Çalışdığım  İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar təmayüllü liseydə yanvarın 19-da 7 "a" sinfində apardığım 20 Yanvar şəhidlərinə həsr olunmuş dərsimiz də çox maraqlı alındı və şagirdlərə dərin təsir bağışladı.

Fəal təlimlə keçdiyim dərs üçün qruplarla iş formasını seçmişdim. Sinif 4 qrupa ayrıldıqdan sonra hər qrupa tanınmış yazıçımız Yusif Vəzir Çəmənzəminlinin əsərlərinin adlarına uyğun "Yurd sevgisi", "Studentlər", "Qızlar bulağı" və "Vaqif" adları verildi. Ətrafında şagirdlərin əyləşdiyi hər qrupun stolunun üzərində şamlar qoyulmuşdu. Şagirdlər ağ şamların üzərinə qan rəmzi olaraq qırmızı şam əridib tökmüşdülər. Hər stolun üstünə 2 qərənfil və Azərbaycanın bayrağı qoyulmuşdu.

Dərs şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlandı. Şagirdlər onların ruhu qarşısında baş əydilər. Sonra onlar xorla "Ancaq qələbə istəyirik" şeirindən bir bəndi söylədilər. Şeirin qalan bəndləri isə qruplar tərəfindən ifa olundu. Sonuncu misranı - "Qələbə, qələbə, ancaq qələbə" sözlərini bütün sinif xorla deyərək şeiri başa çatdırdıq. Belə motivasiyadan sonra şagirdlərə əsas bilgilər - 20 Yanvar hadisələri haqqında məlumat verdim, faciənin səbəblərindən, azadlıq arzusu ilə küçələrə, meydanlara çıxmış əhaliyə qarşı amansız düşmənin - sovet ordusu hissələrinin törətdikləri amansız qırğınlardan danışdım, faciənin miqyası, düşmənin amansızlığı haqqında statistik rəqəmləri, şahidlərin dediklərini diqqətə çatdırdım. Bildirdim ki, 22 il əvvəl başımıza gətirilən bu hadisələr bizi çox sarsıtdı. Amma bu gün fəxr edirik, qürur duyuruq ki, bizim azadlıq yolunda canından keçməyi bacaran belə oğullarımız olub.

Mənim şərhimdən sonra şagirdlərdən Yeganə Əhmədova, Fidan Piriyeva, Tural Məmmədzadə, Bilqeyis Axundova, Ruslan Abbaszadə, Murad Ələsgərov, Tamella Tağıbəyli, Ceyhun İlyaszadə, Aygün Soltanzadə və b. özləri hazırladıqları şeirləri təqdim etdilər.

Onlar ifalarını başa çatdıran kimi kiçik bir səhnə nümayiş olundu: Mən istedadlı şairimiz Zəlimxan Yaqubun 20 Yanvara həsr etdiyi şeirdən bir bəndi söylədim:

Həyatımda ilk dəfə bu qədər qan görürəm,

Qızıl qana bələnmiş sökülən dan görürəm,

Qan içində çalxanan Azərbaycan görürəm,

Yerdən, göydən, dənizdən axırdı şəhid qanı...

Şeiri başa çatdırdıqdan sonra başlarına qara yaylıqlar bağlamış qızlar qarşıma gəlib şeirin ruhuna uyğun bayatılar söylədilər. Dərsin bu anında pessimist əhvali-ruhiyyə optimist ruhla əvəz olundu. Şagirdlər "Bizim gələcəyimiz parlaqdır. Möhtərəm Prezidentimiz İlham Əliyevin tutduğu yol doğru yoldur. Bu yolun sonu bizim azadlığımızla nəticələnəcək. Ona görə ki, haqq-ədalət həmişə öz yerini tapır" söyləyərək qələbəyə inandıqlarını ifadə etdilər.

Bundan sonra dərsdə Klaster üsulundan istifadə olundu. "Qanlı Yanvar" sözü dairə şəklində lövhəyə yazıldı və şagirdlər lövhəyə çıxıb hərəsi onun ucunda yadlarında qalan şəhid adlarını yazdılar.

Dərsin tətbiq mərhələsində isə şagirdlər 20 Yanvar hadisələrinə, şəhidlərə həsr etdikləri referat və inşalardan parçalar söyləyərək 20 Yanvar faciəsi, 22 il öncə ölkədə baş verən hadisələr haqqında biliklərini nümayiş etdirdilər. Sonra yenə onların ifasında şeirlər dinlənildi. Şagirdlər söz alaraq həmin hadisələrə öz qiymətlərini verdilər. Ruslanın fikirləri xüsusilə maraq doğururdu. O dedi: "Heç kim elə bilməsin ki, şəhidlərin ruhu səmalara uçub gedib. Yox, onlar bizim ürəklərimizə qonublar. Biz onların yolunu davam etdirməliyik. Biz bilirik ki, bu azadlıq onların qanı bahasına əldə olunub. Bizim borcumuz bunu yaşatmaq və gələcəkdə davam etdirməkdir".

Dərs boyu Ruslan və Yeganə lövhədə şəkil çəkirdilər. Onların çəkdiyi həmin şəkillərdə tankların altında qalan insanlar təsvir olunmuşdu. Dərsin sonunda hər iki şagirdin yüksək rəsm qabiliyyəti təqdir olundu, onların çəkdikləri şəkillər ətrafında müzakirə aparıldı.

Xatirə dərsimizi Azərbaycanın Dövlət himninin ifası ilə yekunlaşdırdıq. 

Əbadət ƏHMƏDOVA,
İ.Hacıyev adına "Tərəqqi"
texniki-humanitar təmayüllü liseyin
Azərbaycan dili və ədəbiyyat müəllimi

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov