O müdhiş yanvar gecəsində azadlığımız, müstəqilliyimiz
uğrunda canlarını qurban verən neçə-neçə oğul və
qızlarımız arasında məktəblilər - İlqar İbrahimov, Vera
Bessantina, Larisa Məmmədova və başqaları da var idi.
1990-cı ilin 19-20 yanvarında, ayazlı-şaxtalı gecədə 13
yaşlı İlqar qonşuları Nazimin " Zaparojes" markalı
maşını ilə dostları Zakir və Pərvizlə düşmən tanklarının
önünə sinələrini sipər edən soydaşlarımıza ocaq qalayıb
isinmək üçün odun aparırdılar. Bu dəfə onlar tanklarla
üzləşdilər. Maşınlarını saxlayıb qaçmağa başladılar.
İlqar isə arxada qaldı. Düşmən tankı əvvəlcə onların
maşınının üstünə çıxıb əzik-üzük etdi. Sonra da İlqara
bir neçə atəş açaraq onu ölümcül yaraladı. İlqarı
xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək
mümkün olmadı...
1990-cı ildə İlqar İbrahimov Bakının Yasamal rayonundakı
167 nömrəli tam orta məktəbin VII "a" sinfində oxuyurdu.
Vaxtı ilə təhsil aldığı bu məktəb indi onun adını
yaşadır.
Həmişə olduğu kimi, bu gün də İlqarın xatirəsi
müəllimləri, məktəbin şagirdləri tərəfindən böyük hörmət
və məhəbbətlə yad edilir. Məktəbin foyesində onun
haqqında yaradılmış guşədəki barelyefini hər gün tər
çiçəklər bəzəyir.
Bakıdakı İlqar İbrahimov adına 167 nömrəli məktəbin
direktoru Vaqif Quliyev bizimlə söhbət zamanı bildirdi
ki, 20 Yanvar faciəsinin iyirmi ikinci ildönümü təhsil
ocağında bir sıra tədbirlərlə qeyd edildi. Əlbəttə,
həmin gün ilk dərslərimiz 20 Yanvar faciəsinə həsr
olundu. Yanvarın 19-da məktəbin foyesində keçirilən
tədbirdə şəhid İlqarın valideynləri də dəvət olunmuşdu.
20 Yanvar faciəsinə həsr edilən bu tədbirlərimiz
şagirdlərimizdə əsl vətənpərvərlik ruhu aşılayacaqdır...
Həmin gün məktəbdə görüşdüyümüz şəhid İlqar İbrahimovun
Azərbaycan dili və ədəbiyyat müəllimi Sevda Acalova isə
öz sevimli şagirdi haqqında belə dedi:
- O, çox yaraşıqlı, sakit təbiətli bir oğlan idi. Başqa
fənlərə nisbətən ədəbiyyatı daha çox sevirdi. Poeziya
vurğunuydu. Ən əsası isə xalqını, torpağını varlığı
qədər sevən bir gənc idi. Düşmən gülləsinə tuş gələn
İlqar mənim ən vətənpərvər şagirdim idi...
Bəli, indi düz 22 ildir ki, İlqar dünyasını dəyişib.
Onun son və əbədi mənzili bizim and yerimiz olan
Şəhidlər xiyabanıdır.
Allah bütün səhidlərə rəhmət eləsin!
Allah 20 Yanvar faciəsinin baisləri - qorbazovlara,
yazovlara, bakatinlərə lənət eləsin!!!
Ədalət DAŞDƏMİRLİ |