Xalqımızın
azadlıq mübarizəsi tarixinə qanla yazılmış qəhrəmanlıq
səhifəsi kimi düşmüş 20 Yanvar faciəsinin iyirmi ikinci
ildönümü ölkəmizin bütün idarə və müəssisələrində,
təhsil ocaqlarında olduğu kimi paytaxtdakı İ.Hacıyev
adına "Tərəqqi" texniki-humanitar təmayüllü liseydə də
silsilə tədbirlərlə qeyd olundu. Bu məqsədlə liseydə 20
Yanvar hadisələrinə həsr olunmuş şagirdlərin əl
işlərindən və rəsm əsərlərindən ibarət stendlər
hazırlanmış, sinif divar qəzetləri buraxılmış, şagirdlər
tərəfindən referatlar, inşa yazıları yazılmış, dərslər
keçilmiş, şagirdlərin Şəhidlər xiyabanına ziyarəti
təşkil olunmuşdur.
Yanvarın 18-də liseydə faciə qurbanlarının xatirəsinə
həsr olunmuş anım mərasimi və şagirdlərin 20 Yanvar
hadisələrinə dair nə bildiklərini, həmin hadisələrə necə
qiymət verdiklərini nümayiş etdirən "dəyirmi masa"
keçirildi. Anım mərasimi və "dəyirmi masa"nın
keçirildiyi geniş konfrans zalında şəhidlərin xatirəsinə
guşə yaradılmış, şagirdlər tərəfindən yazılmış
referatların nümayişi təşkil olunmuşdu.
Liseyin həm Azərbaycan, həm də rus bölməsi üzrə II-dən
başlamış XI-dək müxtəlif siniflərində təhsil alan
şagirdlərin hazırladıqları həmin referatlarda faciənin
başvermə səbəbləri, onun ürəkağrıdan statistikası,
faciəyə verilən qiymət, o vaxt Moskvada yaşayan ulu
öndər Heydər Əliyevin faciə ilə bağlı verdiyi bəyanat və
s. məsələlər öz əksini tapmışdır.
Anım mərasimi şəhidlərin ruhunun bir dəqiqəlik sükutla
yad olunması və Dövlət himninin ifası ilə başlandı.
Proyektor vasitəsi ilə lövhədə "Qanlı Yanvar" sözləri
yazılmış slayd, Şəhidlər xiyabanından görüntülər nümayiş
olundu. Həzin musiqi ilə müşayiət olunan nümayiş
gedə-gedə növbə ilə çıxış edən şagirdlər 20 Yanvar
hadisələri haqqında məlumat verdilər. Qeyd olundu ki, 20
Yanvarda törədilən qanlı qırğın xalqımızın azadlıq
ruhunu sarsıtmaq üçün mənfur Sovet imperiyasının
rəhbərləri tərəfindən düşünülmüş şəkildə həyata
keçirilmişdir. O vaxt fövqəladə vəziyyət elan olunmadan
Azərbaycana qoşun yeridilmiş, Bakıda və ölkənin müxtəlif
regionlarında əliyalın əhaliyə qanlı divan tutulmuşdur.
Tarixdə misli-bərabəri olmayan bu faciə nəticəsində 131
adam şəhid olmuş, yüzlərlə adam yaralanmış və itkin
düşmüşdür.
Ünlü şairimiz Bəxtiyar Vahabzadənin şəhidlərə həsr
olunmuş şeiri ifa olundu. Sonra şagirdlərdən Bilqeyis
Axundova (VII "a"), Nərmin Əfəndizadə (VIII "a"), Nərmin
Təhməzli (VIII "a") çıxış edərək bildirdilər ki, 20
Yanvar Azərbaycan tarixində qanla yazılmış bir
səhifədir, ancaq o təkcə faciə deyil. Bu tarix
Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli
məfkurəmizin azadlıq istəyinin oyanışı günü idi. Bu
tarix uzun illər Sovet imperiyasının tərkibində qalan
Azərbaycan xalqının öz suverenliyi və azadlığı uğrunda
əsl cəsarət nümayiş etdirdiyi bir tarixdir. Bu tarix həm
də kimin kim olduğunu göstərən növbəti bir imtahan idi.
1990-cı il 20 Yanvar hadisələrindən artıq 22 il keçir.
Keçmiş Sovet dövlətinin həmin gün Azərbaycan xalqına
qarşı həyata keçirdiyi bu terror aktı insanlara qarşı
törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər
tarixində qara səhifə olaraq qalacaqdır.
Çıxışlarda o da qeyd olundu ki, ulu öndər Heydər Əliyev
faciənin baş verdiyi günün səhəri - yanvarın 21-də
Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək baş
verən hadisələrə öz kəskin etirazını bildirmiş, onu
xalqımıza qarşı soyqırımı kimi qiymətləndirmişdir.
Liseyin IX "a" sinif şagirdi Baba Abbasovun tarda, VI
"b" sinif şagirdi Zərnigar Nəbiyevanın isə sazda ifa
etdikləri həzin musiqi nömrələri anım mərasiminin ən
təsirli anları kimi yadda qaldı. Mərasimdə liseyin
istedadlı şagirdləri 20 Yanvar hadisələrinə, şəhidlərə
həsr olunan çoxlu şeir söylədilər, faciə ilə bağlı öz
fikirlərini bildirdilər. Anım mərasimi uşaqların
ifasında "Axı biz neyləmişik?", "Ağla, qərənfil, ağla",
"Bir kərə yüksələn bayraq" şeirləri, "Qalx ayağa
millətim", "Şəhidlər" mahnıları, şagirdlərin vətəni
qorumağa hər zaman hazır olduqlarını bildirmələri və
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Güclü
Azərbaycan hamımızın qürur mənbəyidir" sözlərini xorla
səsləndirmələri ilə başa çatdı.
Mərasimin sonunda çıxış edən "Tərəqqi" liseyinin
direktoru Məhbubə Məmmədova şagirdlərin çıxışını yüksək
qiymətləndirib onların hamıya həyəcanlı anlar
yaşatdığını bildirdi. Kədərli, hüznlü bir gündə həm də
sevindiyini söyləyən direktor bu sevinci şagirdlərin
vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində
liseylərində aparılan işlərin bu gün nəticəsini
görməsindən yarandığını, şagirdlərin timsalında azadlıq
mücahidlərinin ardıcıllarının yetişməsinin onda
məmnunluq hissi doğurduğunu vurğuladı. O qanlı-qadalı
günləri bir daha görməməyimiz, azadlığımızın,
müstəqilliyimizin daimi olması üçün ulu öndərimiz Heydər
Əliyevə borclu olduğumuzu söyləyən M.Məmmədova bu gün
müstəqil Azərbaycanımızın möhtərəm Prezidentimiz İlham
Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində uğurla
inkişaf etdiyini, dünya dövlətləri sırasında layiqli yer
tutduğunu vurğuladı, müəllimlərə, şagirdlərə möhtərəm
Prezidentimizin apardığı uğurlu siyasəti daim
dəstəkləməyi tövsiyə etdi, tədbirin hazırlanmasında
əməyi olan müəllimlərə minnətdarlığını bildirdi.
Anım mərasimi başa çatdıqdan sonra "dəyirmi masa"
ətrafında müzakirələr aparıldı. Tədbiri liseyin tarix
müəllimi Sevda Yarmetova açıb onun məram və məqsədləri
barədə məlumat verdikdən sonra şagirdlər çıxış edərək 20
Yanvar hadisələri ilə bağlı öz fikir və mülahizələrini
bildirdilər, faciənin başvermə səbəblərindən danışdılar,
onu heç vaxt unutmayacaqlarını söylədilər.
Tədbir şagirdlərin şəhidlərin ruhuna and içmələri ilə
yekunlaşdı.
Yusif ƏLİYEV |